BAKI,VOA, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Paolo Zampollinin FIFA-ya müraciət edərək qarşıdan gələn Dünya Kubokunda İranın əvəzinə İtaliyanın iştirakını təklif etdiyi iddia olunur.
VOA xəbər verir ki, bu təşəbbüs Ciorcia Meloni ilə münasibətlərin normallaşdırılması kontekstində dəyərləndirilir.
Zampolli bildirib ki, “Azzurri”nin ABŞ-ın ev sahibliyi etdiyi turnuvada çıxış etməsi onun üçün “arzu”dur və dördqat dünya çempionu olan komandanın qatılması üçün kifayət qədər əsas mövcuddur.
Qeyd olunur ki, İtaliya yığması son seçmə mərhələsində uğursuz çıxış edərək ardıcıl üçüncü dəfə Dünya Kubokuna vəsiqə qazana bilməyib. Bu fonda səsləndirilən təklif İtaliya ictimaiyyətində müzakirələrə səbəb olub.
Eyni zamanda İran tərəfi turnuvaya qatılmaq niyyətində qətiyyətli olduğunu açıqlayıb. Tehran rəhbərliyi oyunların keçirilməsi ilə bağlı bəzi logistika məsələlərinin həllindən sonra yekun qərar verəcəyini bildirib.
Məlumata əsasən, məsələ ilə bağlı hələlik nə Ağ Ev, nə də FIFA tərəfindən rəsmi açıqlama verilməyib. Futbol ekspertləri isə belə bir addımın beynəlxalq idman qaydalarına uyğun olub-olmaması ilə bağlı ciddi suallar doğurduğunu qeyd edirlər.