#İran və ABŞ arasında dolayısı danışıqlar

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranda keçirdiyi həftəlik mətbuat konfransında ABŞ ilə aparılan sülh müzakirələri çərçivəsində bu gün Pakistandan olan nümayəndə heyətini qəbul edəcəklərini bildirib. Sözçü qeyd edib ki, Pakistandakı danışıqların əsas məqsədi müharibənin dayandırılması və İranın tələblərinin müzakirə edilməsidir. Görüş zamanı tərəflərin mövqelərinin təfərrüatlı şəkildə nəzərdən keçiriləcəyi vurğulanıb.

İran ABŞ tərəfindən təqdim olunan təklifi sərt tənqid edib. Açıqlamada təklifin məzmunu ilə bağlı əlavə detallar açıqlanmasa da, rəsmi Tehran bu yanaşmanın qəbul edilə bilən olmadığını vurğulayıb. Açıqlamada bildirilib ki, ABŞ tərəfindən göndərilən təklif əsasən “çox iddialı, real olmayan və məntiqsiz” tələblərdən ibarətdir.

Beynəlxalq ictimaiyyət ABŞ və İran arasında keçirilən ilk raund danışıqların nəticələrini böyük maraqla gözləyir. Ekspertlər bu mərhələni həlledici, lakin təhlükəli adlandırırlar. Danışıqlar fonunda baş verən siyasi və hərbi manevrlər tərəflər arasındakı uçurumun nə dərəcədə dərin olduğunu göstərir. Hörmüz boğazı və İranın nüvə proqramı hələ də ixtilafın mərkəzindədir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı davam edən hərbi əməliyyatların miqyası barədə rəsmi məlumat yayıb. CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, bu, ABŞ-ın son bir nəsildə Yaxın Şərqdə həyata keçirdiyi ən böyük hərbi yığınaqdır. Admiral Kuperin sözlərinə görə, fevralın 28-dən başlayan əməliyyatlarda 50 mindən çox əsgər, 200 döyüş təyyarəsi və 2 aviadaşıyıcı gəmi iştirak edir. İndiyədək İran ərazisində təxminən 2 min strateji hədəfin vurulduğu və ölkənin hava hücumundan müdafiə sistemlərinin böyük ölçüdə sıradan çıxarıldığı qeyd olunub.

İraqda fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən "Kətaib Hizbullah" qruplaşması öz döyüşçülərinə qonşu İranda baş verə biləcək "uzunmüddətli müharibə" ssenarisinə hazırlaşmağı tapşırıb. Cümə axşamı yayılan bəyanatda ABŞ-ın bölgədə hərbi yığınağını artırması və təhdidləri "təhlükəli eskalasiya" kimi qiymətləndirilib. Qruplaşma xəbərdarlıq edib ki, müharibə başlayacağı təqdirdə ABŞ tərəfi "hədsiz böyük itkilər" verəcək. Bəyanatda həmçinin bütün döyüşçülərin "tükəndirici müharibə" ssenarisinə uyğun hazır vəziyyətə gətirilməsinin zəruriliyi vurğulanıb.

ABŞ Vitse-prezidenti Cey Di Vens "Washington Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, Prezident Donald Tramp İran məsələsində hələ son qərarını verməyib. Vens vurğulayıb ki, ABŞ keçmişdəki hərbi müdaxilə səhvlərini təkrarlamamağa çalışır, lakin bu, Vaşinqtonun lazım gələrsə hərbi gücdən istifadə etməyəcəyi anlamına gəlmir. "Orta Şərqdə illərlə sürəcək və sonu görünməyən bir müharibənin içində olacağımıza ehtimal yoxdur" deyən Vens, mümkün hərbi zərbələrin dəqiq və nəticəyönümlü olacağına işarə edib.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) tərəfindən keçirilən həftəlik brifinqdə regional təhlükəsizlik və hərbi əməliyyatlarla bağlı yayılan dezinformasiyalara sərt cavab verilib. Nazirlik bəzi media resurslarında yer alan "ABŞ-ın mümkün müdaxiləsi zamanı Türkiyənin İran torpaqlarına girəcəyi" barədə xəbərləri qəti şəkildə yalanlayıb. Rəsmi açıqlamada bildirilib ki, Türkiyə qonşu ölkələrdəki gərginliklərin hər zaman sülh və diplomatiya yolu ilə həllinin tərəfdarıdır. Sərhəd xəttində təhlükəsizlik tədbirləri yüksək səviyyədə və koordinasiyalı şəkildə davam etdirilsə də, İran ərazisinə hər hansı hərbi müdaxilə planlaşdırılmır.

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə proqramı ətrafında yaranan mübahisələrə toxunaraq, Tehranın nüvə silahı istehsal etmək niyyətində olmadığını bir daha vurğulayıb. İran dövlət televiziyasının məlumatına görə, Mazandaran əyalətinin Planlaşdırma və İnkişaf Şurasının iclasında çıxış edən Pezeşkian, ölkənin ali rəhbəri Əli Xameneinin bu mövzudakı fətvasına və açıqlamalarına diqqət çəkib. O, dini liderin sözlərinin siyasi manipulyasiya olmadığını qeyd edib.

ABŞ Prezidenti Donald Tramp Konqresdəki ənənəvi "Birliyin vəziyyəti" müraciəti zamanı xarici siyasət, xüsusilə İran və Qəzza məsələlərinə toxunaraq mühüm açıqlamalar verib. Prezident Donald Tramp ikinci prezidentlik dövrünün ilk ilini dəyərləndirərkən İranın ABŞ-a çata biləcək raketlər inkişaf etdirməyə çalışdığını iddia edib. O, bu problemin həllində diplomatiyaya üstünlük verdiyini, lakin Tehranın nüvə silahı əldə etməsinə heç bir halda yol verməyəcəyini vurğulayıb.