BMT-nin Uşaq Fondu (UNICEF) bildirib ki, Qəzzada uşaqlar arasında ağır qidalanma çatışmazlığı səviyyəsi 2025-ci ilin avqustunda 19 faizədək yüksəlib. Bu, hər beş uşağın birinin kəskin aclıqdan əziyyət çəkdiyi deməkdir. Ümumilikdə təxminən 13 min uşaq kritik vəziyyətdədir. UNICEF xəbərdarlıq edib ki, davam edən İsrail əməliyyatları fonunda sığınacaqların və həyati vacib xidmətlərin olmaması 450 min uşağın həyatını birbaşa təhlükə altına qoyur. Qurum bunu yaxınlaşan humanitar fəlakət kimi qiymətləndirib.
#Qəzza hücumu
Qəzza əhalisi uzun müddətdir gigiyenik şəraitin olmaması səbəbindən müxtəlif dəri xəstəliklərindən əziyyət çəkirdi. İndi isə eyni infeksiyalar İsrail ordusunun əsgərlərinə də yayılıb. Cümə günü ön cəbhəyə göndərilən yüzlərlə nizami və ehtiyat hərbçi qaşınmadan şikayətlənib, bədənlərində yaralar əmələ gəlib. “Yedioth Ahronoth” qəzetinin dərc etdiyi fotolarda əsgərlərin bədənində açıq yaralar görünür. Onların sözlərinə görə, səbəb bit, taxtabiti, digər həşərat sancmaları, üfunətli qoxu və dayanıqsız sularla bağlıdır. Bir əsgərin atası deyib: “Oğlum əvvəlcə bu əziyyəti gizlətmişdi. Ailəlikcə istirahətə çıxanda təsadüfən bədənindəki yaraları gördük. Bu dəhşətli idi. Övladlarımız qaşınmadan yata bilmir. Bu, Qəzzanın başqa bir lənəti kimi geri dönür.”
İspaniyanın şimalındakı Bask bölgəsinin Sestao şəhərində keçirilməsi planlaşdırılan 40-cı “Basque Country Open” şahmat turnirində israilli şahmatçıların İsrail bayrağı ilə çıxış etməsinə qadağa qoyulub. Bu qərar İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlara etiraz olaraq qəbul edilib. İsrail isə buna cavab olaraq turnirdən çəkilmək qərarı verib.
BMT Təhlükəsizlik Şurasının İsrailin Qətərə hücumunu pisləyən bəyanatı uzun illərdən sonra ilk dəfə ABŞ-ın da beynəlxalq konsensusa qoşulması ilə mümkün olub. Bu dəfə Vaşinqton da İsrailin HƏMAS-a qarşı müharibəni aşaraq bütün beynəlxalq qanun və normaları pozan addımlarına qarşı çıxış edib. Şuranın qəbul etdiyi bəyanatda İsrailin adı açıq şəkildə qeyd olunmasa da, “əsas vasitəçi ölkənin ərazisi olan Dohaya edilən son hava hücumları pislənir” ifadəsi diqqət çəkib. Bu, nəinki Donald Tramp dövründə, hətta onun sələfi Co Baydenin hakimiyyəti illərində də ilk dəfə BMT TŞ-nin İsraili hədəf alan pisləmə bəyanatı idi.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində aralarında qadın və uşaqların da olduğu 20 fələstinli həyatını itirib. Hadisə şahidlərinin və xəstəxana mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu səhər saatlarından etibarən yaşayış məntəqələrini, yardım gözləyənləri və müxtəlif bölgələrdə yerləşən evləri hədəfə alıb. İsrail, Qəzza şəhərinin şimal-qərbində yerləşən Tuvan bölgəsində Sultan ailəsinə məxsus bir evə hava zərbəsi endirib. Hücum nəticəsində 14 fələstinli həlak olub, çox sayda insan yaralanıb.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava və artilleriya hücumları nəticəsində azı 9 fələstinli həyatını itirib, onlarla insan yaralanıb. Hücumlar həm mülki yaşayış evlərini, həm də yerindən edilmiş insanların sığındığı çadırları və yardım növbəsində gözləyən insan qruplarını hədəf alıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT), İsrailin Qəzza şəhərində binaları hədəf almağa davam etdiyini bildirərək, dünəndən etibarən şimaldan cənuba doğru 10 mindən çox insanın məcburi köçkün edildiyini açıqlayıb. BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında danışıb. O bildirib ki, BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (OCHA) əməkdaşları İsrail qüvvələrinin Qəzza şəhərində daha çox binanı bombaladığını qeyd ediblər.
