BAKI, VOA, Orxan Qədirzadə
Yaxın Şərqdə artan hərbi gərginlik fonunda İran regionda fəaliyyət göstərən ABŞ şirkətlərinə qarşı mümkün zərbələrlə bağlı xəbərdarlıq edib.
VOA xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin enerji obyektlərinə hücum edilərsə, İran qüvvələrinin regionda yerləşən ABŞ şirkətlərinə məxsus və ya ABŞ payı olan müəssisələri hədəf ala biləcəyini açıqlayıb.
Nazir vurğulayıb ki, İran öz enerji infrastrukturu təhlükə altında qalacağı halda cavab zərbələri endirəcək. Bununla yanaşı, Tehran mülki əhalinin yaşadığı ərazilərin hədəfə alınmaması üçün ehtiyatlı davranacağını da bildirib.
Bu açıqlamalar ABŞ prezidenti Donald Trampın İranın “tam məğlub olduğunu və razılaşma istədiyini” bəyan etməsindən sonra səsləndirilib. Tramp qeyd edib ki, belə bir razılaşma təklif olunarsa belə, ABŞ bunu qəbul etməyə bilər.
ABŞ prezidenti həmçinin Vaşinqtonun İranın əsas neft mərkəzlərindən biri olan Xərq adasında hərbi hədəfləri bombaladığını bildirib. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri yaxın vaxtlarda Hörmüz boğazından keçən neft tankerlerini müşayiət etməyə başlayacaq.
Eyni zamanda ABŞ zərbələrinin davam etdiyi bir vaxtda İran İsrailə və bəzi Körfəz ölkələrinə qarşı yeni pilotsuz uçuş aparatları və raket hücumları həyata keçirib.
İranın xarici işlər naziri bu həftə bildirib ki, ABŞ ilə danışıqların bərpası hazırda gündəmdə deyil və ölkəsi lazım bildiyi müddətdə hərbi əməliyyatları davam etdirəcək.