BAKI,VOA Orxan Qədirzadə
Türkiyə və İraq enerji, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib. Tərəflər neft axınlarının artırılması, "İnkişaf Yolu" layihəsinin sürətləndirilməsi və orta müddətli perspektivdə qarşılıqlı ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Razılaşma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri Əli əz-Zeydinin Ankarada keçirdiyi ikitərəfli görüşdən sonra açıqlanıb.
Enerji əməkdaşlığı genişlənəcək
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara yaxın zamanda İraqla enerji sahəsində hərtərəfli əməkdaşlıq sazişi imzalamağı hədəfləyir.
Onun sözlərinə görə, İraq tərəfi Türkiyəyə gündə 1 milyon barel neft tədarük etməyi təklif edib.
Ərdoğan əlavə edib ki, Türkiyənin dövlət neft və qaz şirkəti Kərkük yatağında fəaliyyət göstərə bilər.
Bununla yanaşı, Kərkük–Ceyhan neft kəmərinin istismar müddətinin daha bir il uzadılmasını nəzərdə tutan razılaşmanın da imzalandığı bildirilib.
"İnkişaf Yolu" layihəsi prioritetdir
İraqın Baş naziri Əli əz-Zeydi iki ölkənin "İnkişaf Yolu" layihəsinin icrasına başlayacağını açıqlayıb.
Onun sözlərinə görə, layihə İraq və Türkiyə arasında "üçüncü iqtisadi çay" rolunu oynayacaq və Şərqlə Qərbi birləşdirən strateji logistika dəhlizinə çevriləcək.
Layihə çərçivəsində İraq ərazisində təxminən 1200 kilometrlik dəmir yolu və avtomobil magistralının tikilməsi planlaşdırılır.
Marşrut Böyük Əl-Fav limanını Türkiyə sərhədi vasitəsilə Avropanın nəqliyyat şəbəkəsinə birləşdirəcək.
Əz-Zeydi bildirib ki, tərəflər enerji, nəqliyyat, su təsərrüfatı və təhsil sahələrində əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətindədir.
Üç əməkdaşlıq memorandumu imzalanıb
Səfər çərçivəsində Türkiyə və İraq arasında akademik və təhsil əməkdaşlığı, gənclər və idman, sənaye mülkiyyəti sahələri üzrə üç anlaşma memorandumu imzalanıb.
Ticarət dövriyyəsinin artırılması hədəflənir
Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, hazırda təxminən 17 milyard dollar olan ikitərəfli ticarət dövriyyəsinin orta müddətdə 30 milyard dollara çatdırılması planlaşdırılır.
Nazirin sözlərinə görə, İraq Türkiyənin beşinci ən böyük ticarət tərəfdaşıdır.
O qeyd edib ki, Kərkük–Ceyhan neft kəmərinin tam gücü ilə yenidən istismarı, Bəsrədən Ceyhana qədər yeni neft kəmərinin çəkilməsi və "İnkişaf Yolu" layihəsi iqtisadi əlaqələrin daha da güclənməsinə töhfə verəcək.
Bolatın sözlərinə görə, türk podratçı şirkətləri bu günədək İraqda ümumi dəyəri 40 milyard dollara yaxın olan 1150-dən çox layihə həyata keçiriblər.
Biznes mühitinin yaxşılaşdırılması çağırışı
Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının sədri Nail Olpak hesab edir ki, İraqda yeni hökumətin formalaşması iqtisadi əməkdaşlıq üçün daha əlverişli şərait yaradacaq.
O, gömrük prosedurlarının sadələşdirilməsinin, elektron gömrük sisteminin tətbiqinin, maliyyə köçürmələri ilə bağlı maneələrin aradan qaldırılmasının və iş adamlarına çoxgirişli vizaların verilməsinin investisiya və ticarətin inkişafına mühüm töhfə verəcəyini bildirib.