BAKI,VOA, Fərid Mikayılov
Niderland Xarici İşlər naziri vəzifəsinə yeni təyin olunan Tom Berendsen Türkiyəyə ilk rəsmi səfərini həyata keçirəcək.
VOA xəbər verir ki, Tom Berendsen sabah Türkiyəyə işgüzar səfərə yola düşəcək.
Bu, onun nazir vəzifəsində Türkiyəyə ilk səfəri olacaq.
Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə keçiriləcək görüşlərdə iki NATO müttəfiqi arasında çoxşaxəli əməkdaşlığın inkişafı və yüksək səviyyəli siyasi dialoqun genişləndirilməsi əsas müzakirə mövzuları olacaq.
Bildirilib ki, tərəflər “Wittenburq Konfransı” çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, ikitərəfli ticarət dövriyyəsinin artırılması və iqtisadi əlaqələrin gücləndirilməsi məsələlərini də nəzərdən keçirəcəklər. Qeyd olunur ki, iki ölkə arasında ticarət həcminin 20 milyard dollara çatdırılması hədəflənir.
Görüşlər zamanı Türkiyə–Avropa İttifaqı münasibətləri, Gömrük Birliyinin yenilənməsi və viza rejiminin liberallaşdırılması kimi məsələlərin də gündəmdə olacağı gözlənilir.
Eyni zamanda regional təhlükəsizlik məsələləri, xüsusilə Yaxın Şərqdəki gərginlik, İsrail–İran qarşıdurması və Ukrayna müharibəsi ilə bağlı diplomatik səylərin müzakirəsi planlaşdırılır.