#UNRWA

Qətər İsrail qüvvələrinin işğal altındakı Şərqi Qüdsdə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) mühüm obyektlərindən birinə basqın etməsini kəskin şəkildə pisləyib. Doha hadisəni beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.

Misir İsrailin UNRWA-nın Qələndiyyə qaçqın düşərgəsindəki təlim mərkəzinə keçirdiyi reydi pisləyib. Qahirə bu addımı BMT obyektlərinin toxunulmazlığının pozulması kimi qiymətləndirib. Misir Xarici İşlər Nazirliyi İsrailin beynəlxalq humanitar hüququ və Cenevrə Konvensiyalarını pozduğunu bəyan edib. Bəyanatda tələbə və əməkdaşların saxlanılması da tənqid olunub. Misir beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə çağırıb. Həmçinin UNRWA-nın fəaliyyətinin qorunmasının vacibliyi vurğulanıb. İsrail tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Qəzzanın Deyr əl-Bələh şəhərində UNRWA məktəbi yaxınlığında mülki şəxslərə hücum edildiyi bildirilir. Məktəbdə didərgin düşmüş fələstinlilər sığınacaq tapıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanaraq xəstəxanaya aparılıb. Yaralılar arasında əvvəllər ayaqlarını itirmiş əlil arabasında olan bir nəfərin də olduğu qeyd olunur. Mənbələr atəşkəsə baxmayaraq hücumların davam etdiyini bildirirlər. İsrail ordusu hadisə ilə bağlı rəsmi mövqe açıqlamayıb. Məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.

HƏMAS Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyinin (UNRWA) gələcəyi ilə bağlı son açıqlamaları kəskin tənqid edib. Hərəkat bildirib ki, agentliyin fəaliyyətinin dayandırılması və ya onun başqa qurumla əvəzlənməsi cəhdləri fələstinli qaçqınlar məsələsinin gündəmdən çıxarılmasına və beynəlxalq hüququn zəiflədilməsinə xidmət edir.

Qəzza zolağında fəaliyyət göstərən Sülh Şurasının "Yeni Qəzzada Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyinə (UNRWA) yer yoxdur" bəyanatı Fələstin ictimaiyyətində və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Müşahidəçilər hesab edirlər ki, bu açıqlama təkcə BMT agentliyinin gələcəyi ilə bağlı deyil, həm də milyonlarla fələstinli qaçqının geri qayıdış hüququnun taleyi barədə ciddi suallar doğurur.

BMT-nin Qaçqınlar üzrə Agentliyi Qəzzada 70 əməkdaşını dərhal işdən çıxarıb. Qərarın səbəbi agentliyin təhlükəsizlik və əmniyyət narahatlıqlarıdır. UNRWA Qəzzadakı fəaliyyətinə dair təzyiqlərlə üzləşib. Daha əvvəl bəzi əməkdaşların hücumlarda iştirakı iddia olunmuşdu. İsrail hakimiyyətinə sübut təqdim etmək üçün sorğular cavabsız qalıb. İşdən çıxarmalar intizam prosesi sayılmır və ittihamları təsdiqləmir. Bu addım həm qaçqınları, həm də əməkdaşları qorumaq üçündür. Agentlik bütün tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırıb.

İsrail ordusu ABŞ Prezidenti Donald Trampın atəşkəs planının ikinci mərhələsinə uyğun olaraq Qəzza zolağındakı "Sarı xətt" boyunca xüsusi toplama məntəqələri yaradıb. Bu məntəqələr HƏMAS-ın öz silahlarını beynəlxalq sabitləşdirmə qüvvələrinə təhvil verməsi üçün nəzərdə tutulub. Planlaşdırılan prosesə əsasən, toplanan silahlar İsrailə daşınaraq orada məhv edilməlidir.

BMT-nin fələstinli qaçqınlar üzrə agentliyi bazar günü bildirib ki, Şərqi Qüdsdəki qismən sökülmüş qərargahı yandırılıb. UNRWA agentliyi ərazidə baş verən hadisənin səbəbi barədə təfərrüat verməyib. Qeyd edək ki, İsrail hakimiyyəti təşkilatın 2025-ci ildə ölkədəki fəaliyyətini qadağan etdikdən sonra, keçən həftə bu ərazini müsadirə edərək söküntü işlərinə başlamışdı.

İsrail ordusu, işğal altında olan Şərqi Qüdsdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyi (UNRWA) mərkəzinə hücum edib. Hücumun, BMT qurumlarının toxunulmazlıq hüquqlarının açıq pozulması olduğu bildirilib. UNRWA-dan verilən açıqlamada, səhər saatlarında İsrail polisinin forklift və digər texnika ilə mərkəzə gəldiyi, çox sayda polis tərəfindən həyata keçirilən əməliyyat zamanı BMT işçilərinin mərkəzdə olmadığı bildirilib. Hücum zamanı ərazinin tamamilə bağlandığı, mərkəzdəki işçilərlə əlaqənin kəsildiyi qeyd olunub.

İstanbulda 21 iyun 2024-cü il tarixində “Türkiye Cumhuriyeti Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı Yaxın Şərqdə Fələstin Qaçqınları üçün Yardım və İnkişaf Agentliyi (UNRWA) arasında Ankara şəhərində UNRWA ofisinin yaradılmasına dair anlaşma” imzalanıb. Bu barədə qərar Türkiye Resmi Gazete-də çap olunub. Anlaşmaya əsasən, Ankara şəhərində UNRWA-nın ofisi fəaliyyət göstərəcək və regional proqramların koordinasiyasını təmin edəcək. Bu addım həm Türkiyə ilə BMT arasındakı əməkdaşlığın güclənməsinə, həm də Fələstin qaçqınlarına göstərilən dəstəyin genişləndirilməsinə xidmət edəcək.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Bərpa Agentliyi (UNRWA) bildirib ki, İsrailin iki il davam edən soyqırımı nəticəsində Qəzza zolağında 282 mindən çox ev dağıdılıb və ya zərər görüb. UNRWA-nın ABŞ mərkəzli X sosial media platformasındakı rəsmi hesabında paylaşdığı açıqlamada, BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən birgə idarə olunan Qlobal Sığınacaq Klasteri (Global Shelter Cluster) humanitar yardım mexanizminin məlumatları istinad kimi göstərilib.