BAKI, VOA, Orxan Qədirzadə
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya İqtisadi Forumunun (WEF) və "BlackRock" investisiya şirkətinin rəhbəri Lourens Duqlas Finki qəbul edib.
VOA xəbər verir ki, İstanbuldakı Dolmabağça İşçi Ofisində mətbuata qapalı şəraitdə keçirilən görüşdə qlobal iqtisadiyyatdakı son meyllər və investisiya imkanları müzakirə olunub. Qəbulda Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, həmçinin Dünya İqtisadi Forumunun yüksək səviyyəli rəhbəri Alois Tsvinqqi də iştirak ediblər.
Qeyd edək ki, Lourens Duqlas Fink tərəfindən idarə olunan "BlackRock" hazırda dünyanın ən iri aktiv idarəetmə şirkətlərindən biri hesab olunur. 1988-ci ildə təsis edilmiş şirkət investisiya və pensiya fondları, eləcə də böyük qurumlar adından trilyonlarla dollar həcmində vəsaiti idarə edir. Maliyyə bazarlarında geniş təsir imkanlarına malik olan qurum, xüsusilə risklərin idarə olunması texnologiyaları və qlobal investisiya strategiyaları ilə tanınır. Hazırda şirkətin idarəçiliyində olan aktivlərin ümumi dəyəri 10 trilyon dollardan çoxdur.