BAKI, VOA, Nailə Babazadə
İranın təxminən 10 saatlıq fasilədən sonra həyata keçirdiyi raket cavab tədbirlərindən sonra, başda Təl-Əviv olmaqla İsrailin bir çox bölgəsində həyəcan siqnalları işə düşüb.
VOA xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada raketlərin İrandan İsrailə doğru atıldığı və hava hücumundan müdafiə sistemlərinin bu raketləri zərərsizləşdirməyə çalışdığı bildirilib. Təhlükə altında olan bölgələrdə vətəndaşların cib telefonlarına xəbərdarlıq mesajları göndərilib və növbəti elana qədər sığınacaqlarda qalmaları tapşırılıb.
Bölgədəki Anadolu Agentliyinin (AA) müxbiri xəbər verir ki, başda paytaxt Təl-Əviv olmaqla bir çox şəhərdə siren səsləri eşidilib. Hava hücumundan müdafiə sistemlərinin aktivləşməsindən sonra səmada ard-arda partlayış səsləri qeydə alınıb.
İsrailin təcili yardım xidməti olan "Qırmızı Davud Ulduzu", raket düşməsi ilə bağlı hələlik hər hansı bir məlumat almadıqlarını və birbaşa zərbə faktının qeydə alınmadığını açıqlayıb. İsrail mətbuatı isə İrandan göndərilən raketlərdən birinin havada zərərsizləşdirildiyini, digərinin isə Təl-Əviv üzərindən keçərək dənizə düşdüyünü iddia edib.