BAKI, VOA
ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən Miramar Dəniz Piyadaları Hərbi Hava Stansiyasına məxsus F-35B qırıcı təyyarəsi qəzaya uğrayıb.
ABŞ Dəniz Piyadaları Korpusunun yaydığı məlumata görə, Üçüncü Dəniz Piyadaları Aviasiya Qanadının tərkibində xidmət edən F-35B təyyarəsi bazanın ərazisində boş sahəyə düşüb. Qəza nəticəsində hadisə yerində yanğın baş verib.
İlkin görüntülərdə təyyarənin tamamilə yanaraq yararsız hala düşdüyü, qalın tüstünün ətrafa yayıldığı və ərazidəki ot örtüyünün alov nəticəsində məhv olduğu görünür.
ABŞ Dəniz Piyadaları Korpusu hadisəni hərbi aviasiyada ən ağır kateqoriya hesab olunan "A sinfi qəza" kimi qiymətləndirib.
Rəsmi açıqlamada bildirilib ki, pilot qəza zamanı katapult sistemindən istifadə edərək təyyarəni vaxtında tərk edib və sağ xilas olub.
Pilotun xəsarət alıb-almaması barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün genişmiqyaslı araşdırmaya başlanılıb. Qəzanın səbəbi hələlik məlum deyil.