#IRIS Dena

İranın xarici işlər naziri Abbas Əraqçi "İRİS Dena" freqatına hücumla bağlı sərt açıqlama verib. O bildirib ki, beynəlxalq sularda baş vermiş hadisə müharibə cinayəti kimi qiymətləndirilməlidir. Məlumata görə, hücum nəticəsində 87 nəfərin cəsədi dənizdən çıxarılıb. Əraqçi freqatın silahsız olduğunu və əvvəlcədən xəbərdarlıq edilmədən vurulduğunu iddia edib. Onun sözlərinə görə, belə bir hücum hərbi uğur deyil, qorxaqlığın göstəricisidir. İran rəsmisi hadisə ilə bağlı hüquqi tədbirlərin görüləcəyini də açıqlayıb. Tehran məsələ üzrə sübutların toplanması istiqamətində iş aparacağını bildirib.

Müharibə zamanı İran Hərbi Dəniz Qüvvələri son onilliklərin ən ağır zərbəsini aldı: 150-yə yaxın hərbi dəniz vasitəsi sıradan çıxdı, yüzlərlə hərbçi həlak oldu. Ölənlər arasında Hörmüz boğazının bağlanması doktrinasının memarı sayılan "İnqilab Keşikçiləri Korpusu"nun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Rza Təngsiri və dəniz kəşfiyyatının rəhbəri Behnəm Rezai də var. Bu, sadəcə avadanlıq itkisi deyil, qeyri-ənənəvi dəniz müharibəsində qərar qəbul etmə və beyin mərkəzinə endirilən bir zərbə idi.