ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin acı nəticələri ağırlaşmaqda davam edir. Tehran Təcili Tibbi Yardım Departamentinin rəis müavini Mehr Soruşun verdiyi məlumata görə, hərbi əməliyyatlar başlayandan bəri təkcə paytaxt Tehranda ən azı 460 nəfər həyatını itirib, 4 min 309 nəfər isə yaralanıb. İctimai yayımçı "IRIB News"a danışan Soruş bildirib ki, 28 fevraldan bu yana həyata keçirilən hücumlar nəticəsində paytaxtdakı 18 təcili yardım avtomobili və 18 təcili yardım stansiyası ciddi zərər görərək istifadəyə yararsız hala düşüb. Bu vəziyyətin yaralılara ilkin tibbi müdaxilə prosesini və ümumi səhiyyə xidmətlərini ciddi şəkildə iflic etdiyi vurğulanır.
#İsrail İran hücumu
İsrail Baş naziri Binyamin Netanyahu, İranın müqavimətini qırdıqlarını iddia edərək hərbi əməliyyatların davam edəcəyinə dair siqnal verib. İsrail Baş Nazirliyi Ofisinin yaydığı məlumata görə, Netanyahu Səhiyyə naziri Haim Katz ilə Milli Sağlamlıq Mərkəzinə ziyarəti zamanı etdiyi çıxışda məqsədlərinin İran xalqını "rejimdən xilas etmək" olduğunu irəli sürüb. O, "İndiyədək atdığımız addımlarla onların müqavimətini qırdığımız və hələ də aktiv olduğumuz şübhəsizdir" deyərək hücumların ardının gələcəyi mesajını verib. İsrailin beynəlxalq mövqeyində dəyişikliyə nail olduqlarını iddia edən Netanyahu, müdafiənin İrana qarşı hücumlardan daha önəmli olduğunu, bunun isə hər şeydən əvvəl xalqın iradəsi və yüksək inamı ilə bağlı olduğunu bildirib.
İranın təxminən 10 saatlıq fasilədən sonra həyata keçirdiyi raket cavab tədbirlərindən sonra, başda Təl-Əviv olmaqla İsrailin bir çox bölgəsində həyəcan siqnalları işə düşüb. İsrail ordusundan verilən açıqlamada raketlərin İrandan İsrailə doğru atıldığı və hava hücumundan müdafiə sistemlərinin bu raketləri zərərsizləşdirməyə çalışdığı bildirilib. Təhlükə altında olan bölgələrdə vətəndaşların cib telefonlarına xəbərdarlıq mesajları göndərilib və növbəti elana qədər sığınacaqlarda qalmaları tapşırılıb.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bazar ertəsi gecə yarısından sonra Krallığın hava məkanına daxil olan ən azı üç ballistik raket və dörd pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımlarında bildirilir ki, Əl-Xərc bölgəsindəki Şahzadə Sultan aviabazasına doğru atılan üç ballistik raketin qarşısı alınıb və onlar məhv edilib. PUA-lardan ikisi paytaxt Ər-Riyadın şimal hissəsində, biri "Boş məkan" (Empty Quarter) səhrasındakı Şeybah neft yatağı üzərində, digəri isə şimaldakı Əl-Cof vilayətində zərərsizləşdirilib.
