#İraq

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani bazar ertəsi İtaliyanın "Corriere Della Sera" qəzetinə verdiyi müsahibədə ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD beynəlxalq koalisiyasının fəaliyyətinə xitam verilməsi prosesini sürətləndirəcəyini bildirib. Baş nazirin bu açıqlamaları İraqın öz iradəsi xaricində Yaxın Şərqdəki münaqişəyə sürükləndiyi bir vaxta təsadüf edir. Xatırladaq ki, bu münaqişə fevralın 28-də İsrail və ABŞ-ın İrana zərbələr endirməsi ilə başlayıb. Həmin tarixdən bəri İranyönümlü silahlı qruplaşmalar İraqda və regionda ABŞ-ın maraqlarına qarşı demək olar ki, hər gün hücumlar təşkil edir.

İraqın Baş naziri Məhəmməd Şiə Əl-Sudani Bağdadda kəşfiyyat qərargahına edilən dron hücumunu pisləyərək bunu “qorxaq silahlı qrupun terror aktı” adlandırıb. Sudani bildirib ki, bu hadisə hökumətlə silahlı qruplar arasında dialoq imkanlarını faktiki olaraq aradan qaldırır. Onun sözlərinə görə, bəzi qruplar ABŞ-ın İraqdakı maraqlarına qarşı hücumları İranla həmrəylik adı altında davam etdirir.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən İraqa avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 45,7 faiz azalaraq, 17 milyon 988 min dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında İraqa avtomobil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28,1 faiz azalaraq, 8 milyon 772 min 95 dollara çatdırıb.

İraqın paytaxtı Bağdadda Mərakeş Səfirliyinin yaxınlığına pilotsuz uçuş aparatı (PUA) düşüb. Bölgədəki Anadolu Agentiliyi müxbiri Bağdadın Mənsur rayonunda yerləşən Mərakeş Səfirliyi yaxınlığında PUA-nın düşməsi nəticəsində ərazidən tüstü yüksəldiyini bildirib. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. İraq rəsmiləri hadisə ilə bağlı hələ ki rəsmi açıqlama verməyiblər.

İraq gündəlik 250 min barel həcmində neft ixracını Türkiyənin Ceyhan limanı vasitəsilə yenidən başladıb. Məlumata görə, dövlətə məxsus Şimal Neft Şirkəti Kərkük yataqlarından neftin Ceyhana nəqlini təmin edən Sarlo nasos stansiyasının fəaliyyətə başladığını açıqlayıb. İlkin mərhələdə ixrac gücü gündə 250 min barel səviyyəsində müəyyən edilib.

İraqın neft naziri Heyan Əbdülqəni Bağdadın bəzi neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verilməsi barədə İranla danışıqlar apardığını açıqlayıb. Rəsmi xəbər agentliyinin çərşənbə axşamı yaydığı məlumata görə, bu addım İraqın öz sularında tankerlərə edilən son hücumlardan sonra xam neft ixracında yaranan fasilələri aradan qaldırmaq məqsədi daşıyır.

Fransa Prezidenti Emmanuel Makron cümə günü verdiyi rəsmi bəyanatda İraqda həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində bir fransız əsgərinin həyatını itirdiyini açıqlayıb. Hücum İraqın şimalındakı Kürdüstan bölgəsində yerləşən Ərbil şəhərini hədəf alıb. Prezident "X" sosial platformasında etdiyi paylaşımda həlak olan hərbçinin Varş şəhərində yerləşən 7-ci Alpin Dağ Atıcıları Taborunun baş giziri Arno Frion olduğunu bildirib. Makron əsgərin ailəsinə, yaxınlarına və silahdaşlarına millət adından dərin hüznlə başsağlığı verib.

İraqın ərazi sularında iki neft tankerinə endirilən zərbələr nəticəsində ən azı bir heyət üzvü həyatını itirib. İraqın Limanlar üzrə Baş Şirkətinin rəsmisi Fərxan əl-Fartusi bildirib ki, hücumdan sonra aparılan genişmiqyaslı xilasetmə əməliyyatları nəticəsində tankerlərdəki 51 işçi sağ-salamat təxliyə edilib və onların vəziyyəti hazırda qənaətbəxşdir. Hindistanın Bağdaddakı səfirliyi isə həlak olan şəxsin Hindistan vətəndaşı olduğunu təsdiqləyib. Məlumata görə, hücuma məruz qalan gəmilərdən biri ABŞ-a məxsus olan və Marşall adalarının bayrağı altında üzən "Safesea Vishnu" neft tankeridir.

İtaliya Müdafiə Nazirliyinin cümə axşamı yaydığı məlumata görə, İraq Kürdüstanında yerləşən İtaliya hərbi bazası gecə saatlarında raket hücumuna məruz qalıb. Nazirlik rəsmi "X" platformasında verdiyi açıqlamada raketin Ərbildəki bazaya düşdüyünü, lakin İtaliya hərbi heyəti arasında hər hansı tələfat və ya yaralanma halının qeydə alınmadığını bildirib. Heyət üzvlərinin hamısının vəziyyətinin yaxşı olduğu və hadisə ilə bağlı Müdafiə naziri Quido Krosettonun yüksək rütbəli hərbi komandirlərlə daimi təmasda olduğu diqqətə çatdırılıb.

İraq Müdafiə Nazirliyi ölkədə yerləşən hərbi hava bazalarına qarşı həyata keçirilən hücumlara sərt reaksiya verib. Müdafiə Nazirliyi belə hücumların təkrarlanacağı təqdirdə İraqın buna səssiz qalmayacağını və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı təhdidə qarşı bütün hüquqlarından istifadə edəcəyini bəyan edib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu regionda artan müharibə riski fonunda bağlanan hava məkanları və nəqliyyat marşrutları ilə bağlı mühüm açıqlamalar verib. Nazir bildirib ki, Suriya, İraq, İran və İsrail hava məkanlarının tamamilə qapalı olması səbəbindən hava hərəkətində ciddi risklər yaranıb. Bu vəziyyətdə həm Türkiyə, həm də xarici ölkə vətəndaşlarının təxliyəsi üçün Oman və Səudiyyə Ərəbistanı üzərindən əlavə reyslər təşkil edilib. Nazir qeyd edib ki, müvafiq ölkələrlə əldə olunan razılığa əsasən, vətəndaşlar quru yolu ilə bu ölkələrə keçərək oradan İstanbul vasitəsilə dünyaya yollanırlar və hazırda bu prosesdə heç bir ciddi axsama müşahidə olunmur.