BAKI,VOA, Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə
Təsis edilməsindən 77 il keçən Şimali Atlantika Alyansı (NATO) bəlkə də tarixinin ən ağır böhranı ilə üz-üzədir. 1949-cu ildə 32 dövlətin iştirakı ilə yaradılan hərbi ittifaqda Avropa ölkələri və ABŞ arasındakı baxış ayrılığı, xüsusilə prezident Donald Trampın hakimiyyəti dövründə dərinləşərək parçalanma həddinə çatıb.
Hazırda Alyansın qarşısında duran əsas ekzistensial təhdid ABŞ-ın qurumdan çıxmaq ehtimalıdır. 28 fevral 2026-cı ildə başlayan ABŞ-İsrail-İran müharibəsi bu gərginliyin zirvə nöqtəsi olub. Prezident Tramp Avropalı müttəfiqlərin bu müharibəyə cəlb olunmaq istəməməsindən narazılığını ifadə edərək, Alyansdan çıxmağı ciddi şəkildə düşündüyünü bəyan edib.
NATO-nun yaranma məqsədi və 5-ci maddə
NATO İkinci Dünya müharibəsindən sonra SSRİ-nin Avropada yayılmasının qarşısını almaq üçün strateji layihə kimi yaradılıb. Müqavilənin məşhur 5-ci maddəsinə görə, bir üzvə edilən hücum hamıya edilmiş sayılır. Lakin builki İran müharibəsi fonunda yaranan əsas mübahisə 6-cı maddə ilə bağlıdır. Avropa dövlətləri bildirirlər ki, NATO müdafiə ittifaqıdır və onun fəaliyyət dairəsi Şimali Amerika və Avropa ilə məhdudlaşır; buna görə də uzaq coğrafiyada aparılan hücum əməliyyatlarında iştirak öhdəliyi yoxdur.
Tramp dövrü gərginliyin ən yüksək həddi olsa da, Alyans daxilində fikir ayrılıqları yeni deyil:
1956 Süveyş böhranı - ABŞ Britaniya və Fransanın Misirə qarşı əməliyyatını dəstəkləməyərək onlara təzyiq etdi.
1966 Fransanın gedişi - Şarl de Qoll ölkəsini hərbi komandanlıqdan çıxardı.
2003 İraq müharibəsi - Fransa və Almaniya ABŞ-ın İraqa müdaxiləsinə kəskin etiraz etdi.
2025 Qrenlandiya məsələsi - Trampın Danimarkaya məxsus adanı almaq ideyası Alyans daxilində ciddi diplomatik böhrana səbəb oldu.
Müttəfiqlərin mövqeyi və Rusiya təhlükəsi
ABŞ-ın çəkilmə ehtimalı Avropa liderlərində müxtəlif reaksiyalar doğurub. Fransa prezidenti Emmanuel Makron Trampı Alyansın mahiyyətini boşaltmaqda ittiham edərkən, Britaniya baş naziri Kir Starmer NATO-nu "dünyanın ən effektiv hərbi ittifaqı" adlandıraraq ona dəstək verib. Almaniya isə ABŞ-ı ittifaqda saxlamaq üçün hər cür diplomatik səy göstərməyə hazır olduğunu bildirib.
Ekspertlər xəbərdarlıq edirlər ki, NATO-nun zəifləməsi Rusiya və Çin üçün Arktika və Avropada manevr imkanlarını genişləndirəcək. ABŞ kəşfiyyat və texniki dəstəyinin kəsilməsi Avropanı Rusiya qarşısında təkbaşına və müdafiəsiz qoya bilər.