#Livan İsrail münasibətləri

İsrail ordusu çərşənbə axşamı günü verdiyi rəsmi bəyanatda Cənubi Livanda İran tərəfindən dəstəklənən "Hizbullah" qruplaşması ilə gedən döyüşlərdə dörd əsgərinin həlak olduğunu təsdiqləyib. Hərbi mənbələrin məlumatına görə, eyni taborun üzvü olan üç hərbçi döyüş meydanında həyatını itirib, digər bir əsgərin isə eyni hadisə zamanı öldüyü, lakin adının hələlik ictimaiyyətə açıqlanmadığı bildirilir. Toqquşmalar zamanı daha iki İsrail hərbçisi müxtəlif dərəcəli xəsarətlər alıb. İsrail rəsmiləri bu hərbi kampaniyanın "Hizbullah"ın sərhəd bölgəsindən tamamilə təmizlənməsinə qədər davam edəcəyini və prosesin uzunmüddətli işğala çevrilə biləcəyini istisna etmirlər.

İsrail ordusu şənbə günü səhər saatlarında Beyruta yeni hücum dalğası başladaraq İran tərəfindən dəstəklənən "Hizbullah" qruplaşmasını hədəf aldığını bəyan edib. Livanın dövlət mediası isə ölkənin cənubunda da intensiv zərbələrin endirildiyini xəbər verir. Livan martın 2-də "Hizbullah"ın İranın ali rəhbəri Əli Xameneyinin öldürülməsinin qisasını almaq məqsədilə İsrailə raketlər atmasından sonra Yaxın Şərq müharibəsinə sürüklənib. İsrail ordusu həmin tarixdən etibarən Livanın müxtəlif bölgələrinə zərbələr endirir və ölkənin cənubuna quru qoşunları yeridib. Şənbə günü verilən qısa bəyanatda İsrail qüvvələrinin hazırda Beyrutda "Hizbullah" terror təşkilatının hədəflərini vurduğu bildirilib.

Yaxın Şərqdə 2026-cı ilin fevral ayından başlayan hərbi gərginlik mart ayının ortalarında ən kritik həddinə çatıb. İsrail ordusu Livandakı hərbi kampaniyasını genişləndirərək paytaxt Beyrutun mərkəzi məhəllələrinə silsilə hava zərbələri endirməyə başlayıb. Livan Səhiyyə Nazirliyinin son məlumatına görə, Basta və Zoqaq əl-Blat rayonlarına endirilən zərbələr nəticəsində 10 nəfər həlak olub, 27 nəfər yaralanıb. Bu hücumlar paytaxtın indiyədək toxunulmaz sayılan ərazilərinin də hədəfə alınması ilə "Beyrut istisnası"nın sona çatdığını göstərir. Eyni zamanda, Livanın cənub və şərq bölgələrində, xüsusilə Bekaa vadisində yaşayış binalarının vurulması nəticəsində ölənlərin ümumi sayı 900-ü keçib, 1 milyondan çox insan isə məcburi köçkünə çevrilib.

Fransanın Livan üzrə xüsusi nümayəndəsi Jan-İv Le Drian çərşənbə günü verdiyi bəyanatda bildirib ki, İsrailin şiddətli hücumları davam etdiyi bir vaxtda Livan hökumətindən İran tərəfindən dəstəklənən Hizbullahı tərksilah etməsini tələb etmək məntiqsizdir. O, böhranın yalnız danışıqlar yolu ilə həll oluna biləcəyini vurğulayıb. Livan rəsmilərinin məlumatına görə, martın 2-dən bəri İsrailin hücumlarında 900-dən çox insan həlak olub.

İsrail ordusunun gecə saatlarından başlayaraq Livanın müxtəlif nöqtələrinə təşkil etdiyi hava hücumları nəticəsində insan itkiləri kəskin artıb. Livanın rəsmi NNA agentliyinin yaydığı məlumata görə, son zərbələr nəticəsində həyatını itirənlərin ümumi sayı 23 nəfərə yüksəlib. Hücumların ən ağır nəticəsi Sur şəhərinin Burç Kalavay bölgəsində qeydə alınıb. İsrail döyüş təyyarələrinin buradakı tibb müəssisəsini hədəf alması nəticəsində 12 səhiyyə işçisi həyatını itirib. Livan Səhiyyə Nazirliyi tibbi personalın hədəf alınması ilə bağlı ilkin rəqəmləri təsdiqləyərək hadisəni kəskin pisləyib.

