BAKI,VOA,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun İsraillə baş vermiş müharibə zamanı Livan xalqının ağır itkilərlə üzləşdiyini, minlərlə insanın həlak olduğunu, yaşayış məntəqələrinin dağıldığını və çoxsaylı ailələrin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.
VOA xəbər verir ki, Livan Prezident Administrasiyasının sosial şəbəkədə yaydığı məlumata əsasən, Cozef Aun bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada keçirdiyi görüş zamanı səsləndirib.
Livan Prezidenti vurğulayıb ki, ölkəsi müharibənin nəticələrinin aradan qaldırılması və bərpa prosesini davam etdirmək əzmindədir.
"Müharibənin dağıda bilmədiyi yeganə şey Livan xalqının iradəsidir. Bu gün biz dövlətimizin suverenliyini bərpa etmək, vətənimizi yenidən qurmaq və bütün livanlılar üçün təhlükəsiz və sabit gələcək yaratmaq əzmindəyik", – deyə Aun bildirib.
O, həmçinin Türkiyəyə səfərindən məmnunluğunu ifadə edərək, iki ölkə arasında mövcud olan dərin tarixi əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsinin hər iki xalqın maraqlarına, eləcə də regionun sabitliyinə xidmət edəcəyini qeyd edib.
Aun bildirib ki, Livan və Türkiyə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və qarşılıqlı əlaqələrin inkişafı istiqamətində birgə fəaliyyət göstərmək niyyətindədir.