Rusiyanın Suriyadakı Hmeymim və Tartus hərbi bazalarının gələcək taleyi ilə bağlı razılaşmanın əldə olunmasından iki gün sonra, avqustun 11-də Dəməşq Cinayət Məhkəməsi Bəşşar Əsəd və qardaşı Mahir barəsində qiyabi ölüm hökmü çıxarıb. Onlar 2011-ci ilin martında başlayan Suriya inqilabı dövründə suriyalılara qarşı qətl, işgəncə, qanunsuz həbs və digər cinayətlərdə təqsirli biliniblər.
Taliban və Əş-Şəraa təcrübəsi - İntiqam və diplomatiya arasındakı strateji fərq
Hərbi bazalarla bağlı danışıqlar təxminən 18 ay çəkdi və Suriyanın suverenliyini təmin edən, eyni zamanda Rusiyanın nüfuzuna ciddi xələl gətirməyən bir nəticə ilə yekunlaşdı. Lakin Suriya hökuməti Əsədin təhvil verilməsi üçün Moskvaya rəsmi müraciət edəcəyi təqdirdə, bu məsələ hüquqi, siyasi, geosiyasi və iqtisadi maraqların, həmçinin hər iki tərəf üçün yüksək rəmzi dəyər daşıyan amillərin toqquşduğu olduqca çətin və mürəkkəb danışıqlar prosesi tələb edəcək.
Rusiyanın sükutu
Rusiya qlobal miqyasda yaranan rezonansa baxmayaraq, Əsədin təhvil verilməsi məsələsini şərh etməkdən yayınıb; həmçinin Hmeymim və Tartus bazalarına dair anlaşma memorandumu barədə rəsmi bəyanatlarda da bu mövzuya toxunulmayıb.
Əvvəllər Rusiya rəsmilərinin açıqlamalarında bazaların gələcək rolu ilə bağlı irəli sürülən fikirlər elan edilmiş memorandumun mətnindən çox fərqlənmirdi. Praqmatizm və fərqli mövzuların bir-birindən ayrılması əməkdaşlığın bir sıra sahələrində irəliləyişə imkan verdi. Münasibətlərin mərhələli şəkildə yaxşılaşması fonunda Rusiyanın bəyanatları belə bir təəssürat yaratdı ki, Əsədin və digər axtarışda olan şəxslərin təhvil verilməsi mövzusu tərəflərin gizli razılığı ilə ikitərəfli münasibətlərdə ikinci dərəcəli məsələyə çevrilib və Moskvanın onu təhvil vermək niyyəti yoxdur.
2024-cü ilin dekabrında Kremlin sözçüsü Dmitri Peskov Əsədə və ailəsinə humanitar sığınacaq verilməsi qərarının şəxsən Vladimir Putin tərəfindən qəbul edildiyini bildirmişdi. 2026-cı ilin yanvarında Əhməd əş-Şəraa ilə Putin arasındakı danışıqları şərh edən Peskov Əsədin Dəməşqə təhvil verilməsi mövzusunun müzakirə edilmədiyini qeyd etmişdi. Bunun əksinə olaraq, "Reuters" agentliyi o zaman mənbələrə istinadən yeni Suriya hakimiyyətinin Rusiyadan sabiq prezidentin təhvil verilməsini tələb etdiyini yazmışdı.
Hafiz Əsəd Livanı Tehrana necə hədiyyə etdi – faktlar və tarixi sənədlər
Rusiya Xarici İşlər naziri Sergey Lavrov yanvarın 29-da Putin– Əhməd əş-Şəraa sammitində Əsədin təhvil verilməsi mövzusuna toxunulmadığını təsdiqləyərək bildirmişdi: "Bu mövzu artıq uzun müddətdir gündəmə gətirilmir. Suriyalı tərəfdaşlarımız hər şeyin necə baş verdiyini, Bəşşar Əsəd və ailəsinin 2024-cü ilin dekabrında Rusiyaya necə gəldiyini çox yaxşı bilirlər. Həmin vaxt Suriya şəhərlərdə döyüşlərin getdiyi real müharibə içində idi, xalq gərgin vəziyyətdə idi və Əsədin həyatı birbaşa təhlükə altında idi. Tamamilə humanitar səbəblərdən ona bu imkan yaradıldı və o da bundan istifadə etdi".
Əsədin Rusiyadakı fəaliyyətinə qoyulan məhdudiyyətlərə üstüörtülü işarə edən Lavrov əlavə etmişdi: "Daxili işlərimizi izləyirsinizsə görürsünüz ki, Bəşşar Əsəd Suriyanın işlərində heç bir rol oynamır".
Buna qarşı olaraq, Suriya rəsmiləri müxtəlif platformalarda Əsədin təhvil verilməsi tələbinin dayandırılmadığını və müxtəlif səviyyəli görüşlərdə bu məsələnin qaldırıldığını dəfələrlə bəyan ediblər.
