BAKI,VOA, Fərid Mikayılov
Suriyanın Dəməşq şəhərində yerləşən məhkəmə ölkənin keçmiş hökumətinin doqquz yüksəkvəzifəli şəxsi, o cümlədən sabiq prezident Bəşşar Əsəd, onun qardaşı Mahir Əsəd və təhlükəsizlik rəsmisi Atif Nəcib barəsində ölüm hökmü çıxarıb.
VOA xəbər verir ki, Dördüncü Cinayət Məhkəməsi keçmiş Suriya hakimiyyəti nümayəndələri ilə bağlı qərar qəbul edib.
Məhkəmə prosesində yalnız Atif Nəcib iştirak edib, digər təqsirləndirilən şəxslər isə qiyabi şəkildə mühakimə olunublar. Qərara əsasən, Bəşşar və Mahir Əsəd beynəlxalq axtarışa verilib.
Məhkəmə Bəşşar Əsədi uşaqlar da daxil olmaqla çoxsaylı şəxslərin qəsdən öldürülməsində, eləcə də işgəncə, qanunsuz həbslər və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilib.
Qərar Suriyada keçmiş hakimiyyət dövründə baş vermiş ağır hüquq pozuntuları ilə bağlı aparılan məhkəmə proseslərinin davamı kimi qiymətləndirilir.