İsrailin blokadasını yarmaq üçün Qəzzaya doğru irəliləyən Azadlıq Flotiliyası Tunisdən yola düşmək üçün son hazırlıqlarını görür. Azadlıq Flotiliyasına Tunisdən qoşulacaq qayıqlarda yer alacaq fəallar yerli vaxtla saat 17:00-da paytaxt Tunisdəki Sidi Bu Səid limanında toplanmağa başlayıblar. Donanmanı yola salmaq üçün limana toplaşan yüzlərlə tunisli Qəzzaya və donanmaya dəstək mesajları veriblər.
Paytaxt Sanada Müdafiə Nazirliyinin qərargahının vurulduğu bildirilir. İsrail ordusu hücumu təsdiqləyib.Yəmənin "Əl-Məsira" televiziya kanalının xəbərində husilərə bağlı silahlı qüvvələrin Sənaya hücum edən İsrail təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemləri ilə mübarizə apardığı bildirilib. Xəbərdə məsələyə dair ətraflı məlumat verilməyib. İsrail ordusunun açıqlamasında Səna və Cövf bölgələrində husilərə məxsus hədəflərə hücum edildiyi, bu hədəflər arasında hərbi düşərgələr, Hərbi İctimaiyyətlə Əlaqələr Mərkəzi və bir yanacaq anbarının olduğu iddia edilib.
İsrailin hücumları və blokadası səbəbilə aclıq yaşanan Qəzza zolağında son 24 saatda 5 fələstinli daha aclıqdan həyatını itirib Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yazılı açıqlamasında aclıqdan ölənlərlə bağlı son məlumatlar paylaşılıb. Açıqlamada, son 24 saat ərzində 5 fələstinlinin aclıq və qida çatışmazlığı səbəbilə həyatını itirdiyi bildirilib. Qeyd olunub ki, 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağında aclıqdan həyatını itirənlərin sayı 141-i uşaq olmaqla 404 nəfərə çatıb. Birləşmiş Millətlər tərəfindən dəstəklənən İnteqrə Olmuş Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) 22 avqustda Qəzza şəhərində rəsmi olaraq “aclıq vəziyyəti” elan etdiyi xatırladılıb və həmin tarixdən bu yana 26-sı uşaq olmaqla 126 nəfərin aclıq və qidalanma çatışmazlığı səbəbilə həyatını itirdiyi bildirilib.
“Yedioth Ahronoth” qəzeti İsrailin Qəzzaya qarşı apardığı müharibəyə dair beynəlxalq miqyasda aparılan kampaniyanı təhlil edərək yazıb ki, bu kampaniya artıq yalnız İsrailin Qəzzadakı fəaliyyətlərinə deyil, ümumilikdə onun mövcudluğuna qarşı yönəlib. Qəzetin yazarı Ben-Dror Yemini məqaləsində HƏMAS-ın “çox uğurla həyata keçirdiyi” və İsraili diplomatik təcridə, həmçinin sürətlə genişlənən boykotlara sürükləyən “mənfi təbliğat”ından xəbərdarlıq edib. Onun fikrincə, baş nazir Benyamin Netanyahunun hökuməti beynəlxalq aləmdə yaranmış ciddi siyasi zərəri görməməzlikdən gələrək İsraili təhlükəli iflas həddinə aparır.
İsrail tərəfi son günlərdə Misirlə imzalanmış iri həcmli qaz müqaviləsini ləğv etmək ehtimalını gündəmə gətirib. İsrail mediasının yazdığına görə, Netanyahu və enerji naziri Eli Kohen avqustda imzalanmış sövdələşməni yenidən nəzərdən keçirmək niyyətindədirlər. Bu isə Qahirədə ciddi narazılıq yaradıb.Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Baş nazir Mustafa Madbuli və neft naziri Karim Bədavi ilə keçirdiyi iclasda yerli qaz hasilatının artırılması, yeni enerji strategiyası və enerji mərkəzinə çevrilmə planları müzakirə olunub.