Mürəkkəb sınaq və hüquqi maneələr
İki fərqli mövqeyə baxmayaraq, son ölüm hökmü Əsədin təhvil verilməsi məsələsini yenidən aktuallaşdırdı və bu, həm Rusiya, həm Suriya, həm də onların gələcək münasibətləri üçün çoxşaxəli bir sınaqdır.
Hüquqi baxımdan Suriyanın əlində güclü bir alət var: 5 iyun 2023-cü ildə qüvvəyə minmiş "Rusiya ilə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və məhkumların təhvil verilməsi haqqında saziş". Həmin sənədin 2-ci maddəsinə əsaslanaraq Dəməşq Əsədin verilməsi üçün Moskvaya rəsmi tələb göndərə bilər.
Suriya qanunvericiliyi axtarışda olan şəxs həbs edildikdə və ya könüllü təslim olduqda qiyabi məhkəmə qərarına yenidən baxılmasını təmin edir ki, bu da sazişə əsasən şəxsin hökmün yenidən nəzərdən keçirilməsi hüququ ilə uzlaşır. Lakin Suriya hakimiyyəti sazişin 5-ci maddəsinin "f" bəndinə uyğun olaraq ölüm hökmünün icra edilməyəcəyinə dair zəmanət verməlidir. Həmin bəndə görə, tələb olunan cinayətə görə edam cəzası nəzərdə tutulubsa, tələb edən tərəf edam cəzasının tətbiq olunmayacağına dair təhvil verən tərəfi qane edəcək zəmanət təqdim etməlidir.
Moskva isə imtina üçün sazişin 5-ci maddəsinin "c" bəndinə istinad edə bilər; bu bəndə əsasən, tələb edilən şəxsin irqi, cinsi, dini, vətəndaşlığı, etnik mənsubiyyəti və ya siyasi baxışlarına görə təqib edildiyinə dair kifayət qədər əsas olduqda təhvil verilmədən imtina edilir.
Bundan əlavə, Rusiya ikitərəfli sazişlərdən üstün sayılan beynəlxalq insan hüquqları normalarına və BMT-nin 5-ci prinsipinə arxalana bilər: "Heç bir şəxs qanundankənar, məhkəməsiz və ya özbaşına edamın qurbanı ola biləcəyinə dair ciddi əsaslar olduqda məcburi şəkildə geri qaytarıla və ya təhvil verilə bilməz".
Bütün hallarda Suriya tərəfi sazişin 7-ci maddəsinə uyğun olaraq tam hüquqi dosye hazırlamalı, yazılı tələb göndərməli və Moskvanın cavabını gözləməlidir. Əsədin qaytarılması təkcə hüquqi sənədlərlə deyil, həm də intensiv diplomatik və siyasi səylərlə bağlıdır.
Dəyişən yanaşmalar və hərbi bazaların taleyi
Müştərək maraqlar və keçmiş səhifəni bağlamaq istəyi bazalar məsələsində razılaşmaya yol açsa da, Əsədin təhvil verilməsi yeni yanaşmalar tələb edir.
Mahir Əsəd, YPG və İnqilab Keşikçiləri Korpusunu nə birləşdirir
Avqustun 9-da Suriya Xarici İşlər Nazirliyinin açıqladığı anlaşma memorandumu iki ölkə arasındakı münasibətlərin mahiyyətcə fərqli mərhələyə qədəm qoyduğunu göstərdi. Bunun ən bariz nümunəsi Rusiyanın Hmeymim və Tartus hərbi bazalarını itirməsidir. Bu bazalar vaxtilə Rusiyanın Suriyadakı dominant rolunun, Yaxın Şərqə güclü qayıdışının rəmzi və Afrikaya nüfuz etmək üçün mühüm dayaq nöqtəsi idi. Bəyanata əsasən, tərəflər həmin obyektlərin hərbi baza funksiyasından çıxarılaraq qarşılıqlı maraqları qoruyan birgə təlim və hazırlıq mərkəzlərinə çevrilməsi barədə razılığa gəliblər. Prosesin tamamlanması üçün üç aylıq müddət müəyyən edilib. Mülki xarakterli obyektlərin, xüsusən Hmeymim aeroportunun və Tartus limanındakı 4-cü ticarət yanalma körpüsünün idarəçiliyi tədricən Suriya dövlətinin mülki idarəetmə sisteminə veriləcək.
Uzun illər boyu Suriya dövlətinin nəzarətindən kənarda qalan Hmeymim artıq Suriya və Rusiya zabitlərinin birgə idarə etdiyi hərbi təlim mərkəzinə çevrilir və gələcəkdə sırf Rusiya hərbi bazası kimi fəaliyyət göstərməyəcək. Tartusdakı obyekt isə tamamilə Suriya hakimiyyətinin nəzarətinə keçəcək.
