#Livan İsrail münasibətləri

İsrail artıq Livanı bombalamayacaq. ABŞ tərəfindən bunu etmələri qadağan edildi. Bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bildirib. O, məsələ ilə bağlı mövqeyini "Artıq kifayətdir" ifadəsi ilə qəti şəkildə ortaya qoyub. ABŞ lideri bu diqqətçəkən bəyanatla özünə məxsus "Truth Social" sosial media platformasındakı paylaşımında çıxış edib.

İsrail ordusunun Livanda avtomobil və motosikletləri hədəf alan hücumları nəticəsində 3 nəfər həyatını itirib. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, İsrail ordusu səhər saatlarından etibarən ölkənin cənubundakı onlarla qəsəbə və kəndi intensiv atəşə tutub. Hücumlar zamanı ölkənin şərqindəki Dahr Baydar yolu üzərində bir avtomobilin pilotsuz uçuş aparatı (PUA) ilə vurulması nəticəsində 1 nəfər ölüb. Qasimiye və Habbuş-Nebatiye yollarında hərəkətdə olan motosikletlərin hədəf alınması nəticəsində daha 2 nəfər dünyasını dəyişib.

İsrailin "Haaretz" qəzetinin yaydığı məlumata görə İsrail ordusu son dövrlərdə Livanın cənubunda və sərhəd xətti boyunca əlavə hərbi məntəqələr yaradıb. Ötən ay quru işğalına yenidən başlayan İsrail ordusu 2024-cü ildəki atəşkəsdən sonra Livan ərazisində qalan 5 strateji nöqtəni nəzarətdə saxlamağa davam edir. Şahidlərin ifadələrinə istinadən hazırlanan xəbərdə İsrailin Livan torpaqlarında qurduğu hərbi postların sayının iki qat artacağı gözlənilir.

İsrail və Livan nümayəndələrini bir araya gətirən birbaşa danışıqlar ABŞ-ın Dövlət katibi Marko Rubionun ev sahibliyi ilə Vaşinqtonda başlayıb. ABŞ Dövlət Departamentinin binasında keçirilən görüşlərdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı ABŞ-ın yüksək rütbəli diplomatları da iştirak edir. Müzakirələrə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts və hər iki ölkənin Vaşinqtondakı səfirləri qatılıblar.

İsrail hökuməti bazar ertəsi günü İtaliyanın ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi etirazını bildirib. Diplomatik gərginliyə səbəb İtaliyanın Xarici İşlər naziri Antonio Tayaninin Beyruta səfəri zamanı İsrailin hərbi fəaliyyətlərini sərt dildə tənqid etməsidir. Nazir Tayani Livan rəsmiləri ilə görüşü zamanı İsrailin mülki əhaliyə yönəlmiş hücumlarını "qəbulolunmaz" adlandırıb və İtaliyanın Livan xalqı ilə həmrəy olduğunu vurğulayıb. O, sosial şəbəkə hesabında paylaşım edərək Qəzzada baş verən humanitar fəlakətin Livanda təkrarlanmaması üçün tərəfləri dialoqa və dərhal atəşkəsə çağırıb.

İsrail ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasına qarşı başlatdığı hərbi əməliyyatların miqyasını kəskin şəkildə genişləndirib. Son 24 saat ərzində bölgədə 200-dən çox hədəfə intensiv hava zərbələri endirilib. İsrail hərbi komandanlığının yaydığı məlumata görə, bu hücumlar əsasən quru qoşunlarının irəliləməsinə şərait yaratmaq məqsədilə həyata keçirilir. Hədəflər arasında raket qurğuları, silah anbarları və strateji infrastruktur obyektlərinin olduğu bildirilir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), İsrailin 8 aprel hücumları nəticəsində Livanda 33 uşağın həlak olduğunu və 153-nün yaralandığını bildirdi. UNICEF-in rəsmi internet saytı və sosial media hesabı vasitəsilə edilən açıqlamalarda mövzu ilə bağlı ətraflı məlumat verilib. Açıqlamada Livandakı hücumlardan uşaqların ciddi şəkildə təsirləndiyi vurğulanaraq, "Uşaqlar dağıntılar altından çıxarılır. Ailələr parçalanır," ifadələri işlədilib.

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Livan Prezidenti Cozef Aun ilə telefon danışığı apararaq, İsrailin Livana endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib. Əmir Qətərin Livanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı hər hansı müdaxiləni qətiyyətlə rədd etdiyini bildirib. Qətər Rəsmi Xəbər Agentliyinin (QNA) məlumatına görə, tərəflər Livandakı son hərbi gərginliyin ölkə və regionun sabitliyinə təsirlərini müzakirə ediblər.

İsrail ordusunun martın 2-dən bəri Livanın cənubunda başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar davam edir. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, son hava hücumları nəticəsində müxtəlif bölgələrdə ümumilikdə 9 nəfər dünyasını dəyişib, bir məscid isə tamamilə dağıdılıb. Nəbatiyə şəhərinin Beraşit qəsəbəsinə endirilən zərbələr nəticəsində yerli məscid hədəf alınaraq tamamilə uçurulub. Sur şəhəri yaxınlığındakı sənaye bölgəsinə edilən hücumda isə 2-si qadın olmaqla 5 nəfər həlak olub. Eyni zamanda, Ayn Baal qəsəbəsində bir evin vurulması nəticəsində eyni ailədən 2 nəfər həyatını itirib, dağıntılar altında qalan digər şəxslərin xilasetmə işləri davam edir.

Livan Səhiyyə Nazirliyi çərşənbə günü verdiyi bəyanatda İsrail ordusunun Beyrutun cənub məhəllələrinə və paytaxt yaxınlığındakı yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində azı 7 nəfərin həyatını itirdiyini bildirib. Məlumata görə, Beyrutun Jnah bölgəsindəki avtomobilləri hədəf alan reyd zamanı 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Təhlükəsizlik mənbələri bu hücumun binaları deyil, konkret nəqliyyat vasitələrində olan şəxsləri hədəf alan sui-qəsd cəhdi olduğunu ehtimal edirlər. Bundan əlavə, çərşənbə axşamı gecə saatlarında paytaxtın cənubundakı Xalde bölgəsinə endirilən zərbə daha 2 nəfərin ölümünə səbəb olub.