Bu gün Liviya ordusunun 27 yaşlı kapitanı Müəmmər əl-Qəzzafi Liviya Kralı I İdrisə qarşı uğurlu hərbi çevriliş həyata keçirib. Kral İdris devrilib və Qəzzafi Liviyanın yeni ali idarəetmə orqanı olan İnqilab Komandanlığı Şurasının sədri təyin edilib.
Qəddafinin pulları Sarkozinin siyasi karyerasını bitirə bilərmi?
Qəzzafi 1942-ci ildə Liviya səhrasında bir çadırda, bədəvi kəndli ailəsində anadan olub. Qabiliyyətli tələbə olan Qəzzafi 1963-cü ildə Liviya Universitetindən, 1965-ci ildə isə Benqazidəki Liviya Hərbi Akademiyasından məzun olub. Qatı ərəb millətçisi olan gənc zabit, ərəb ölkələri arasında daha sıx siyasi birliyə doğru hərəkata qarşı laqeyd və həddindən artıq mühafizəkar hesab edilən Kral İdrisi devirmək üçün zabit yoldaşları ilə birlikdə plan hazırlayıb. 1969-cu ildə Qəzzafi kapitan rütbəsinə yüksələndə inqilabçılar artıq zərbə endirməyə tam hazır idilər. Onlar Kral İdrisin ayağındakı xəstəliyin müalicəsi üçün Türkiyədəki kurortda olmasını və ölkədən kənarda qalmasını gözləyərək qansız hərbi çevrilişlə hakimiyyəti ələ keçiriblər. Monarxiya ləğv edilib; Kral İdris isə Türkiyədən Yunanıstana, oradan da sığınacaq tapdığı Misirə yollanıb. O, 1983-cü ildə Qahirədə vəfat edib.
İslami dəyərləri, inqilabi sosializmi və ərəb millətçiliyini birləşdirən Qəzzafi Liviyada qətiyyətli anti-Qərb sistemi qurdu. 1970-ci ildə o, ölkədəki ABŞ və Böyük Britaniya hərbi bazalarını çıxarıb, liviyalı italyanları və yəhudiləri ölkədən qovub. 1973-cü ildə xaricilərə məxsus neft yataqlarını milliləşdirərək nəzarətə götürüb. Spirtli içkilər və qumar oyunlarına qadağa kimi ənənəvi şəriət qaydalarını bərpa edib, qadınlara azadlıqlar verib və Liviyada yaşayış standartlarını yüksəldən sosial proqramlara start verib. Ərəb dünyasını birləşdirmək iddialarının tərkib hissəsi kimi ərəb qonşuları, xüsusən də Misir ilə sıx əlaqələr qurmağa çalışıb. Lakin Misir və digər ərəb dövlətləri İsraillə sülh prosesinə başladıqdan sonra Liviya getdikcə daha çox təcrid olunub.
Qəzzafi hökuməti bütün dünyada Fələstin partizanlarından və Filippindəki müsəlman üsyançılardan tutmuş İrlandiya Respublika Ordusuna (İRA) qədər müxtəlif silahlı qrupları maliyyələşdirib. 1980-ci illərdə Qərb onu Avropadakı çoxsaylı terror aktlarında ittiham edib. 1986-cı ilin aprelində ABŞ hərbi təyyarələri Qərbi Almaniyadakı diskotekanın bombalanmasına cavab olaraq Tripolini bombardman edib. Məlumata görə, ABŞ-ın hücumu zamanı Qəzzafi yaralanıb, körpə qızı isə həlak olub.
1990-cı illərin sonunda Qəzzafi 1988-ci ildə Şotlandiyanın Lokerbi şəhəri üzərində sərnişin təyyarəsinin partladılmasında axtarılan iki şübhəlini Qərbə təhvil verərək Liviyanı uzunmüddətli beynəlxalq təcriddən çıxarmağa çalışıb. Buna cavab olaraq Birləşmiş Millətlər Təşkilatı Liviyaya qarşı sanksiyaları aradan qaldırıb. Birləşmiş Ştatlar isə öz embarqosunu 2004-cü ilin sentyabrında ləğv edib. Ərəb dünyasında illərlə davam edən rədd cavablarından sonra Qəzzafi Cənubi Afrika kimi qeyri-islam Afrika dövlətləri ilə daha güclü əlaqələr qurmağa çalışaraq özünü təcrübəli Afrika ağsaqqalı və dövlət xadimi kimi yenidən təqdim edib.