#İsrailin İran hücum planı

Fransa Prezidenti Emmanuel Makron cümə günü verdiyi rəsmi bəyanatda İraqda həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində bir fransız əsgərinin həyatını itirdiyini açıqlayıb. Hücum İraqın şimalındakı Kürdüstan bölgəsində yerləşən Ərbil şəhərini hədəf alıb. Prezident "X" sosial platformasında etdiyi paylaşımda həlak olan hərbçinin Varş şəhərində yerləşən 7-ci Alpin Dağ Atıcıları Taborunun baş giziri Arno Frion olduğunu bildirib. Makron əsgərin ailəsinə, yaxınlarına və silahdaşlarına millət adından dərin hüznlə başsağlığı verib.

Livan hökuməti İranın Beyrutdakı səfirliyinin nümayəndəsini rəsmi izahat üçün Xarici İşlər Nazirliyinə çağırıb. Bu barədə Livanın informasiya naziri açıqlama verib. Nazirin sözlərinə görə, bu addım İranın "Təsnim" xəbər agentliyinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və "Hizbullah"ın Livan ərazisindən birgə əməliyyat keçirməsi barədə yaydığı məlumatdan sonra atılıb. Livan rəsmiləri bu növ hərbi fəaliyyətlərin ölkənin suverenliyi və daxili təhlükəsizliyi kontekstində ciddi araşdırılacağını və lazımi hüquqi-diplomatik tədbirlərin görüləcəyini bildiriblər.

İsveçrə hökuməti çərşənbə günü verdiyi bəyanatda Yaxın Şərqdə davam edən müharibə və artan təhlükəsizlik riskləri səbəbindən Tehrandakı səfirliyini müvəqqəti bağladığını elan edib. Bern şəhərindəki Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfir Olivye Banjerter və digər beş İsveçrəli diplomatik əməkdaş artıq quru yolu ilə İran ərazisini tərk ediblər. Diplomatik heyətin vəziyyət imkan verən kimi Tehrana qayıdacağı gözlənilir. Bununla belə, neytrallığı ilə tanınan İsveçrə rəsmi Vaşinqton və Tehran arasında diplomatik əlaqələrin saxlanılması üçün "açıq rabitə xəttini" qoruyacağını vurğulayıb.

Tehranın bələdiyyə sədri Əlirza Zakani İran dövlət televiziyasına verdiyi açıqlamada ABŞ və İsrailin ölkəyə qarşı həyata keçirdiyi hərbi əməliyyatların görünməmiş miqyasına diqqət çəkib. Zakani bildirib ki, cari müharibənin ilk 10 günü ərzində ölkə ərazisində 9 min nöqtə hücumlara məruz qalıb. Müqayisə üçün o xatırladıb ki, ötən ilin iyun ayında baş verən və 12 gün davam edən silahlı münaqişə zamanı cəmi 1450 nöqtə hədəf alınmışdı. Hazırda paytaxtda və digər şəhərlərdə genişmiqyaslı dağıntıların aradan qaldırılması və dağıntılar altından təmizləmə işlərinin aparıldığı vurğulanıb.

"New York Times" (NYT) qəzetinin peyk görüntüləri, sosial media videoları və rəsmi mənbələrə istinadən yaydığı xəbərdə ABŞ və İsrailin hücumlarına cavab olaraq İranın həyata keçirdiyi əməliyyatlar nəticəsində Amerikanın 17 hərbi və diplomatik obyektinin vurulduğu iddia edilir. Məlumata görə, bəzi ABŞ müəssisələri bir neçə dəfə hədəf alınıb və bu hücumlar Vaşinqton rəsmilərinin proqnozlaşdırdığından daha genişmiqyaslı xarakter daşıyıb. Xüsusilə vurğulanır ki, İranın döyüşə hazırlıq səviyyəsi gözləniləndən yüksək olub və Tehran münaqişənin başladığı gündən bəri Yaxın Şərqdəki hərbi hədəflərə minlərlə raket və pilotsuz uçuş aparatı (PUA) göndərib.

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin acı nəticələri ağırlaşmaqda davam edir. Tehran Təcili Tibbi Yardım Departamentinin rəis müavini Mehr Soruşun verdiyi məlumata görə, hərbi əməliyyatlar başlayandan bəri təkcə paytaxt Tehranda ən azı 460 nəfər həyatını itirib, 4 min 309 nəfər isə yaralanıb. İctimai yayımçı "IRIB News"a danışan Soruş bildirib ki, 28 fevraldan bu yana həyata keçirilən hücumlar nəticəsində paytaxtdakı 18 təcili yardım avtomobili və 18 təcili yardım stansiyası ciddi zərər görərək istifadəyə yararsız hala düşüb. Bu vəziyyətin yaralılara ilkin tibbi müdaxilə prosesini və ümumi səhiyyə xidmətlərini ciddi şəkildə iflic etdiyi vurğulanır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Türkiyə Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, nazir Fidan türkiyəli həmkarına Türkiyə hava məkanının pozulmasının qəbulolunmaz olduğunu qətiyyətlə bildirib. O, Türkiyənin bu cür hallara qarşı bütün zəruri tədbirləri görməyə davam edəcəyini vurğulayıb. Nazir Fidan, həmçinin bütün tərəflərin regional təhlükəsizliyə xələl gətirə biləcək və mülki şəxslər üçün risk yaradacaq addımlardan çəkinməli olduğunu qeyd edib. Öz növbəsində İranın xarici işlər naziri Abbas Araqçı Türkiyə hava məkanına yönələn raketlərin İran mənbəli olmadığını iddia edərək, məsələ ilə bağlı genişmiqyaslı araşdırmanın aparılacağını bildirib.

