BAKI,VOA Orxan Qədirzadə
Türkiyənin 24 vilayətində narkotik maddələrin qanunsuz dövriyyəsi və çətənə (kannabis) yetişdirilməsi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində 138 şübhəli saxlanılıb, külli miqdarda narkotik vasitə və milyonlarla çətənə kökü aşkarlanaraq məhv edilib.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyatlar Jandarma Baş Komandanlığının Narkotik Cinayətlərlə Mübarizə İdarəsi və Respublika Baş Prokurorluqlarının koordinasiyası ilə həyata keçirilib.
6 mindən çox əməkdaş əməliyyata cəlb olunub
Əməliyyatlarda vilayət jandarma komandanlıqlarına bağlı 1008 narkotik və asayiş qrupu, həmçinin 6048 əməkdaş iştirak edib.
Jandarmanın Narkotik Cinayətlərlə Mübarizə İdarəsinin Analiz və Təqib qruplarının da qatıldığı əməliyyatlar nəticəsində narkotik ticarəti ilə məşğul olduğu ehtimal edilən şəxslər müəyyənləşdirilib.
80 nəfər həbs olunub
Araşdırmalar zamanı saxlanılan şəxslərin qanunsuz çətənə və skunk yetişdirdiyi, narkotik maddə satışını təşkil etdiyi, həmçinin sosial media və mesajlaşma tətbiqləri vasitəsilə narkotik ticarəti həyata keçirdiyi müəyyən edilib.
Məhkəmə orqanlarına göndərilən şübhəlilərdən 80 nəfər həbs edilib, 58 nəfər barəsində məhkəmə nəzarəti tədbiri tətbiq olunub.
Tonlarla narkotik və milyonlarla çətənə kökü aşkarlanıb
Əməliyyatlar çərçivəsində aparılan axtarışlar zamanı 408 kiloqram narkotik maddə, 159 min 788 ədəd narkotik həb, 3 milyon 325 min ədəd çətənə və skunk bitkisi kökü aşkarlanıb və məhv edilib.
Türkiyə Daxili İşlər Nazirliyi narkotik maddələrin qanunsuz dövriyyəsi, küçə satıcıları və narkotik istehsalı ilə mübarizənin bundan sonra da qətiyyətlə davam etdiriləcəyini bildirib.