Türk Dövlətləri

ABŞ-ın "Axios" xəbər saytı Türkiyənin son iki gündür ABŞ ilə İran arasındakı kritik mesaj trafikini idarə edən əsas ölkələrdən biri olduğunu bildirib. Prosesə Misir və Pakistan da qoşulub. "Axios"un məlumatına görə, Türkiyə, Misir və Pakistanla birlikdə gərginliyi azaltmaq məqsədilə ABŞ və İran arasında vasitəçilik missiyasını həyata keçirir. Tərəflər arasında intensiv mesaj mübadiləsi davam edir.

Qətər sahillərində hərbi helikopterin qəzaya uğraması nəticəsində aralarında Türkiyə Silahlı Qüvvələrinin zabiti və ASELSAN şirkətinin mütəxəssislərinin də olduğu 6 nəfər şəhid olub. Hadisə 21 mart axşam saatlarında Qətərin ərazi sularında baş verib. Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) rəsmi bəyanatına görə, Qətər-Türk Birləşmiş Müştərək Qüvvə Komandanlığı çərçivəsində təlim fəaliyyətləri həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopter texniki nasazlıq səbəbindən dənizə düşüb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) sosial şəbəkələrdə yayılan "Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ərazi sularından çoxsaylı raket fırlatılıb" iddialarının həqiqəti əks etdirmədiyini açıqlayıb. Rəsmi qurum bəzi sosial şəbəkə hesablarında paylaşılan görüntülərin manipulyasiya xarakterli olduğunu bəyan edib. Mərkəzin yaydığı məlumatda qeyd olunur ki, nə Türkiyə, nə də ŞKTC-nin ərazi sularında hər hansı raket atışı qeydə alınmayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin atəşkəs və sürətli sülh prosesinə maraq göstərmədiyini bildirərək, Yaxın Şərqdəki müharibənin daha uzun müddət davam edə biləcəyi barədə xəbərdarlıq edib. Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərindən sonra mətbuata açıqlama verən nazir prosesin gedişatında ABŞ-ın mövqeyinin həlledici olacağını vurğulayıb. Hakan Fidanın sözlərinə görə, İsrail ABŞ-a təsir edərək atəşkəsin qarşısını almağa və müharibəni mümkün qədər uzadaraq İrana daha çox zərər verməyə çalışır. Nazir qeyd edib ki, İsrail rəhbərliyi özü üçün vacib hesab etdiyi hərbi və sənaye hədəflərini tamamilə məhv etmədən əməliyyatları dayandırmaq niyyətində deyil.

Türkiyə Daxili İşlər Nazirliyi son iki həftə ərzində 29 şəhərdə terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatlarda 139 şübhəlinin yaxalandığını bildirib.Türkiyə Baş Polis İdarəsinin Kəşfiyyat İdarəsi, Terrorla Mübarizə (TEM) İdarəsi və Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbərliyinin koordinasiyası ilə həyata keçirilən tədbirlər çərçivəsində terror təşkilatı İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən edilən açıqlamaya görə, son 2 həftədir 29 bölgədə davam edən əməliyyatlarda terror təşkilatı ilə əlaqəli olduğu müəyyən edilən 139 şübhəli saxlanılıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirəyə verdiyi xüsusi müsahibədə İranın körfəz ölkələrinə qarşı intensivləşən hücumlarını sərt tənqid edib. Nazir Tehranın bu addımlarının regionda qalıcı düşmənçiliyə yol açdığını və strateji baxımdan yanlış olduğunu vurğulayıb. Hakan Fidan Səudiyyə Ərəbistanının dəvəti ilə Riyadda keçirilən ərəb və islam ölkələri xarici işlər nazirlərinin fövqəladə toplantısında iştirak edib. Maraqlıdır ki, nazirin müsahibəsi zamanı Riyadda hava həyəcanı siqnalları verilib və mobil telefonlara "Məkanınız hücuma məruz qalır, dərhal sığınacağa gedin" xəbərdarlığı gəlib. Lakin Fidan və nümayəndə heyəti görüşü davam etdirib, nazir yola düşdükdən qısa müddət sonra şəhərdə iki güclü partlayış səsi eşidilib.

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriyanın cənubundakı hərbi obyektləri hədəf alan son hava hücumlarını ən sərt şəkildə pisləyib. Rəsmi Ankara bu addımı bölgədəki gərginliyi nəzarətdən çıxara biləcək "təhlükəli addım" kimi xarakterizə edib. Nazirliyin yaydığı rəsmi bəyanatda qeyd olunub ki, İsrailin hücumları beynəlxalq hüquq normaları ilə tamamilə ziddiyyət təşkil edir. Türkiyə Suriyanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasını qəbuledilməz adlandıraraq, dünya birliyini hərəkətə keçməyə çağırıb:

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan regional turu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ölkə prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə bir araya gəlib. Diplomatik mənbələr görüşün əsas mövzusunun regionda genişlənən müharibə və İranın Körfəz ölkələrinə, o cümlədən BƏƏ-yə qarşı həyata keçirdiyi cavab zərbələri olduğunu bildiriblər.

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri İncirlik Hərbi Bazasındakı həyəcan siqnallarına dair sosial mediada yayılan məlumatlara münasibət bildirib. MSB-nin açıqlamasında qeyd olunub ki, sosial mediada İncirlik Hərbi Bazasındakı həyəcan siqnallarının çaldığına dair paylaşımlar yer alsa da, hər hansı bir hücum və ya təhlükəli hadisə baş verməyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə artan gərginlik fonunda İsrailin fəaliyyətlərini sərt tənqid edərək bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu tərəfindən yürüdülən siyasət qlobal sülh üçün təhlükə yaratmaqda davam edir. O, qeyd edib ki, regionda baş verən hadisələr ümumi təhlükəsizlik mühitini daha da gərginləşdirir. Onun sözlərinə görə, Rusiya-Ukraniya müharibəsi artıq beşinci ilinə daxil olub, Yaxın Şərqdə isə münaqişələr dərinləşməkdə davam edir.