#Yaxın Şərq gərginliyi

ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı sərt açıqlamalar verərək Tehranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcəyini bildirib. Tramp İranın təqdim etdiyi təklifləri kəskin tənqid edib, həmçinin məhv edilmiş nüvə obyektlərindəki “nüvə tozu”nun təmizlənməsi üçün Tehranın ABŞ-dan yardım istədiyini iddia edib. Prezident “Project Freedom” layihəsinin genişləndirilə biləcəyini və İranın mühasirəyə alınması ilə bağlı planların nəzərdən keçirildiyini açıqlayıb. O, eyni zamanda kürd qruplaşmalarına verilən silahlarla bağlı narazılığını ifadə edərək ABŞ-ın İrana qarşı təzyiqlərinin davam edəcəyini vurğulayıb.

Məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən “Azadlıq layihəsi” təşəbbüsü Vaşinqtonun Hörmüz boğazında yeni reallıq formalaşdırmaq imkanlarının məhdud olduğunu ortaya qoyub. Təşəbbüsün məqsədi İranın boğaz üzərində faktiki nəzarətini zəiflətmək və gəmiçilik azadlığını bərpa etmək idi.

Livan Prezidenti Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahu ilə mümkün görüşün hazırda gündəmdə olmadığını açıqlayıb. O bildirib ki, belə bir görüş yalnız təhlükəsizlik razılaşması əldə edildikdən və İsrailin hücumları dayandırıldıqdan sonra mümkün ola bilər.

İordaniya Kralı II Abdullah Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığında İranın yenidən həyata keçirdiyi hücumları qəti şəkildə pisləyib. Kral Abdullah II bildirib ki, İordaniya BƏƏ ilə tam həmrəylik nümayiş etdirir və ölkənin təhlükəsizliyini və suverenliyini qorumaq üçün atdığı bütün addımları dəstəkləyir.

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı qısa müddətli, lakin intensiv zərbələrdən ibarət hərbi əməliyyat planı hazırlayıb. Məlumata əsasən, planın əsas hədəfi İran ərazisində yerləşən müəyyən infrastruktur obyektlərinə yönəlmiş zərbələri əhatə edir. Mənbələr bildirir ki, bu ssenari hazırkı danışıqlarda yaranmış durğunluğu aradan qaldırmaq məqsədi daşıyır.

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Hörmüz boğazı ilə bağlı yeni hərbi ssenarilər gündəmə gəlib. ABŞ-da Hörmüz boğazının bir hissəsinə nəzarətin ələ keçirilməsini nəzərdə tutan alternativ plan müzakirə olunur. Məlumata əsasən, təqdim olunması gözlənilən bu planın əsas məqsədi strateji əhəmiyyət daşıyan boğazda dəniz nəqliyyatının yenidən açılmasını təmin etməkdir. Mənbə bildirib ki, mümkün əməliyyat yalnız dəniz qüvvələri ilə məhdudlaşmaya və quru qoşunlarının da iştirakını əhatə edə bilər.

Pakistanın ABŞ və İran arasında vasitəçilik təşəbbüslərinin uğursuzluğa uğraması regionda yeni diplomatik gərginlik yaradıb. Mənbələr bildirir ki, Pakistan tərəfi ABŞ və İran arasında vasitəçilik etmək üçün ciddi diplomatik resurslar səfərbər etsə də, Tehranın son anda geri çəkilməsi bu səyləri nəticəsiz qoyub. Bu addımın Pakistanın diplomatik nüfuzuna mənfi təsir etdiyi və iki ölkə arasında gizli gərginliyə səbəb olduğu qeyd olunur.

ABŞ Prezidenti Donald Tramp İranın dəniz ticarətinə qarşı kəskin addım ataraq, bu ölkənin limanlarına giriş-çıxış edən bütün gəmilərin blokadaya alınacağını elan edib. ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" platformasındakı rəsmi hesabında məlumat paylaşıb. Dövlət başçısı qeyd edib ki, ABŞ saat 10:00-dan etibarən İran limanlarına daxil olan və ya bu limanları tərk edən bütün gəmilərə qarşı rəsmi blokada tətbiq olunacaq.

İsraildə yayımlanan Kanal 15 televiziya kanalının məlumatına görə, ölkə ordusunda xidmət edən 4 hərbçi İran adına casusluq fəaliyyəti ilə bağlı ittihamlar əsasında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Məlumata əsasən, saxlanılan hərbçilərdən bəzilərinin vəkillərlə görüşünə icazə verilməyib və bütün şübhəlilərin saxlanılma müddəti uzadılıb. Bildirilir ki, hadisə İsrail təhlükəsizlik qurumlarında narahatlıq doğuran yeni casusluq hadisəsi kimi qiymətləndirilir.