İsrail ordusunun Livanın müxtəlif bölgələrinə təşkil etdiyi hava hücumlarında daha 17 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail hərbi təyyarələri ölkənin cənubundakı Əl-Ənsariyyə qəsəbəsinə intensiv zərbələr endirib. Eyni zamanda, Sur şəhərinin cənub-şərqində yerləşən Hoş bölgəsində bir kafe İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəf alınıb. Səhiyyə Nazirliyi isə Beyrutun cənubundakı Avzai bölgəsində motosikletin hədəf alındığı hücumda bir nəfərin öldüyünü, Kana və Hoş qəsəbələrində isə ümumilikdə 6 nəfərin həlak olduğunu, çox sayda insanın yaralandığını açıqlayıb. Şərqi Zavtar, Kılaviyyə və Hinnaviyyə qəsəbələrində də ölümlə nəticələnən zərbələr qeydə alınıb.

İsrail hərbi təyyarələrinin Livanın cənubunda yerləşən Nəbatiyə şəhərinə bağlı Cəbşit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində 6 nəfər həyatını itirib. Ölənlərdən 4-nün eyni ailənin üzvləri olduğu bildirilir. Livanın rəsmi xəbər agentliyi NNA-nın yaydığı məlumata görə, İsrail hərbi təyyarələri Cəbşit qəsəbəsində bir neçə hava hücumu həyata keçirib. Hücum nəticəsində 6 nəfər həlak olub, onlardan 4-ü eyni ailənin üzvləri olub. Bildirilir ki, İsrail təyyarələri səhər saatlarında qəsəbədə başqa bir yaşayış evini də hədəfə alıb. Hücum nəticəsində həmin ev tamamilə dağılıb.

Livanın Təhsil və Ali Təhsil Nazirliyi ölkədəki mövcud hərbi vəziyyətlə əlaqədar rəsmi bəyanat yayıb. Açıqlamada bildirilir ki, can təhlükəsizliyi və fövqəladə təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, ölkə daxilindəki bütün özəl və dövlət məktəblərində, həmçinin peşə və texniki təhsil müəssisələrində təhsil müvəqqəti olaraq dayandırılıb. Nazirlik hadisələrin gedişatını anbaan izlədiyini və qərarların gündəlik təhlükəsizlik qiymətləndirmələrinə uyğun olaraq yenilənəcəyini vurğulayıb.

Livan hakimiyyəti bildirib ki, bazar günü ölkənin şərqində, Suriya sərhədi yaxınlığında İsrailin həyata keçirdiyi hava zərbəsi nəticəsində 4 nəfər həlak olub. AFP-nin məlumatına görə, İsrail tərəfi zərbənin Fələstinin “İslami Cihad” qruplaşmasının üzvlərinə qarşı yönəldiyini açıqlayıb. 2024-cü ilin noyabrında İsrail ilə Hizbullah arasında bir ildən artıq davam edən qarşıdurmanı dayandırmaq məqsədilə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrail Livan ərazisinə mütəmadi zərbələr endirməyə davam edir. Rəsmi Tel-Əviv adətən hücumların İranın dəstəklədiyi Hizbullahı hədəf aldığını bildirir, lakin bəzi hallarda Fələstin qruplaşmalarını, o cümlədən HƏMAS-ı da hədəf seçdiyini qeyd edir.

İsrail hərbi qüvvələri cümə günü Cənubi Livanın bir neçə bölgəsinə hava hücumları həyata keçirib. Hərbi mənbələr, Sidon bölgəsinə də hava zərbəsi endirdiklərini bildirərək, burada da Hizbullah döyüşçüsünün hədəfləndiyini açıqlayıblar. Hazırda Hizbullah tərəfdən hər hansı açıqlama verilməyib.

Livanın xarici işlər naziri Yusuf Rəcci İsrailin Livana qarşı genişmiqyaslı hücumlara hazırlaşdığına dair ərəb və beynəlxalq tərəflərdən xəbərdarlıqlar aldıqlarını bildirib. Nazir Rəcci Qətər mərkəzli “Al Jazeera” ərəb televiziya kanalına gündəmlə bağlı açıqlamalar verib. Rəcci atəşkəsə baxmayaraq İsrailin Livan ərazisinə hücumlarını davam etdirdiyinə diqqət çəkərək, bunun dayandırılması üçün intensiv diplomatik fəaliyyət apardıqlarını qeyd edib.

İsrail hərbi təyyarələri Livanın cənub və şərq bölgələrinə hava hücumları həyata keçirib. İsrail 27 noyabr 2024-cü ildə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Livana qarşı hücumlarını davam etdirir. İsrail hərbi təyyarələri ölkənin cənubundakı Çarmak, Mahmhudiye, Zarariye, Ansar, Tuffahta, Beyseriyye, Rafi Dağı, Saced, Reyhan, Armata, Ceba, Tebne və Vadi Bengol bölgələrini hədəf alıb. Bundan əlavə, Livanın şərqindəki Qərbi Bekaa bölgəsində Zalaya Vadisinə də 4 hava hücumu həyata keçirilib.