BAKI,VOA, Fərid Mikayılov
Türkiyə Daxili İşlər Nazirliyi 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı həyata keçirilən sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü, qırmızı bülletenlə axtarılan keçmiş yüzbaşı B.K.-nın saxlanıldığını açıqlayıb.
VOA xəbər verir ki, Emniyyət Baş İdarəsinin İstihbarat İdarəsinin koordinasiyası ilə Afyonkarahisar və Eskişehir polis idarələrinin birgə keçirdiyi əməliyyat nəticəsində B.K.-nın yeri müəyyən edilərək avqustun 1-də Afyonkarahisarda yaxalanıb.
Bildirilib ki, saxlanılan şəxs 15 iyul çevriliş cəhdi zamanı Marmarisdə Prezident Ərdoğanın qaldığı otelə hücum edən 37 nəfərlik qrupun uzun müddət azadlıqda qalan son üzvü olub.
Məlumata əsasən, B.K. "Prezidentə sui-qəsd", "dövlət vəzifəsini yerinə yetirdiyi üçün qəsdən adam öldürmə", "Hərbi Cinayət Məcəlləsini pozma" və "silahlı quldurluq" maddələri ilə axtarışda idi.