BAKI,VOA,Yusif Şərifzadə
Misir İsrail ordusunun BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyinin (UNRWA) İordan çayının qərb sahilindəki Qələndiyyə qaçqın düşərgəsində yerləşən təlim mərkəzinə keçirdiyi reydi qəti şəkildə pisləyib. Qahirə əməliyyatı beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
VOA xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, İsrail qüvvələrinin UNRWA-nın təlim mərkəzinə daxil olaraq tələbə və əməkdaşları saxlaması "BMT obyektlərinin toxunulmazlığının kobud şəkildə pozulması, İordan çayının qərb sahilində qanunsuz hərəkətlərin davamı və işğal altında yaşayan mülki şəxslərin müdafiəsini nəzərdə tutan dörd Cenevrə Konvensiyasının pozulması" deməkdir.
Bəyanatda beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurası İsrailin BMT obyektlərinə qarşı yeni addımlarının qarşısının alınması üçün təcili tədbirlər görməyə çağırılıb.
Misir həmçinin UNRWA-nın qorunmasının təmin edilməsinin vacibliyini vurğulayaraq, agentliyin BMT mandatına uyğun fəaliyyətini maneəsiz davam etdirməsinin zəruri olduğunu bildirib.
İsrail tərəfinin Misirin bəyanatı ilə bağlı mövqeyi təqdim olunan məlumatda yer almayıb.