BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin Milli Müdafiə Nazirliyi İsrailin Suriyadakı Əbu əz-Zuhur hərbi hava bazasına hücumunu pisləyərək, Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozan hücumların qəbuledilməz olduğunu bildirib.
VOA xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi İsrailin Əbu əz-Zuhur hava bazasına hücumu ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bunun Suriyanın sabitliyinə, təhlükəsizliyinə, birliyinə, ərazi bütövlüyünə və infrastrukturuna zərər vurmağa yönəlmiş addım olduğunu açıqlayıb.
“Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozan hücumların qəbuledilməz olduğunu hər fürsətdə vurğulayırıq”, – nazirliyin açıqlamasında bildirilib.
Türkiyə MN İsrailin hücumundan əvvəl və hücum zamanı Əbu əz-Zuhur hava bazasında Türkiyəyə məxsus hər hansı hərbi heyətin olmadığını da xüsusi vurğulayıb.
Nazirlik İsrailin bu cür hücumlara son qoymasının və beynəlxalq hüququn tələblərinə əməl etməsinin həm Suriyada, həm də bütövlükdə regionda sülh və sabitliyin təmin edilməsi baxımından zəruri olduğunu bildirib.
Açıqlamada Türkiyənin Suriyanın hərbi imkanlarının və infrastrukturunun formalaşdırılmasına dəstəyini davam etdirəcəyi də qeyd olunub.
“Suriyanın ‘vahid ordu’ prinsipi çərçivəsində öz infrastrukturunu və hərbi imkanlarını qurması istiqamətində fəaliyyətlərə dəstək verməyə davam edəcəyik”, – nazirlik bildirib.
Türkiyə Milli Müdafiə Nazirliyi eyni açıqlamada Yunanıstanın Egey dənizini də əhatə edən Bərpa Olunan Enerji Mənbələri üzrə Xüsusi Məkan Çərçivəsinə də münasibət bildirib.
Nazirlik Afinanın bu istiqamətdə atdığı addımları yaxından izlədiyini və sözügedən qərarın beynəlxalq müqavilələrlə Yunanıstana verilməmiş coğrafi ərazilər də daxil olmaqla, Türkiyə üçün hər hansı hüquqi nəticə doğurmadığını açıqlayıb.
Ankara Egey dənizindəki hüquq və maraqlarını beynəlxalq hüquq çərçivəsində qorumaqda qərarlı olduğunu vurğulayıb. Bununla yanaşı, Türkiyə Egeydə iki sahilyanı ölkə arasındakı problemlərin beynəlxalq hüquq, ədalət və mehriban qonşuluq münasibətləri əsasında həllinin tərəfdarı olduğunu bildirib.