BAKI,VOA,Yusif Şərifzadə
ABŞ-nin telekommunikasiya şirkəti Verizon texnologiya nəhəngi Google ilə dəyəri 1 milyard ABŞ dollarından çox olan yeni müqavilə bağladığını açıqlayıb. Razılaşma çərçivəsində Verizon Google-un məlumat emalı mərkəzləri üçün "qaranlıq fiber-optik" bağlantı xidmətləri təqdim edəcək.
VOA xəbər verir ki, Verizon-un baş icraçı direktoru Den Şulman şirkətin maliyyə nəticələrinin açıqlanmasından sonra keçirilən konfransda müqavilənin dəyərinin 1 milyard ABŞ dollarını keçdiyini bildirib.
Onun sözlərinə görə, Verizon Google-un məlumat emalı mərkəzlərinin infrastrukturunu dəstəkləmək məqsədilə istifadəyə verilməmiş, yalnız müştərinin istifadəsi üçün ayrılan fiber-optik rabitə xətlərini təmin edəcək.
Den Şulman əlavə edib ki, şirkət ilin sonunadək daha bir neçə iri müqavilə elan etməyi planlaşdırır.
O bildirib ki, həmin razılaşmalar birlikdə yaxın bir neçə il ərzində Verizon-a bir neçə milyard dollar həcmində əlavə gəlir qazandıracaq.
Şirkət gələcək müqavilələrin tərəfləri və maliyyə detalları barədə əlavə məlumat açıqlamayıb.