#İsrailin İran hücum planı

İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq 28 fevraldan bəri Körfəz bölgəsi başda olmaqla 7 ərəb ölkəsindəki ABŞ bazalarına və kritik nöqtələrinə ən azı 3955 hücum həyata keçirdiyi bildirilir. Anadolu Agentliyinin bölgə ölkələrinin müdafiə nazirlikləri və informasiya mərkəzlərindən topladığı məlumatlara görə, bu hücumlardan ən çox təsirlənən ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub.

İranın dövlət mediası İsrail tərəfinin öldüyünü iddia etdiyi Əli Laricaninin öz əli ilə yazdığı müraciəti paylaşıb. Bildirilib ki, paylaşılan bu mesaj Əli Laricaninin dəniz döyüşçülərinin dəfn mərasimi ərəfəsində qələmə aldığı yazıdır. İsmarıcda İran İslam Respublikasının Denadakı dəniz döyüşçülərinin şəhadətinin beynəlxalq zalımlara qarşı mübarizə aparan cəsur millətin fədakarlıqlarının bir parçası olduğu vurğulanıb. Laricani qeyd edib ki, həmin şəxslərin xatirəsi hər zaman İran millətinin qəlbində yaşayacaq və bu şəhidliklər İran ordusunun silahlı qüvvələr strukturunun uzun illər boyu təməlini təşkil edəcək. Mesajın sonunda müəllif uca Allahdan şəhidlərə ən yüksək mərtəbələr nəsib etməsini diləyib.

İraqın neft naziri Heyan Əbdülqəni Bağdadın bəzi neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verilməsi barədə İranla danışıqlar apardığını açıqlayıb. Rəsmi xəbər agentliyinin çərşənbə axşamı yaydığı məlumata görə, bu addım İraqın öz sularında tankerlərə edilən son hücumlardan sonra xam neft ixracında yaranan fasilələri aradan qaldırmaq məqsədi daşıyır.

İsrail ordusunun gecə saatlarında həyata keçirdiyi hava hücumunda İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricaninin hədəf alındığı irəli sürülüb. Yerli mətbuata danışan və adı açıqlanmayan İsrailli rəsmi ordunun gecə Laricanini hədəf alan əməliyyat keçirdiyini iddia edib. Həmin rəsmi Laricaniyə qarşı təşkil edilən hava hücumunun nəticəsinin hələlik məlum olmadığını bildirib.

“Müharibənin gedişatı ABŞ və İsrailin istədiyi kimi getmir. Böyük ehtimalla, bu müharibə bir müddət də davam edəcək”. “Fevralın 28-də İrana qarşı başladılan hücum əməliyyatları nə ABŞ, nə də İsrailin gözləndiyi kimi getmir. İsrail gözləyirdi ki, İrana qarşı müharibə başlayan kimi ölkəni kütləvi etirazlar bürüyəcək və nəticə etibarı ilə rejim çökəcək. Bu baş vermədi. Burada digər önəmli məqam isə Trampın bazar günü verdiyi açıqlamalardır. Tramp qeyd edib ki, ABŞ NATO-da müttəfiqlərini 40 il bəsləyib və onlara hər cür dəstək verib, amma müttəfiqlər bu müharibədə ABŞ-ı yalnız buraxdı.

İranın hərbi rəsmiləri Amerika Birləşmiş Ştatları və İsrail ilə davam edən gərginlik fonunda bəyanatlarının tonunu kəskinləşdiriblər. İran hərbi sözçüsü İbrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampa ünvanladığı açıqlamasında müharibənin taleyinin sosial media platformalarında deyil, birbaşa döyüş meydanında müəyyən ediləcəyini vurğulayıb.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan atılan ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla dəf edildiyini açıqlayıb. BƏƏ Müdafiə Nazirliyinin yaydığı yazılı bəyanatda bildirilir ki, ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səsləri hava hücumundan müdafiə bölmələri və qırıcı təyyarələrin müdaxiləsi nəticəsində təhdidlərin havada məhv edilməsindən qaynaqlanıb. Nazirlik bütün müdafiə vahidlərinin İran mənbəli hücumlara qarşı tam hazırlıq və yüksək teyakkuz vəziyyətində olduğunu vurğulayıb.

İranın Mərkəzi əyalətində yerləşən yaşayış məntəqəsinə ABŞ və İsrail qüvvələri tərəfindən hava zərbəsi endirilib. İran dövlət televiziyasının yaydığı məlumata görə, hücum əyalətin Hizab kəndini hədəf alıb. Hadisə zamanı kənddəki evlərdən birinə birbaşa mərmi düşməsi nəticəsində dağıntılar yaranıb. İlkin məlumatlara əsasən, hücum nəticəsində 6 mülki şəxs həyatını itirib, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi və vəziyyətlərinin izlənildiyi bildirilir.

Türkiyə təhlükəsizlik mənbələri İrandan atılan ballistik raketlərin NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsindən sonra Ankaranın rəsmi mövqeyinə dair mühüm açıqlamalar verib. Mənbələr vurğulayıb ki, Türkiyə hazırda davam edən regional müharibənin tərəfi deyil və münaqişənin içinə çəkilməmək üçün son dərəcə ehtiyatlı və soyuqqanlı siyasət yürüdür. Bölgədə yeni gərginlik xətlərinin yaranmaması üçün məsuliyyətlə hərəkət edən Ankara İran tərəfinə sözügedən hücuma görə məsuliyyət daşıyanların dərhal müəyyən edilməsi və lazımi tədbirlərin görülməsi barədə çox net mesajlar çatdırıb.

Bəhreyn ordusu fevralın 28-dən bəri davam edən regional gərginlik çərçivəsində İran tərəfindən ölkə ərazisinə yönələn hava hücumlarının statistikasını paylaşıb. Rəsmi "X" platformasında yayımlanan bəyanata əsasən, Krallığın hava hücumundan müdafiə sistemləri indiyədək İrandan atılan 115 raket və 191 pilotsuz uçuş aparatını (PUA) uğurla zərərsizləşdirib. Ordu rəhbərliyi qeyd edib ki, ballistik raketlər və dronlar vasitəsilə mülki əhalinin və şəxsi mülkiyyətin hədəf alınması beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) cümə axşamı verdiyi bəyanatda İrana qarşı hərbi əməliyyatlarda iştirak edən Amerika yanacaqdoldurma təyyarəsinin İraq ərazisində qəzaya uğradığını bildirib. Məlumata görə, qəzadan dərhal sonra ərazidə xilasetmə işlərinə başlanılıb. "The Associated Press" agentliyinə anonimlik şərti ilə məlumat verən ABŞ rəsmisi qəzaya uğrayan "KC-135" tipli təyyarənin göyərtəsində ən azı beş heyət üzvünün olduğunu qeyd edib. Hazırda heyət üzvləri arasında tələfatın olub-olmadığı barədə dəqiq məlumat verilmir.