İsrailin intensiv hücumları altında olan Qəzza zolağının şimal bölgələrində internet və rabitə xidmətləri tamamilə dayandırılıb. Fələstinin telekommunikasiya şirkətləri tərəfindən yayılan yazılı açıqlamada bildirilib ki, İsrail ordusunun hücumlarının hədəfi olan Qəzza şəhəri və Şimal vilayətində sabit internet və əlaqə xidmətləri tamamilə kəsilib. Açıqlamada qeyd olunub ki, İsrail ordusu bölgəyə rabitə və internet xidməti göstərən əsas xətləri hədəfə alıb və nəticədə xidmətlərdə kəsinti baş verib. Həmçinin, təhlükələrə baxmayaraq, rabitə xətlərinin bərpası üçün texniki işlərə başlanıldığı vurğulanıb.
#Qəzza müharibəsi
İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza şəhərinə yönələn quru hücumunu genişləndirərək intensiv hava zərbələri endirib. Hücumlar nəticəsində azı 17 fələstinli, o cümlədən 7 nəfər Qəzza şəhərində həlak olub, onlarla insan yaralanıb. Fələstin rəsmi agentliyi “Vafa”-nın məlumatına görə, Xən Yunusun Məvasi bölgəsində yerləşən qaçqın çadırına endirilən zərbədə eyni ailədən 3 nəfər həyatını itirib. Mərkəzdə, Nuseyrat düşərgəsində isə bir ailənin evi hədəfə alınaraq ata, hamilə ana və qız övladı öldürülüb. Qəzzanın cənubunda Tel əl-Həva məhəlləsində yerləşən yaşayış mənzilinə hücum zamanı da 2 nəfər ölüb, digərləri yaralanıb.
İsrail ordusu Qəzza şəhərində yerləşən və içərisində 80 xəstənin olduğu Rantisi Uşaq Xəstəxanasını bombalayıb. Qəzzadakı Səhiyyə Nazirliyinin açıqlamasına görə, dünən axşam saatlarında İsrail ordusu xəstəxananın yuxarı mərtəbələrinə bir neçə dəqiqə fasilə ilə üç dəfə hava zərbəsi endirib. Nazirliyin açıqlamasında hücum qınanıb və bu addımın İsrailin Qəzza zolağında səhiyyə sistemini hədəf alma və xidmətləri sıradan çıxarma yönündəki sistematik siyasətinin bir sübutu olduğu bildirilib.
ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzaya başlatdığı genişmiqyaslı quru əməliyyatını “özünümüdafiə” adlandırıb. Tramp çıxışında deyib: “Əgər onlar belə etsələr, böyük bir bəlaya düşəcəklər. Yenə də böyük bəlaya düşəcəklər”. O, HƏMAS-ın girovları “mağaralardan və dərin tunellərdən” hərəkət etdirdiyini iddia edərək bu metodları “əsrlərdir görünməmiş vəhşilik” adlandırıb.
Türkiyə Xarici İşlər Nazirliyi, İsrailin Qəzza şəhərində quru əməliyyatı başlatması ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada, İsrailin hücumları qətiyyətlə pislənib, və qeyd olunub ki, bu quru əməliyyatı, bir milyondan çox fələstinlinin sığındığı Qəzza şəhərində davam edən qətliamların daha da şiddətlənməsinə səbəb olacaq. Həmçinin vurğulanıb ki, əməliyyat yüz minlərlə fələstinlinin bir daha yerindən-yurdundan didərgin düşməsinə gətirib çıxaracaq və bölgədəki insani böhranı daha da dərinləşdirəcək.
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 59 nəfər artaraq 64 min 964-ə yüksəlib. Qəzzadakı Səhiyyə Nazirliyi tərəfindən yayımlanan yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən ölüm və yaralanma halları ilə bağlı son statistika təqdim olunub. Məlumata görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 59 nəfər meyit və 386 yaralı gətirilib.
