Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Tehran rejimi dənizdəki ənənəvi gücünü necə itirdi?

    28 İyul 2026 18:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tehran rejimi dənizdəki ənənəvi gücünü necə itirdi?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Müharibə zamanı İran Hərbi Dəniz Qüvvələri son onilliklərin ən ağır zərbəsini aldı: 150-yə yaxın hərbi dəniz vasitəsi sıradan çıxdı, yüzlərlə hərbçi həlak oldu. Ölənlər arasında Hörmüz boğazının bağlanması doktrinasının memarı sayılan “İnqilab Keşikçiləri Korpusu”nun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Rza Təngsiri və dəniz kəşfiyyatının rəhbəri Behnəm Rezai də var. Bu, sadəcə avadanlıq itkisi deyil, qeyri-ənənəvi dəniz müharibəsində qərar qəbul etmə və beyin mərkəzinə endirilən bir zərbə idi.

    Buna baxmayaraq, donanmanın böyük hissəsinin itirilməsi İranın dənizdəki imkanlarının tamamilə bitməsi demək deyil. Tehranın 1980-ci illərin “Tanker müharibəsi“ndən bəri qurduğu doktrina böyük gəmilərdən daha çox sürətli qayıqlar, dəniz minaları və həyati keçidləri iflic etmə qabiliyyətinə əsaslanır. İranın ənənəvi dəniz gücü forması olaraq itirdikləri, onun boğazı bağlamaq və ya naviqasiyanı aşağı maliyyə bədəli ilə pozmaq qabiliyyətini tamamilə yox etmir.

    Mart ayındakı zərbələrdən sonra SEPAH “Ağcaqanad donanması” adlanan taktikaya əl atdı. Bu taktika ağır atəş gücü əvəzinə say çoxluğu, sürət və diqqəti yayındırmağa arxalanaraq, gəmilərə və tankerlərə eyni vaxtda hücum etmək üçün yüngül raketlər və ya pulemyotlarla təchiz edilmiş onlarla kiçik sürətli qayığın yerləşdirilməsini nəzərdə tutur. Həmçinin bu taktika çərçivəsində xaosu artırmaq üçün dəniz minaları və pilotsuz uçuş aparatları (PUA) ilə koordinasiyalı hücumlar sınanılıb. Lakin dar keçidlərdə təzyiq və narahatlıq yaratmaq üçün effektiv bir vasitə olsa da, bu taktikanın səmərəliliyi Amerikanın texniki və hava üstünlüyü qarşısında zəif qaldı.

    Bu müharibənin ən diqqətçəkən zərbələrindən biri 4 martda İran Hərbi Dəniz Qüvvələrinə dəydi. Hind okeanında suyun altında baş verən partlayış Tehranın ən böyük dəniz ekspansiyası ambisiyalarından birinə – İran hərbi sənayesinin fəxri və uzaq dənizlərə çıxış rəmzi sayılan “IRIS Dena” freqatına son qoydu. Freqat Şri-Lanka sahillərində Amerikanın hücum sualtı qayığından atılan torpeda zərbəsi nəticəsində okeanın dibinə çökdü.

    ABŞ-ın müdafiə (müharibə) naziri Pit Heqset bu əməliyyatı “Sakit ölüm” adlandırdı. Bu, İkinci Dünya Müharibəsinin sonundan bəri ABŞ-ın torpeda ilə düşmən hərbi gəmisini batırdığı ilk əməliyyat idi. “Dena“nın və digər İran hərbi gəmilərinin məhv edilməsi tarixdəki nəhəng donanmaların – 1588-ci ilin İspan Armadası və 1805-ci ilin Trafalqar döyüşünün sonunu xatırladır; burada müasir sənaye kəmiyyət üstünlüyünü geridə qoymuşdu.

    Həmin gün sübh tezdən “Dena” freqatı Şri-Lankanın sahil şəhəri Qalledən 40 dəniz mili cənubda təcili yardım çağırışı (SOS) göndərdi. Hindistandakı “Milan 2026” beynəlxalq dəniz təlimlərində iştirak etdikdən sonra İrana qayıdan gəmi beynəlxalq sularda üzürdü və özünü Fars körfəzi ilə Oman dənizindəki döyüş meydanından uzaqda, təhlükəsizlikdə hesab edirdi. Lakin Şri-Lanka HDQ-nin video və hesabatları gəminin birbaşa zərbə aldığını və sürətlə batdığını göstərir. Bu sürət heyətin böyük hissəsinin xilasedici qayıqlardan istifadə etməsinə imkan verməyib və onların çoxu həlak olub. Şri-Lanka kömək siqnalını alan kimi hadisə yerinə hava və dəniz qüvvələri göndərsə də, gəmi onlar çatmamış dalğalar altında yoxa çıxmışdı.

