BAKI, VOA, Nailə Babazadə
İsveçrə hökuməti çərşənbə günü verdiyi bəyanatda Yaxın Şərqdə davam edən müharibə və artan təhlükəsizlik riskləri səbəbindən Tehrandakı səfirliyini müvəqqəti bağladığını elan edib.
VOA xəbər verir ki, Bern şəhərindəki Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfir Olivye Banjerter və digər beş İsveçrəli diplomatik əməkdaş artıq quru yolu ilə İran ərazisini tərk ediblər. Diplomatik heyətin vəziyyət imkan verən kimi Tehrana qayıdacağı gözlənilir. Bununla belə, neytrallığı ilə tanınan İsveçrə rəsmi Vaşinqton və Tehran arasında diplomatik əlaqələrin saxlanılması üçün "açıq rabitə xəttini" qoruyacağını vurğulayıb.
Onilliklər boyu İsveçrə ABŞ və İran arasında təməl diplomatik təmasların saxlanılmasında əsas vasitəçi rolunu oynayıb. Nazirlik bəyan edib ki, tərəflərin faydalı hesab etdiyi mesajların çatdırılması funksiyası coğrafi məkandan asılı olmayaraq davam etdiriləcəkdir. İsveçrənin ABŞ-ın İrandakı maraqlarını təmsil etdiyi "himayədar dövlət" mandatı (protecting power mandate) diplomatik heyətin ölkə xaricində olmasından asılı olmayaraq icra edilə bilər. Həm ABŞ, həm də İran tərəfi səfirliyin müvəqqəti bağlanması və heyətin gedişi barədə əvvəlcədən məlumatlandırılıblar.
Xatırladaq ki, İsveçrə 1980-ci il girov böhranından sonra Vaşinqtonun Tehranla əlaqələrini kəsməsindən bəri ABŞ-ın İrandakı maraqlarını təmsil edir. Bu müddət ərzində İsveçrə səfirliyi pasport müraciətləri və mülki vəziyyətin dəyişdirilməsi kimi bütün konsulluq işlərini, habelə İrandakı ABŞ vətəndaşlarının müdafiəsini həyata keçirib. Fevralın 26-da Cenevrədə İranın nüvə proqramı üzrə Oman vasitəsilə keçirilən dolayı danışıqlara ev sahibliyi edən İsveçrə, iki gün sonra başlayan ABŞ-İsrail hücumlarından bəri tərəfləri gərginliyi azaltmağa və diplomatiya masasına qayıtmağa çağırır.