#İsrailin Livan hücumu

Livan Səhiyyə Nazirliyinin təqdim etdiyi son rəsmi məlumatlara görə, İsrail ordusunun 2 mart tarixindən bəri davam edən intensiv hücumları nəticəsində ölənlərin sayı 2 min 534 nəfərə çatıb, yaralıların sayı isə 7 min 863-ə yüksəlib. Hücumlar nəticəsində ölkənin səhiyyə infrastrukturuna da ciddi ziyan dəyib; belə ki, 16 xəstəxana zərər görüb və 100 tibb işçisi həyatını itirib.

Livanın rəsmi xəbər agentliyinin yaydığı son məlumata görə, şənbə günü İsrail ordusunun ölkənin cənubuna endirdiyi hava zərbələri nəticəsində dörd nəfər həyatını itirib. Eyni zamanda, İsrail hərbçiləri Hizbullahın ölkənin şimalına raket zərbələri endirdiyini bildirib ki, bu da bu yaxınlarda müddəti uzadılmış kövrək atəşkəs rejimi üçün növbəti ciddi sınaq kimi qiymətləndirilir.

İsrail ordusu, atəşkəs rejiminə rəğmən Livanın cənubunda işğal etdiyi ərazilərdən kənarda yerləşən Deyr Amis qəsəbəsinə hava zərbələri endirib. İsrail ordusunun Livanda 17 aprel tarixində qüvvəyə minən atəşkəsə baxmayaraq, ölkə ərazisindəki hücumları davam edir. Livanın rəsmi agentliyi olan NNA-nın məlumatına görə, İsrail ordusu Livanın cənubundakı Sur şəhərinə bağlı Deyr Amis qəsəbəsini hava hücumu ilə hədəf alıb.

İsrail hökuməti bazar ertəsi günü İtaliyanın ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi etirazını bildirib. Diplomatik gərginliyə səbəb İtaliyanın Xarici İşlər naziri Antonio Tayaninin Beyruta səfəri zamanı İsrailin hərbi fəaliyyətlərini sərt dildə tənqid etməsidir. Nazir Tayani Livan rəsmiləri ilə görüşü zamanı İsrailin mülki əhaliyə yönəlmiş hücumlarını "qəbulolunmaz" adlandırıb və İtaliyanın Livan xalqı ilə həmrəy olduğunu vurğulayıb. O, sosial şəbəkə hesabında paylaşım edərək Qəzzada baş verən humanitar fəlakətin Livanda təkrarlanmaması üçün tərəfləri dialoqa və dərhal atəşkəsə çağırıb.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), İsrailin 8 aprel hücumları nəticəsində Livanda 33 uşağın həlak olduğunu və 153-nün yaralandığını bildirdi. UNICEF-in rəsmi internet saytı və sosial media hesabı vasitəsilə edilən açıqlamalarda mövzu ilə bağlı ətraflı məlumat verilib. Açıqlamada Livandakı hücumlardan uşaqların ciddi şəkildə təsirləndiyi vurğulanaraq, "Uşaqlar dağıntılar altından çıxarılır. Ailələr parçalanır," ifadələri işlədilib.

Livanın Baş naziri Nəvaf Salam paytaxt Beyrutda çıxışı zamanı ölkədə vəziyyətin “çox kritik” olduğunu bildirib. Nəvaf Salam eyni zamanda cənub bölgələrində qalan vətandaşlara təşəkkürünü bildirib, onların cəsarətini yüksək qiymətləndirərək dövlətin onları dəstəkləyəcəyini və bütün zəruri ehtiyacların qarşılanması üçün səylərin davam etdiriləcəyini vurğulayıb

İsrail ordusu şənbə günü səhər saatlarında Beyruta yeni hücum dalğası başladaraq İran tərəfindən dəstəklənən "Hizbullah" qruplaşmasını hədəf aldığını bəyan edib. Livanın dövlət mediası isə ölkənin cənubunda da intensiv zərbələrin endirildiyini xəbər verir. Livan martın 2-də "Hizbullah"ın İranın ali rəhbəri Əli Xameneyinin öldürülməsinin qisasını almaq məqsədilə İsrailə raketlər atmasından sonra Yaxın Şərq müharibəsinə sürüklənib. İsrail ordusu həmin tarixdən etibarən Livanın müxtəlif bölgələrinə zərbələr endirir və ölkənin cənubuna quru qoşunları yeridib. Şənbə günü verilən qısa bəyanatda İsrail qüvvələrinin hazırda Beyrutda "Hizbullah" terror təşkilatının hədəflərini vurduğu bildirilib.

