BAKI,VOA Orxan Qədirzadə
Suriya hakimiyyəti keçmiş Bəşşar Əsəd rejiminin generalı Adil İsani Livandan təhvil alıb. Bu, Əsədin 2024-cü ilin dekabrında hakimiyyətdən devrilməsindən sonra Livanla Suriya arasında bu istiqamətdə ilk təhvil-təslim əməliyyatı olub.
Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, Adil İsa 2016-cı ilədək Deyr əz-Zor bölgəsində quru qoşunlarının komandanı və 17-ci diviziyanın rəhbəri vəzifələrində çalışıb.
67 yaşlı keçmiş general avqustun 8-də Beyrutdakı Suriya səfirliyinə sənədləşmə üçün getdiyi vaxt Livan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində Suriyada həbs qərarının olduğu bildirilib.
Suriya hakimiyyəti İsanı qətl, işgəncə nəticəsində ölüm və vətəndaş qarşıdurmasını təşviq etməkdə ittiham edir. İşə Dəməşqdə baxılır və onun cinayət məhkəməsinə göndərilməsi gözlənilir.
Livanın Baş prokuroru ötən həftə İsanın Suriyaya təhvil verilməsi barədə qərar qəbul edib. Bu addım Suriyanın Livanda sığınan keçmiş Əsəd rejimi rəsmilərinin araşdırılması və məsuliyyətə cəlb olunması istiqamətində Beyrutdan tələb etdiyi tədbirlərin fonunda atılıb.