İsrailin İrandakı neft anbarlarına təşkil etdiyi hava hücumları Vaşinqtonun "gözlədiyindən daha geniş" miqyasda reallaşıb. Mənbələr, İsrailin əməliyyatdan əvvəl ABŞ-ı məlumatlandırdığını, lakin hücumların miqyasının iki müttəfiq arasında fikir ayrılığına yol açdığını irəli sürüb. ABŞ-lı bir rəsmi, sözügedən addımların "yaxşı bir fikir olduğunu düşünmədiklərini" müdafiə edərək, yaşanan fikir ayrılığının və ABŞ-ın müharibə ilə bağlı gözləntilərinin yüksək səviyyəli siyasi görüşlərdə müzakirə olunmasının gözlənildiyini ifadə edib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi bildirib ki, bu gün ölkənin hava müdafiə sistemləri 15 balistik raket və 119 pilotsuz uçuş aparatını (PUA) məhv edib. BƏƏ Müdafiə Nazirliyinin yaydığı yazılı açıqlamada deyilir ki, hava müdafiə sistemi tərəfindən aşkarlanan 16 balistik raketin 15-i dayandırılıb və məhv edilib, bir raket isə dənizə düşüb. Açıqlamada həmçinin qeyd olunub ki, eyni gündə aşkarlanan 121 PUA-dan 119-u təsirsiz hala gətirilib, iki PUA isə BƏƏ torpaqlarına düşüb. ABŞ və İsrailin İrana qarşı başladığı müharibədən bəri İran tərəfindən ölkənin hava məkanına edilən hücumlara dair açıqlamada verilən məlumatlara görə: cəmi 221 balistik raket aşkarlanıb, bunlardan 205-i məhv edilib, 14-ü dənizə düşüb və 2-si BAE torpaqlarına dəyib. Cəmi 1305 PUA aşkarlanıb, bunlardan 1229-u dayandırılıb, 76-sı ölkə torpaqlarına düşüb. 8 qanadlı raket aşkarlanaraq məhv edilib.
İran Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivənd ABŞ və İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölkə daxilində 4 mindən çox mülki binanın ciddi zərər gördüyünü açıqlayıb. "Mehr" xəbər agentliyinə danışan Kolivənd qeyd edib ki, indiyədək 3 min 646 yaşayış evi və mülki tikili hücumlara məruz qalıb, 528 ticarət obyekti isə tamamilə məhv edilib. Hücumların miqyası səhiyyə infrastrukturundan da yan keçməyib; İranlı rəsminin sözlərinə görə, 3 xəstəxana fəaliyyətini tamamilə dayandırmalı olub, 14 tibb mərkəzi isə müxtəlif dərəcəli dağıntılara məruz qalıb.
ABŞ və İsrailin İrana qarşı başlatdığı "Epic Fury" (Destansı Öfke) əməliyyatının ilk 36 saatına dair yayımlanan hərbi analizlər hücumların miqyasını və intensivliyini ortaya qoyur. Aparılan araşdırmalara görə, hücumların ilkin mərhələsində 3 mindən çox yüksək dəqiqlikli idarə olunan sursat və önləyici raketdən istifadə edilib. Bu qədər intensiv sursat sərfi Qərbin müdafiə sənayesinin tədarük zənciri və ehtiyatların yenilənməsi imkanları üzərində ciddi təzyiq yaradır. Analizlər göstərir ki, ABŞ ordusu əməliyyatın ilk 36 saatında təkcə GBU-31, GBU-32 və GBU-38 tipli JDAM idarəetmə dəstlərindən təxminən 250 ədəd istifadə edib.
İranda müvəqqəti Liderlik Şurası yeni ali liderin seçilməsi ilə bağlı proqramı hazırlamaq məqsədilə dördüncü dəfə bir araya gəlib. İran dövlət televiziyasının məlumatına görə, iclasda Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani də iştirak edərək son hərbi və siyasi proseslər barədə məlumat verib.
Qətər hakimiyyəti paytaxt Doha yaxınlığında yerləşən və ABŞ-ın regiondakı ən mühüm hərbi mərkəzlərindən biri olan Əl-Udeyd hava bazasını hədəf alan pilotsuz uçuş aparatı (PUA) hücumunun qarşısının alındığını elan edib. Qətər Müdafiə Nazirliyindən verilən rəsmi bəyanatda bildirilir: "Qətər Hava Hücumundan Müdafiə Qüvvələri Əl-Udeyd hava bazasını hədəf alan PUA hücumunu zərərsizləşdirib". Hadisə zamanı Qətər Daxili İşlər Nazirliyi təhlükəsizlik səviyyəsini ən yüksək həddə qaldıraraq, əhalini pəncərələrdən və açıq sahələrdən uzaq durmağa, qapalı məkanlarda qalmağa çağırmışdı. Bir müddət sonra təhlükənin sovuşduğu və vəziyyətin normallaşdığı elan edilib.
Türkiyə Xarici İşlər Nazirliyi İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi PUA hücumu ilə bağlı rəsmi bəyanat yayıb.
İordaniya Xarici İşlər və Miqrantlarla İş üzrə Nazirlik İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf alma cəhdini ən kəskin ifadələrlə pisləyib.