BAKI,VOA, Fərid Mikayılov
ABŞ Senatı Prezident Donald Trampın namizədi Cey Kleytonu ölkənin yeni Milli Kəşfiyyat Direktoru (DNI) vəzifəsinə təsdiqləyib. Səsvermə zamanı Senat üzvləri partiya xətti üzrə mövqe nümayiş etdirib və namizəd 51 lehinə, 47 əleyhinə səslə təsdiqlənib.
VOA xəbər verir ki, Cey Kleyton indiyədək Nyu-Yorkun Cənub Dairəsi üzrə federal prokuror vəzifəsində çalışıb.
O, son aylarda geniş ixtisarlar aparılmış Milli Kəşfiyyat Direktoru Ofisinin rəhbərliyini üzərinə götürəcək. Bildirilir ki, qurumun əməkdaşlarının sayı əvvəlki rəhbərlik dövründə həyata keçirilən ixtisarlar nəticəsində əhəmiyyətli dərəcədə azalıb.
Kleytonun təsdiqlənməsi Demokratlar Partiyasının bəzi üzvlərinin və keçmiş milli təhlükəsizlik rəsmilərinin Ağ Evin kəşfiyyat qurumlarından siyasi məqsədlərlə istifadə etməyə çalışdığı barədə ittihamları fonunda baş verib.
Senatın Kəşfiyyat Komitəsinin sədr müavini, demokrat senator Mark Uorner Kleytonun namizədliyinə qarşı səs verdiyini açıqlayaraq, onun gələcəkdə Ağ Evin mümkün siyasi təzyiqlərinə qarşı müstəqil mövqe nümayiş etdirəcəyinə dair ciddi şübhələrinin olduğunu bildirib.
Senatın Kəşfiyyat Komitəsinin respublikaçı sədri Tom Kotton isə Kleytonu yüksək peşəkarlığa malik namizəd kimi qiymətləndirib. Onun sözlərinə görə, Kleyton federal prokuror kimi milli təhlükəsizliyə təhdid yaradan cinayətkarların məsuliyyətə cəlb edilməsində kəşfiyyat və terrorla mübarizə qurumları ilə sıx əməkdaşlıq edib.
Bu arada Milli Kəşfiyyat Direktoru vəzifəsini müvəqqəti icra edən Bill Pulte rəhbərliyə gəldiyi iyun ayından bəri qurumda artıq beşinci ixtisar dalğasının həyata keçirildiyini açıqlayıb. O, son dəyişikliklər nəticəsində əməkdaş sayının təxminən 30 faiz azaldığını bildirsə də, neçə nəfərin işdən çıxarıldığını və ya digər qurumlara keçirildiyini açıqlamayıb.
Məlumata görə, Donald Trampın ikinci prezidentlik müddətinin əvvəlində Milli Kəşfiyyat Direktoru Ofisində təxminən 2 min əməkdaş çalışırdı. Ekspertlər hesab edirlər ki, aparılan ixtisarlardan sonra bu rəqəm təxminən 1 min nəfərə enə bilər.
Milli Kəşfiyyat Direktoru vəzifəsi ABŞ Konqresi tərəfindən 11 sentyabr 2001-ci il terror hücumlarından sonra ölkənin müxtəlif kəşfiyyat qurumları arasında məlumat mübadiləsini gücləndirmək məqsədilə yaradılıb.