#Pasqal

Fransanın “Pasqal” şirkətinin səhmləri “Nasdaq” birjasındakı ilk satış günündə 73 faizədək bahalaşıb. Daha sonra artım zəifləyərək təxminən 40 faiz səviyyəsində qalıb. “Pasqal” Avropanın kvant kompüterləri sahəsində aparıcı şirkətlərindən biridir. Şirkət başqa bir şirkətlə birləşmə nəticəsində təxminən 2 milyard dollar dəyərində qiymətləndirilib. Əməliyyatdan sonra “Pasqal” istehsalı genişləndirmək üçün təxminən 360 milyon dollar vəsait əldə edib. Şirkətin birjaya çıxması süni intellekt və qabaqcıl hesablama texnologiyalarına marağın yüksəldiyi dövrə təsadüf edir. ABŞ hökuməti də kvant texnologiyalarının inkişafının sürətləndirilməsinə milyardlarla dollar ayırmağa hazırlaşır. Kvant hesablamalarının böyük imkanlarına baxmayaraq, texniki xətalar bu sistemlərin geniş istifadəsi qarşısında mühüm maneə olaraq qalır.