    Lakin “Dena”nın batırılması təcrid olunmuş bir hadisə deyil, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İranın hərbi imkanlarını tamamilə zərərsizləşdirmək strategiyasının tərkib hissəsi idi.

    Dəniz aktivlərinin məhv edilməsi

    ABŞ Hərbi Dəniz Qüvvələri əməliyyatın ilk günlərindən etibarən bütün böyük İran gəmilərini, o cümlədən bir sualtı qayığı məhv etdi. Hava və raket zərbələri ilə İran HDQ-nin komandanlıq qərargahı dağıdıldı, ikinci sualtı qayıq zərərsizləşdirildi və SEPAH-ın gizli dəniz qərargahı məhv edilərək komandirləri öldürüldü. CENTCOM-un məlumatına görə, müasir PUA daşıyıcısı “Şahid Baqiri“, “Camaran” freqatı və inkişaf etmiş “Qasım Süleymani” döyüş gəmisi də daxil olmaqla bir çox gəmi batırılıb və ya sıradan çıxarılıb.

    Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Den Keynin sözlərinə görə, əməliyyat İranın bölgədəki əsas dəniz varlığını zərərsizləşdirməyə nail olub və İran gəmiləri Hörmüz boğazı, Oman körfəzi və Ərəbistan dənizindən yoxa çıxıb.

    Dena freqatı: Dəniz tacının incisi

    “IRIS Dena” Bəndər Abbas tərsanələrində yerli imkanlarla inşa edilən “Mowj” sinfinə aid raket freqatlarının ən inkişaf etmiş nümunəsi idi. 2015-ci ildə suya salınan və 2021-ci ildə xidmətə daxil olan gəmi İran hərbi sənayesi üçün inqilabi texnologiyalarla təchiz edilmişdi. 1500 ton su basımı, 30 uzel maksimal sürət, 300 km mənzilli 3D radarlar və şaquli raket buraxılış sistemləri ilə təchiz olunmuşdu. Hətta 2023-cü ildə dünya turuna çıxsa da, onun sonar və müdafiə sistemləri dəniz dərinliklərindən hücum edən Amerika torpedasını aşkar edə bilmədi.

    ABŞ müdafiə nazirinin “Dena”ya hücumu “sakit ölüm” adlandırması “Mark 48” torpedasının məhvedici təbiətini əks etdirir. Bu, sadəcə partlayıcı deyil, su altında taktiki qərarlar qəbul edə bilən müstəqil bir sistemdir. O, gəminin gövdəsinə birbaşa dəymək əvəzinə, gəminin tam ortasının altında partlamaq (“under-the-keel explosion“) prinsipi ilə işləyir.

    Bu partlayış nəhəng bir qaz qabarcığı yaradır; gəmi təzyiqlə yuxarı qalxır, sonra qabarcıq çökəndə gəminin orta hissəsi su dəstəyindən məhrum olur, burun və quyruq hissələri isə suyun üzündə qalır. Nəticədə cazibə qüvvəsinin təsiri ilə gəminin “onurğa sütunu” qırılır. “Dena”nın da saniyələr ərzində iki hissəyə bölünərək batmasının səbəbi məhz budur.

    İspan Armadası

    “Armada” termini adətən güc nümayişi üçün qurulan, lakin gözlənilməz texnoloji inkişaf qarşısında məğlub olan nəhəng donanmaları simvolizə edir. 1588-ci ildə İspaniya kralı II Filip İngiltərəni işğal etmək üçün 130 gəmidən ibarət “Böyük Armada”nı yola salmışdı. İspanların məğlubiyyəti, İran HDQ-nin üzləşdiyi texnoloji boşluğa bənzəyirdi: İngilis gəmiləri daha sürətli və manevrli idi. Eynilə “Dena” və “Camaran” freqatları da müasir olmalarına baxmayaraq, sualtı gizlilik texnologiyasına malik Amerika sualtı qayıqları üçün asan hədəfə çevrildilər.

    Bu müqayisə Trafalqar döyüşü (1805) olmadan tamamlana bilməz. Britaniyalı admiral Horatsio Nelson “Nelson toxunuşu” adlanan qeyri-ənənəvi taktika ilə düşmən xəttinə perpendikulyar hücum edərək xaos yaratmış və qalib gəlmişdi. Bu ilki hücumda CENTCOM “Nelson toxunuşu”nun müasir versiyasını tətbiq etdi: ilk 24 saatda 1000-dən çox nöqtəni hədəf alan koordinasiyalı və hərtərəfli hücum İran rəhbərliyini iflic etdi. Nelsonun fransız flaqman gəmisi “Bucentaure”ni hədəf aldığı kimi, ABŞ əməliyyatı da ilk anlarda Ali rəhbər Əli Xamneyinin kompleksini və SEPAH-ın qərargahını hədəf aldı.