İsrail Baş naziri Binyamin Netanyahu, İranın müqavimətini qırdıqlarını iddia edərək hərbi əməliyyatların davam edəcəyinə dair siqnal verib. İsrail Baş Nazirliyi Ofisinin yaydığı məlumata görə, Netanyahu Səhiyyə naziri Haim Katz ilə Milli Sağlamlıq Mərkəzinə ziyarəti zamanı etdiyi çıxışda məqsədlərinin İran xalqını "rejimdən xilas etmək" olduğunu irəli sürüb. O, "İndiyədək atdığımız addımlarla onların müqavimətini qırdığımız və hələ də aktiv olduğumuz şübhəsizdir" deyərək hücumların ardının gələcəyi mesajını verib. İsrailin beynəlxalq mövqeyində dəyişikliyə nail olduqlarını iddia edən Netanyahu, müdafiənin İrana qarşı hücumlardan daha önəmli olduğunu, bunun isə hər şeydən əvvəl xalqın iradəsi və yüksək inamı ilə bağlı olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qida Hüququ üzrə xüsusi məruzəçisi Maykl Faxri, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların beynəlxalq hüquq normalarına zidd olduğunu və bu vəziyyətin həm bölgəni, həm də bütün dünyanı qeyri-sabitlik riski ilə üz-üzə qoyduğunu bəyan edib. Altı illik fəaliyyət müddəti başa çatmaqda olan Faxri, Anadolu Agentliyinə verdiyi müsahibədə ABŞ və İsrailin addımlarının açıq şəkildə qanunsuz olduğunu və bu gərginliyin İranda, eləcə də ümumilikdə regionda daha çox aclıq, məcburi köçkünlük və qorxu mühiti yaradacağını vurğulayıb. İsrailin işğalçılıq siyasətinin Suriya və Livana doğru genişləndiyini, Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüdsdə zorakılığın davam etdiyini xatırladan məruzəçi, bu regional müharibədən ən çox uşaqların, qadınların və yaşlıların əziyyət çəkdiyini qeyd edib.

İranın təxminən 10 saatlıq fasilədən sonra həyata keçirdiyi raket cavab tədbirlərindən sonra, başda Təl-Əviv olmaqla İsrailin bir çox bölgəsində həyəcan siqnalları işə düşüb. İsrail ordusundan verilən açıqlamada raketlərin İrandan İsrailə doğru atıldığı və hava hücumundan müdafiə sistemlərinin bu raketləri zərərsizləşdirməyə çalışdığı bildirilib. Təhlükə altında olan bölgələrdə vətəndaşların cib telefonlarına xəbərdarlıq mesajları göndərilib və növbəti elana qədər sığınacaqlarda qalmaları tapşırılıb.

Küveyt Milli Qvardiyası ölkənin şimal və cənubundakı məsuliyyət zonalarında 6 pilotsuz uçuş aparatının (PUA) vurularaq salındığını elan edib. Küveyt Milli Qvardiyasının sözçüsü, briqada generalı Cadan Fazıl Cadan sosial media hesabı vasitəsilə verdiyi açıqlamada, xüsusi əhəmiyyət kəsb edən bölgələrdə 6 PUA-nın zərərsizləşdirildiyini təsdiqləyib. General Cadan bu addımın ölkənin təhlükəsizliyini artırmaq, həyati əhəmiyyətli obyektləri qorumaq və potensial təhdidlərin qarşısını almaq məqsədi daşıdığını qeyd edib.

İsrailin İrandakı neft anbarlarına təşkil etdiyi hava hücumları Vaşinqtonun "gözlədiyindən daha geniş" miqyasda reallaşıb. Mənbələr, İsrailin əməliyyatdan əvvəl ABŞ-ı məlumatlandırdığını, lakin hücumların miqyasının iki müttəfiq arasında fikir ayrılığına yol açdığını irəli sürüb. ABŞ-lı bir rəsmi, sözügedən addımların "yaxşı bir fikir olduğunu düşünmədiklərini" müdafiə edərək, yaşanan fikir ayrılığının və ABŞ-ın müharibə ilə bağlı gözləntilərinin yüksək səviyyəli siyasi görüşlərdə müzakirə olunmasının gözlənildiyini ifadə edib.