BAKI,VOA,Yusif Şərifzadə
Fələstinin HƏMAS qruplaşması İsrailin Qəzza zolağına son hücumlarını pisləyərək beynəlxalq ictimaiyyəti müdaxilə etməyə çağırıb.
VOA xəbər verir ki, HƏMAS yaydığı bəyanatda beynəlxalq təşkilatlardan, BMT-dən və ictimai qüvvələrdən “işğalı təcrid etmək, onun rəhbərlərini məsuliyyətə cəlb etmək və müdafiəsiz fələstinlilərin qorunması üçün tədbirlər görmək” tələb edib.
Bəyanatda HƏMAS atəşkəs razılaşmasının vasitəçilərini və zəmanətçilərini üzərlərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırıb. Qruplaşma onların yeni hücumların qarşısının alınmasında daha fəal rol oynamalı olduğunu bildirib.
HƏMAS İsrailin davam edən hücumlarının ayrı-ayrı hadisələr olmadığını, bunun “sistemli eskalasiya” olduğunu iddia edib və bu siyasətdə İsrail Baş naziri Binyamin Netanyahunun hökumətini günahlandırıb.
Qruplaşma bu gün baş verdiyini bildirdiyi hücumlar sırasında Qəzzanın cənubunda evlərin dağıdılmasını, sahildə balıqçıların atəşə tutulmasını və mülki şəxslərin hədəfə alınmasını qeyd edib.
HƏMAS-ın açıqlamasına görə, həmin hücumlar nəticəsində azı 5 fələstinli həlak olub, bir neçə nəfər yaralanıb.