İsrailin Qəzzədə tətbiq etdiyi sistemli aclıq siyasəti səbəbindən xəstəxanalar yetərsiz qidalanma nəticəsində dərisi-sümükləri görünən, ölümə yaxın olan uşaqlarla doludur. Aclıqdan ölənlərin sayı isə sürətlə artır. Aclıq səbəbindən baş verən ölümlər təhlükəli həddə çatıb. Qəzzə Səhiyyə Nazirliyinin son məlumatlarına görə, yetərsiz qidalanma və aclıq səbəbilə ölənlərin sayı 146-sı uşaq olmaqla 428-ə yüksəlib. Cənubda yerləşən Xan Yunis şəhərindəki Nasir Xəstəxanası, qida çatışmazlığından əziyyət çəkən, tibbi imkanların olmaması səbəbindən diaqnoz və müalicə oluna bilməyən xəstəliklərlə mübarizə aparan uşaqlarla doludur. Bu uşaqların bəziləri nə yeməyə bir şey, nə də qalmağa yataq tapa bilir və kömək əli uzanmasını gözləyirlər.
Fələstin Xarici İşlər Nazirliyi İsrail ordusunun Qəzza şəhərinə quru hücuma başlamasının ardından beynəlxalq ictimaiyyəti “fövqəladə və təcili müdaxilə”yə çağırıb. Nazirliyin bəyanatında bildirilib ki, Qəzzada baş verənlər mülki əhalinin qəsdən hədəfə alınması, şəhərin kütləvi məzarlığa çevrilməsi və yaşanmaz hala gətirilməsi deməkdir. Məlumata görə, təqribən bir milyon fələstinli ölüm təhlükəsi altında qaçqın vəziyyətinə düşüb. Fələstin XİN beynəlxalq ictimaiyyəti hərbi cinayətləri dayandırmağa, dərhal atəşkəsə nail olacaq siyasi və diplomatik həll yollarını gücləndirməyə, mülki şəxslərin qorunmasına, onların Qəzza zolağından məcburi köçürülməsinin qarşısını almağa çağırıb. Eyni zamanda girovların və məhbusların azad edilməsi, humanitar yardımın davamlı şəkildə çatdırılması üçün “Nyu-York Bəyannaməsi”nin icrasının vacibliyi vurğulanıb.
İsrailin Fələstində jurnalistlərin öldürülməsinə görə heç vaxt məsuliyyətə cəlb edilmədiyi, bunun isə 20 ildən çox davam etdiyi bildirilib. AzerVoice xəbər verir ki, bu barədə BMT-nin ifadə və fikir azadlığı üzrə xüsusi məruzəçisi İrene Xan Cenevrədə keçirdiyi mətbuat konfransında açıqlama verib. Xan çıxışında qeyd edib ki, İsrailin cəzasız qalması özbaşınalıq mühiti yaradıb və nəticədə “həqiqəti yerindəcə ortaya qoymağa cəsarət edənləri məhv etmək üçün İsrail əsgərləri istədiklərini edə bilirlər”.
İsrailin hücumları və mühasirəsi səbəbindən Qəzza zolağında aclıq fəlakəti yaşanır. Son 24 saat ərzində 3 fələstinli daha aclıq və qidalanma çatışmazlığı səbəbilə həlak olub. Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, aclıq və qida çatışmazlığı səbəbindən ölənlərin sayı 7 oktyabr 2023-cü ildən bu yana 425-ə yüksəlib. Onlardan 145-i uşaqdır. BMT-nin dəstəklədiyi Enteqre Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) 22 avqust tarixində Qəzza şəhərində "aclq vəziyyəti" elan edib. Həmin tarixdən bu günə qədər bölgədə 30-u uşaq olmaqla 147 nəfər aclıq səbəbilə həyatını itirib.
İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava və artilleriya hücumları nəticəsində 3-ü uşaq olmaqla 25 fələstinli həyatını itirib. Xəstəxana mənbələri və yerli şahidlərin bildirdiyinə görə, Qəzza şəhərinə yönəlmiş hücumlar xüsusilə intensiv xarakter alıb. Əldə olunan məlumatlara görə, İsrail ordusu Qəzza şəhərinin qərbindəki Rimal məhəlləsində bir fələstinli ailənin yerləşdiyi çadırı bombalayıb. Nəticədə, 6 nəfər, o cümlədən 3 uşaq həlak olub.
İsrail ordusunun Baş Qərargah rəisi, general Eyal Zamir, “Knesset”də çıxışı zamanı Baş nazir Benyamin Netanyahudan Qəzzadakı əməliyyatların növbəti mərhələsi ilə bağlı heç bir aydın göstəriş almadığını bildirib. Onun sözləri, ordunun Qəzzaya hücumlarını genişləndirməyə hazırlaşdığı bir vaxtda, İsrail ordusunun hazırlıq vəziyyətinə dair narahatlıqları artırıb.