Yaxın Şərqdə 2026-cı ilin fevral ayından başlayan hərbi gərginlik mart ayının ortalarında ən kritik həddinə çatıb. İsrail ordusu Livandakı hərbi kampaniyasını genişləndirərək paytaxt Beyrutun mərkəzi məhəllələrinə silsilə hava zərbələri endirməyə başlayıb. Livan Səhiyyə Nazirliyinin son məlumatına görə, Basta və Zoqaq əl-Blat rayonlarına endirilən zərbələr nəticəsində 10 nəfər həlak olub, 27 nəfər yaralanıb. Bu hücumlar paytaxtın indiyədək toxunulmaz sayılan ərazilərinin də hədəfə alınması ilə "Beyrut istisnası"nın sona çatdığını göstərir. Eyni zamanda, Livanın cənub və şərq bölgələrində, xüsusilə Bekaa vadisində yaşayış binalarının vurulması nəticəsində ölənlərin ümumi sayı 900-ü keçib, 1 milyondan çox insan isə məcburi köçkünə çevrilib.

İsrail ordusunun gecə saatlarından başlayaraq Livanın müxtəlif nöqtələrinə təşkil etdiyi hava hücumları nəticəsində insan itkiləri kəskin artıb. Livanın rəsmi NNA agentliyinin yaydığı məlumata görə, son zərbələr nəticəsində həyatını itirənlərin ümumi sayı 23 nəfərə yüksəlib. Hücumların ən ağır nəticəsi Sur şəhərinin Burç Kalavay bölgəsində qeydə alınıb. İsrail döyüş təyyarələrinin buradakı tibb müəssisəsini hədəf alması nəticəsində 12 səhiyyə işçisi həyatını itirib. Livan Səhiyyə Nazirliyi tibbi personalın hədəf alınması ilə bağlı ilkin rəqəmləri təsdiqləyərək hadisəni kəskin pisləyib.

İsrail ordusunun Livanın cənubu, Bekaa bölgəsi və paytaxt Beyruta təşkil etdiyi son hava hücumları nəticəsində 5 nəfərin həyatını itirdiyi bildirilib. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, ölkənin cənubundakı Sur şəhərində İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) bir avtomobili hədəf alıb və nəticədə 1 nəfər dünyasını dəyişib. Eyni zamanda, Bekaa bölgəsinin Ber Elyas rayonunda bir mənzilə endirilən zərbə nəticəsində "Camaat-i İslami" təşkilatının rəsmisi Yusuf ed-Dahukun iki oğlu həlak olub, özü isə ağır yaralanıb.

İsrail ordusunun 2 mart tarixindən etibarən Livana qarşı başlatdığı hərbi əməliyyatlar genişlənərək paytaxt Beyrutun mərkəzi və sahil hissələrini hədəf almağa davam edir. Son məlumatlara görə, İsrail hərbi təyyarələri şəhərin Dahiye və Remle Beyda bölgələrinə intensiv hava zərbələri endirib. Şahidlərin bildirdiyinə görə, Beyrutun mərkəzində şiddətli patlayış və aşağı hündürlükdə uçan qırıcıların səsləri eşidilib, vurulan nöqtələrdən qara dumanlar yüksəlib. Xüsusilə gecə saatlarında Remle Beyda sahilində həyata keçirilən hücumda dəniz kənarındakı bir avtomobilin hədəf alındığı və zərbənin gücündən dəniz suyunun metrlərlə hündürlüyə qalxdığı görüntülənib.