Suriyadan Afrikaya köç - Narkotik şəbəkələri Sudanda kök salır?
Bununla belə, Rusiya Hmeymim aeroportundan Afrikaya tranzit marşrut kimi istifadəni davam etdirmək və yeni Suriya ordusunun təlimində iştirak etməklə regional proseslərdən xəbərdar olmaq və Türkiyənin təsirini tarazlaşdırmaq imkanını qismən saxlayıb.
Hərbi bazaların statusu həll olunduqdan sonra Əsəd dosyasi yaxın gələcəkdə münasibətlərin taleyini müəyyən edən ikinci dərəcəli amilə çevrilib. Əsədin təhvil verilməsi məsələsi Dəməşq ilə Moskva arasında böyük bir siyasi sövdələşməyə, yaxud Əsəd və ətrafının Rusiya üçün nə dərəcədə yükə çevriləcəyinə bağlıdır.
Kreml anlayır ki, Yaxın Şərqdəki köklü dəyişikliklər nəticəsində Moskvaya regional masada həlledici söz sahibi olmaq imkanı verən "Əsəd Suriyası" artıq yoxdur və yeni Suriya Rusiyanın təsir dairəsindən çıxıb. 2023-cü il 7 Oktyabr hadisələrindən sonra başlayan proseslər beynəlxalq aktorların regiondakı rolunu da kökündən dəyişdirir.
Danışıqlar kartı və gələcək perspektivlər
Əsədin təhvil verilməsi məsələsi hər iki tərəf üçün siyasi və iqtisadi maraqların hüquqi tərəfləri üstələdiyi bir bazarlıq kartına çevrilə bilər.
Suriya rəhbərliyi daxili problemlər və regional çağırışlarla üzləşdiyi, "sıfır problem" xarici siyasəti yürütməyə çalışdığı bir vaxtda Kreml ilə qarşıdurma yaratmaq istəmir. Dəməşq neft, dizel və buğda təchizatı, eləcə də sovet-Rusiya silah sistemləri ilə təlim keçmiş ordusu üçün hərbi təchizat sahəsində Rusiya ilə əlaqələrin qalmasında maraqlıdır. Moskva ilə normal əlaqələrin saxlanması həm ABŞ və Avropa İttifaqına alternativ seçimlərin olduğunu göstərir, həm də daxildəki köhnə rejim qalıqlarına Rusiyanın onlara dəstək verməyəcəyi və Əsədin qayıdış xülyasının bitdiyi mesajını verir.
Rusiya 2024-cü ilin sonunda Əsədi Moskvaya aparmaqla onun Müəmmər Qəddafinin aqibətini yaşamasının qarşısını aldı, lakin onun gələcək taleyi Rusiyanın xarici siyasət prioritetlərindən və Ukrayna müharibəsindən sonrakı qlobal mövqeyindən asılı olacaq.
Əgər Moskva öz qlobal nüfuzuna xələl gəlmədən və zəif tərəf kimi görünmədən sərfəli siyasi-iqtisadi dividendlər əldə edərsə, ölüm hökmünün tətbiq olunmayacağı zəmanəti ilə Əsədi Dəməşqə təhvil verə və ya üçüncü bir ölkəyə göndərə bilər. Rusiya rəhbərliyi müttəfiqlərindən imtina etməyi və bunu adi siyasi proses kimi təqdim etməyi yaxşı bacarır; bu təcrübə Azərbaycanla müharibədə Ermənistana münasibətdə, Venesuelada Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırılmasında, İranın ABŞ və İsraillə qarşıdurmasında və keçmişdə 1991 və 2003-cü illərdə Səddam Hüseyn nümunəsində açıq görünüb.
Dəməşq "Hizbullah"a qarşı: Suriya Livana müdaxilə etməyə hazırlaşır?
Əsas sual Suriya hakimiyyətinin tələb göndərəcəyi və Kremlin bundan imtina edəcəyi təqdirdə Dəməşqin bu praqmatik münasibətləri necə davam etdirəcəyi ilə bağlıdır. Xalqına qarşı cinayətlərdə təqsirli bilinən bir şəxsi qoruyan, eyni zamanda beynəlxalq təşkilatların hesabatlarına görə Suriyada mülki şəxslərin və xəstəxanaların bombalanmasında məsuliyyət daşıyan bir dövlətlə münasibətlərin davam etdirilməsini ictimaiyyətə izah etmək çətin olacaq. Ukraynadakı müharibə və sanksiyalar səbəbindən Moskvanın Suriyanın bərpasına və iqtisadiyyatına ciddi töhfə verə bilməməsi, eləcə də Türkiyə və İsraillə əlaqələrinə görə Suriya ordusunu İsrail zərbələrinə qarşı müdafiə edəcək səviyyədə silahlandıra bilməməsi bu münasibətlərin gələcəyini daha da sual altına qoyur.