İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran hazırkı mərhələdə diqqəti nüvə proqramına deyil, regional münaqişələrin və xüsusilə Livandakı hərbi vəziyyətin dayandırılmasına yönəldib. Onun sözlərinə görə, nüvə proqramının detalları bu mərhələdə müzakirə olunmayacaq və məsələnin yenidən gündəmə gəlməsi gələcək diplomatik proseslərin gedişindən asılı olacaq. Bu açıqlama İranın hazırkı diplomatik prioritetlərində dəyişiklik siqnalı kimi qiymətləndirilir.
#Yaxın Şərq gərginliyi
Hizbullah Livanın cənubundakı Odaisseh qəsəbəsində İsrailə məxsus hərbi texnikanın pilotsuz uçuş aparatı ilə hədəfə alındığını bildirib. İsrail ordusu isə sərhəd bölgəsində şübhəli hava hədəflərinin aşkar edildiyini və bəzi obyektlərə zərbələrin dəydiyini açıqlayıb. Hadisənin nəticələri ilə bağlı hələlik əlavə məlumat verilməyib.
Livanlı silahlı qruplaşma Hizbullah bəyan edib ki, qüvvələri Livanın cənub bölgəsində İsrail ordusuna məxsus mövqelərə və hərbi texnikaya hücumlar həyata keçirib. Qruplaşma həmçinin Aita əl-Cabal hava məkanında İsrail dronunu vurduqlarını və Marun əl-Rəs bölgəsində hərbi mövqelərə dronlarla hücum etdiklərini iddia edir. İsrail tərəfi isə hələ rəsmi açıqlama verməyib.
Qazaxıstana səfərini başa çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən NATO-nun gələcəyi, Avropa Birliyi ilə münasibətlər, türk dövlətləri ilə əməkdaşlıq və Yaxın Şərqdəki gərginlik barədə mühüm açıqlamalar verib.
Hizbullah, Livanın cənubunda İsrailə məxsus iki hərbi mövqeyə artilleriya zərbələri endirdiyini bildirib. Təşkilat, hücumların İsrailin atəşkəsi pozması və Livan kəndlərinə endirilən zərbələrə cavab olaraq həyata keçirildiyini açıqlayıb.
Livan və İsrail nümayəndə heyətləri yeni danışıqlar mərhələsi üçün ABŞ Dövlət Departamentinin qərargahına gəliblər. Birbaşa danışıqlar cümə axşamı və cümə günləri Vaşinqton şəhərində keçiriləcək və görüşlərdə hər iki ölkənin diplomatik nümayəndələri ilə yanaşı ABŞ rəsmiləri də iştirak edəcəklər.
İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, Tehran müharibənin daimi dayandırılması, dəyən ziyanın kompensasiyası və sanksiyaların ləğvini tələb edir. Onun sözlərinə görə, təhdid və təzyiq siyasəti ilə “həqiqi sülh”ə nail olmaq mümkün deyil.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında müharibənin dayandırılması üçün kifayət qədər siyasi iradənin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər arasında daimi razılaşma mümkündür və gərginliyin artması həm regional sabitlik, həm də qlobal iqtisadiyyat üçün ciddi risk yaradır.
Livanın cənubundakı Nəbatiyyə şəhərində İsrailin həyata keçirdiyi hücum nəticəsində iki feldşer həlak olub, bir nəfər isə yaralanıb. Livan Səhiyyə Nazirliyi bildirib ki, tibbi yardım briqadası yaralı şəxsi xilas etməyə çalışarkən birbaşa hədəfə alınıb.
Küveyt İran İnqilabı Keşikçiləri Korpusunun üzvlərinin ölkəyə qanunsuz daxil olmağa cəhd etdiyini iddia edərək İran səfirinə rəsmi etiraz notası təqdim edib. Rəsmi Küveyt hadisəni suverenliyə qarşı açıq pozuntu adlandırıb və Tehranı “düşmənçilik xarakterli fəaliyyətləri” dərhal dayandırmağa çağırıb.
ABŞ ilə İran arasında əldə olunmuş kövrək atəşkəsin gələcəyi sual altına düşərkən, Pakistanın vasitəçilik rolu ətrafında yeni diplomatik gərginlik yaranıb. Vaşinqton İslamabadın Tehrana qarşı kifayət qədər sərt mövqe nümayiş etdirib-etdirmədiyini müzakirə edir.
Banqladeş İsrailin Livanın cənubuna endirdiyi zərbələri “dəhşətli” adlandıraraq sərt şəkildə pisləyib. Dəkkə hücum nəticəsində iki Banqladeş vətəndaşının həlak olduğunu açıqlayıb və İsraili beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb.