Ötən onilliyin böyük bir hissəsində Yəmənin Husi qruplaşması öz nüfuzunu beynəlxalq səviyyədə tanınmış hökumətə və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya qarşı daxili müharibə aparan qiyamçı qüvvə kimi formalaşdırmışdı. Lakin bu gün onların hərbi kampaniyası Yəmən sərhədlərindən çox-çox kənara çıxır.
Əhalinin məskunlaşdığı ərazilərə atılan raket və pilotsuz uçuş aparatlarından (PUA) tutmuş hava limanlarına, energetika obyektlərinə və ticarət gəmilərinə təşkil edilən hücumlaradək husilər geniş regional strategiyanın tərkib hissəsi kimi mülki şəxsləri və mühüm infrastrukturu təhlükə altına almaq imkanını və niyyətini nümayiş etdiriblər.
Cümə günü husilərin Səudiyyə Ərəbistanının cənubundakı Nəcran bölgəsini hədəf alan hücumlarından sonra bu təhlükə yenidən ön plana çıxdı və Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) kəskin qınağına səbəb oldu.
KƏŞ-in Baş katibi Casem əl-Büdeyvi bu hücumları "iyrənc terror aktı" və "beynəlxalq hüququn, habelə beynəlxalq humanitar hüququn kobud pozulması" kimi qiymətləndirərək, husiləri mülki şəxsləri və mülki obyektləri — qeyri-hərbi hədəfləri qərəzli və ayrı-seçkilik qoymadan hədəf almaqda ittiham edib.
Onun sözlərinə görə, bu kimi hücumlara görə cavab vermək lazımdır və eyni zamanda bu təkcə regional təhlükəsizliyə deyil, həm də beynəlxalq sülh və sabitliyə ciddi təhdid yaradır.
Əl-Büdeyvi vurğulayıb ki, Səudiyyə Ərəbistanının təhlükəsizliyi KƏŞ-in ümumi təhlükəsizliyindən ayrılmazdır, üzv dövlətlər Krallıqla həmrəydir və onun suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarını və sakinlərini qorumaq üçün gördüyü tədbirləri dəstəkləyirlər.
Nəcran hücumları husilərin illərlə davam edən münaqişə ərzində formalaşdırdıqları strategiyanın son nümayişidir: onlar raketlər, dronlar və digər nisbətən ucuz silahlardan istifadə edərək nəzarət etdikləri ərazilərdən uzaqda yerləşən yaşayış məntəqələrini və iqtisadi cəhətdən mühüm infrastrukturu hədəf alırlar.
"İran tərəfindən dəstəklənən Husi qruplaşması 2014-cü ilin sentyabrında Yəmənin şimalında dövlət çevrilişi edərək hakimiyyəti güc yolu ilə ələ keçirəndən bəri mülki şəxsləri və mülki infrastrukturu mütəmadi olaraq hədəfə alır", - deyə "Əşarq Əl-Əvsət" qəzetinin Körfəz məsələləri üzrə redaktoru Bədr Qəhtani "Arab News"a bildirib.
"Hətta Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə bəzi dövlət sektoru işçilərinin əməkhaqqını ödəmək üçün gəlir əldə etməyə kömək edən neft ixracı obyektləri də husilərin hücumlarına məruz qalıb".
İllərdir davam edən münaqişə bu hərəkatı yerli qruplaşmadan getdikcə mürəkkəbləşən balistik və qanadlı raketlər, silahlanmış dronlar və dəniz silahları arsenalına malik bir qüvvəyə çevirib.
Qərb hökumətləri, Körfəz ölkələri və BMT ekspertləri dəfələrlə İranı bu qruplaşmaya silah, texnologiya və təlim verməkdə ittiham ediblər.
Qəhtani iddia edir ki, hərəkatın addımlarını anlamaq üçün Tehranla münasibətlər fundamental əhəmiyyət kəsb edir.
"Bu qruplaşmanın tək bir funksiyası var , o da mülki şəxslərə, hərbçilərə və Yəmənin qonşu ölkələrinə hücum etməklə İranın gündəliyini irəli aparmaq. Husilər xəstəxanalar, məktəblər və ya digər müəssisələri, eləcə də qəbiristanlıqları öz maraqları, daha doğrusu İran maraqları üçün istifadə edirlər" - deyə o bildirib
Nəticədə, Yəmən sərhədlərindən yüzlərlə, bəzi hallarda isə minlərlə kilometr uzaqlığa zərbə endirmək iqtidarında olan qeyri-dövlət aktoru ortaya çıxıb.
Nəcrana edilən hücum husilərin Səudiyyə ərazisinə qarşı illər boyu həyata keçirdiyi hücum ssenarilərinə tam uyğundur. Hava limanları, şəhərlər, neft qurğuları və digər infrastrukturlar, xüsusən Yəmən müharibəsinin ən şiddətli mərhələlərində ardıcıl olaraq raket və dron hücumlarına məruz qalıb.
Əbha Beynəlxalq Hava Limanı dəfələrlə hədəf alınıb, o cümlədən mülki şəxslərin həlak olması və ya yaralanması ilə nəticələnən hücumlar baş verib ki, bu da hərbi əməliyyatların əhalinin intensiv istifadə etdiyi obyektlərə və ya onların yaxınlığına yönəldilməsinin təhlükəsini əyani şəkildə nümayiş etdirir.
Səudiyyə Ərəbistanının energetika infrastrukturu da tez-tez hədəfə çevrilib.
2019-cu ildə Abqayq və Xurays neft obyektlərinə edilən hücum Səudiyyə Ərəbistanının neft hasilatının təxminən yarısını müvəqqəti olaraq iflic etdi. ABŞ və Səudiyyə Ərəbistanı İrandan şübhələnsə də, husilər məsuliyyəti öz üzərilərinə götürdülər.
Bu hücum göstərdi ki, infrastruktura vurulan zərbələr bilavasitə hədəfdən çox-çox kənara çıxan fəsadlar törədə, beynəlxalq enerji bazarlarına və iqtisadi sabitliyə mənfi təsir göstərə bilər.
Yəmənin öz daxilində isə neft infrastrukturuna hücumlar fərqli, lakin bir o qədər dağıdıcı nəticələrə gətirib çıxarıb.
Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin xam neft ixrac etmək üçün istifadə etdiyi obyektlər husilər tərəfindən hücuma məruz qalıb, bu da müharibə və iqtisadi çöküşlə onsuz da viran qalmış ölkədə mühüm dövlət gəliri mənbəyini sıradan çıxarıb.