"Tesla" robotaksi xidmətini Mayamidə istifadəyə verib
ABŞ-nin elektromobil istehsalçısı "Tesla" robotaksi xidmətini Florida ştatının Mayami şəhərində istifadəyə verdiyini açıqlayıb. Şirkət bununla pilotsuz sərnişindaşıma xidmətlərini daha da genişləndirməyi hədəfləyir.
VOA xəbər verir ki, "Tesla"nın yaydığı məlumata görə, robotaksi xidməti artıq Mayamidə fəaliyyətə başlayıb.
Şirkət bu addımla avtonom idarəetmə proqram təminatının tətbiqini genişləndirməyə çalışır. Həmin texnologiya robotaksilərdə istifadə olunur və baş icraçı direktor İlon Maskın elektromobillərdən süni intellekt və robot texnologiyalarına yönəlmiş strategiyasının əsas hissələrindən biri hesab edilir.
"Tesla"nın bu addımı robotaksi bazarında rəqabətin gücləndiyi dövrə təsadüf edir. Bu sahədə "Waymo" və "Zoox" kimi şirkətlər də fəaliyyətlərini sürətlə genişləndirirlər.
Şirkət pilotsuz robotaksi xidmətini ilk dəfə iyun ayında Texas ştatının Ostin şəhərində istifadəyə vermişdi. Aprel ayında isə xidmətin Dallas və Hyuston şəhərlərinə də genişləndiriləcəyi açıqlanmışdı.
İlon Mask may ayında bildirmişdi ki, bu ilin sonuna qədər ABŞ-də təhlükəsizlik sürücüsü olmadan tam avtonom avtomobillərin istifadəsinin daha geniş yayılacağını gözləyir.
Bundan əlavə, "Tesla" ikinci rübdə avtomobil tədarükü üzrə bazar proqnozlarını üstələyən rekord nəticələr əldə etdiyini açıqlayıb. Şirkət bunu əsasən Avropa bazarında satışların bərpası ilə əlaqələndirib.