BAKI,VOA, Fərid Mikayılov
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram platformasının təsisçisi və baş icraçı direktoru Pavel Durov barəsində "terror fəaliyyətinə yardım" ittihamı ilə cinayət işi açıldığını və onun beynəlxalq axtarışa verildiyini açıqlayıb.
VOA xəbər verir ki, Telegram rəhbərliyi Rusiyada terror və diversiya fəaliyyətlərinin əlaqələndirilməsi üçün istifadə olunduğu iddia edilən kanal və botları silməyib. Bu səbəbdən Pavel Durova qarşı "terror fəaliyyətinə yardım" maddəsi ilə istintaq aparıldığı və beynəlxalq axtarış qərarı çıxarıldığı bildirilib.
Açıqlamada qeyd olunub ki, Ukrayna xüsusi xidmət orqanları, eləcə də terrorçu və ekstremist qruplar Telegram platformasında fəaliyyət göstərən çoxsaylı kanal, söhbət qrupları və botlardan Rusiyada diversiya və terror aktlarının, kütləvi qətllərin, həmçinin kiberdələduzluq əməliyyatlarının hazırlanması və koordinasiyası məqsədilə istifadə ediblər.
Xatırladaq ki, Rusiya bir müddət əvvəl Telegram platformasına girişə məhdudiyyət tətbiq edib. Bundan başqa, şirkət müxtəlif qanun pozuntularına görə ümumilikdə 100 milyon rubldan çox məbləğdə cərimələnib.
Kremlin sözçüsü Dmitri Peskov da iyulun 27-də bildirib ki, Telegram-ın Rusiyada tam fəaliyyətinin bərpası ilə bağlı danışıqlar davam edir. Onun sözlərinə görə, şirkət nümayəndələri bu prosesdə kifayət qədər fəallıq göstərmirlər.
Buna baxmayaraq, Telegram Rusiyada ən populyar mesajlaşma və sosial media platformalarından biri olaraq qalır.