    İran “Armadası”nın bir aydan az müddətdə darmadağın edilməsi Tehranın qlobal dəniz gücü olmaq ambisiyalarına ağır zərbədir. 1588 və 1805-ci illərdəki döyüşlər sübut etdi ki, texnoloji üstünlük və “dərinliklərə” nəzarət olmadan yalnız say və ölçü üzərində qurulan donanmalar böyük qarşıdurmalarda məğlubiyyətə məhkumdur.

    Görünən odur ki, dənizlərdə ağalıq hələ də suyun altından başlayır və “sakit ölüm” dəniz müharibələrinin ən ölümcül silahıdır. Körfəzdə çökən İran dənizi deyil, onun ənənəvi formasıdır. İranın həqiqi təhdidi isə kölgəyə çəkilib; orada güc gəmilərin sayı ilə deyil, keçidləri iflic etmək və müharibənin bədəlini artırmaq qabiliyyəti ilə ölçülür. Məhz bu səbəbdən Donald Tramp İranı daha geniş bir mühasirəyə almağa yönəlib.

    #SEPAH #Sakit okean #tanker partlaması #SEPAH raket bölməsi #SEPAH casusları #Sepah və Suriya #İran Hərbi Dəniz Qüvvələri Ağıllı Nəzarət manevrləri icra etdi #Tanker müharibəsi #IRIS Dena #Əli Rza Təngsiri #Dena #İspan Armadası #Mark 48 #İran HDQ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran SEPAH-ı Hörmüz boğazında iki neft tankerini vuraraq dayandırdığını iddia edib

    31 İyul 2026 18:27

    ABŞ İranın "Mahan Air" aviaşirkətini dəstəkləyən şəbəkələrə qarşı yeni sanksiyalar tətbiq edib

    30 İyul 2026 21:42

    ABŞ ordusu İranın İordaniyadakı aviabazaya hücumu ilə bağlı iddiaları təkzib edib

    30 İyul 2026 20:58

    İran üç ABŞ qırıcısını məhv etdiyini açıqlayıb

    30 İyul 2026 17:18

    ABŞ-nin raket hücumu nəticəsində üç hərbçimiz həlak olub - SEPAH

    30 İyul 2026 17:15

    İordaniyadakı ABŞ hərbi bazasına raket zərbəsi endirilib - SEPAH

    30 İyul 2026 16:23

    İran ABŞ-ın müttəfiqlərinə xəbərdarlıq edib

    30 İyul 2026 11:36

    ABŞ və Səudiyyə Ərəbistanının zərbələri nəticəsində SEPAH-ın dörd üzvü ölüb - İran mediası

    29 İyul 2026 21:10

    Hörmüz boğazında üç neft tankeri dayandırılıb - SEPAH

    29 İyul 2026 20:45

    Müqtada əs-Sədr İrana çağırış etdi-İraqı münaqişəyə çəkməyin

    29 İyul 2026 13:24

    SEPAH ABŞ hərbi təyyarələrinin məhv edildiyini iddia edib

    25 İyul 2026 21:47

    SEPAH Hörmüz boğazında dörd gəmini dayandırdığını açıqlayıb

    25 İyul 2026 19:22
    XƏBƏR LENTİ

    Xarici tələbat BYD-nin satışlarını yüksəldib

    İranın gələcəyini İran xalqı müəyyən edəcək - Məsud Pezeşkian

    İsrail Qəzzada HƏMAS-a məxsus olduğu iddia edilən beş silah anbarını məhv etdiyini açıqlayıb

    Ölkə ən pis ssenarilərə hazırlaşır - Məhəmməd Rza Arif

    İsrail Cənubi Livandakı Nəbatiyyə əl-Fövqa qəsəbəsinə pilotsuz uçuş aparatı ilə zərbə endirib

    Todd Blanş təsdiqlənməsə də vəzifəsində qalacaq - Tramp

    SpaceX-in gələcək kosmik planları investorların gözləntilərini doğruldacaqmı?

    Trampın Qəzza planı seçkilərlə əlaqələndirilib

    Körfəz Əməkdaşlıq Şurasının baş katibi Küveytdəki mülki obyektlərə hücumları pisləyib

    İsrail Qəzzada hərbi üstünlüyünü nümayiş etdirməyə çalışır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.