Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada müharibənin 1000-ci günü - Fələstinliləri nə gözləyir?

    2 İyul 2026 10:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada müharibənin 1000-ci günü - Fələstinliləri nə gözləyir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Qəzza zolağında müharibənin başlanmasından 1000 gün ötür. HƏMAS-ın 2023-cü il 7 oktyabr tarixində İsrail ərazisinə həyata keçirdiyi hücumdan sonra başlayan silahlı qarşıdurma regionun təhlükəsizlik mühitini kökündən dəyişdirib. Bu müddət ərzində Yaxın Şərqin müxtəlif bölgələrində yeni münaqişələr meydana çıxsa da, əldə olunan kövrək atəşkəs razılaşmaları davam edən hücumların kölgəsində qalır. Fələstinlilər uzun sürən müharibənin yaratdığı ağır sosial, psixoloji və humanitar nəticələrlə üz-üzədir.

    Hazırda Qəzzada yaşayan 2 milyondan çox fələstinlinin gələcəyi qeyri-müəyyən olaraq qalır. Əhalinin böyük hissəsi məcburi köçkün vəziyyətinə düşüb və dağıntılar içərisində yaşamını davam etdirir. Atəşkəs qüvvəyə mindikdən sonra İsrail ordusu ərazinin yarısından çoxuna nəzarət edirdi. Sonradan İsrail hökuməti nəzarət zonasını daha da genişləndirərək Qəzza zolağının təxminən 70 faizini öz nəzarətində saxlamağı hədəflədiyini açıqlayıb.

    Qəzzaya giriş və çıxış imkanları ciddi şəkildə məhdudlaşdırılıb. Atəşkəs razılaşmasının növbəti mərhələlərinin həyata keçirilməsi, o cümlədən HƏMAS-ın silahsızlaşdırılması və genişmiqyaslı bərpa işlərinin başlanması istiqamətində proses faktiki olaraq dayanıb.

    Beynəlxalq Qırmızı Xaç Komitəsinin regional direktoru Nikolas fon Arks bildirib ki, bölgədə həyatın ən azı qismən normallaşması üçün görülməli olan işlər hələ çoxdur və hazırkı vəziyyət normal həyata qayıdışdan olduqca uzaqdır.

    Atəşkəsə baxmayaraq ölənlərin sayı artır

    Atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hava zərbələrinin intensivliyi nəzərəçarpacaq dərəcədə azalsa da, hücumlar demək olar ki, hər gün davam edir.

    Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, çərşənbə axşamı gününədək atəşkəs dövründə 1053 fələstinli həyatını itirib. Ölənlər arasında 350-dən çox qadın və uşaq var. Son günlər məktəbə gedən yeniyetmə qızın, eləcə də bir yaşlı qızı ilə birlikdə olan ananın həlak olması geniş rezonans doğurub.

    Birləşmiş Millətlər Təşkilatı İsrailin Qəzzada nəzarət etdiyi əraziləri genişləndirməsinin mülki əhali üçün ölüm riskini artırdığı barədə xəbərdarlıq edib. Təşkilat bildirib ki, sərhədləri dəqiq müəyyən edilməmiş ərazilərdə yaşayan insanlar daha böyük təhlükə altındadır.

    Qəzzanın Səhiyyə Nazirliyi atəşkəs dövründə 3400-dən çox insanın yaralandığını açıqlayıb. Nazirlik həlak olanların mülki və ya silahlı qruplaşma üzvləri üzrə ayrıca statistikasını təqdim etməsə də, ölənlərin təxminən yarısının qadın və uşaqlardan ibarət olduğunu bildirir. BMT qurumları və müstəqil ekspertlər nazirliyin itkilərlə bağlı statistikasını ümumilikdə etibarlı hesab edirlər.

    İsrail ordusu isə əməliyyatların HƏMAS və digər silahlı qruplaşmalara qarşı həyata keçirildiyini, hədəfə alınan şəxslərin hücum hazırlığında olduqlarını iddia edir. Rəsmi Təl-Əviv HƏMAS-ı mülki şəxslərdən canlı sipər kimi istifadə etməkdə günahlandırır.

    2023-cü il 7 oktyabr tarixində HƏMAS-ın rəhbərlik etdiyi hücum nəticəsində İsrailin cənubunda təxminən 1200 nəfər ölüb, 251 nəfər girov götürülüb. Sonradan bütün girovlar və ya onların cəsədləri İsrailə qaytarılıb.

    Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab hərbi əməliyyatları nəticəsində indiyədək 73 min 66 fələstinli həyatını itirib.

    Atəşkəs prosesində irəliləyiş əldə olunmur

    Atəşkəsə nəzarət edən baş diplomat Nikolay Mladenov bildirib ki, ABŞ vasitəçiliyi ilə əldə olunan razılaşmanın növbəti mərhələlərinin həyata keçirilməsi HƏMAS-ın silahsızlaşdırılması məsələsində razılıq əldə olunmadığı üçün dayanıb.

    Bu proses ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurası üçün də mühüm sınaq hesab olunur. Cari ilin əvvəlində Qəzzanın müharibədən sonrakı bərpasını təmin etmək məqsədilə yaradılan qurum beynəlxalq donorların milyardlarla dollar məbləğində vəsait ayıracağı barədə bəyanatlar versə də, son aylarda fəaliyyəti ilə bağlı demək olar ki, ictimaiyyətə məlumat vermir.

    HƏMAS-ın silahsızlaşdırılması Qəzzada yeni idarəetmə mexanizminin formalaşdırılması, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi, təhlükəsizlik və yenidənqurma layihələrinin həyata keçirilməsi üçün əsas şərtlərdən biri hesab edilir.

    HƏMAS silahsızlanmanı tam şəkildə rədd etməsə də, müəyyən silahları saxlamaq istədiyini bildirib və bunun qarşılığında İsraildən əlavə güzəştlər tələb edib.

    İsrail seçkilər ərəfəsində daxili siyasi təzyiqlə üzləşib

    Son 1000 gün ərzində israillilər yalnız 7 oktyabr hücumunun deyil, həm də regionda paralel davam edən digər silahlı qarşıdurmaların təsirlərini yaşayıblar. İsrail Livanda fəaliyyət göstərən İranın dəstəklədiyi "Hizbullah" silahlı qruplaşması, Yəməndəki husilər və İranla bağlı müxtəlif təhlükəsizlik böhranları ilə də üzləşib.

    İranın dəstəklədiyi silahlı qruplaşmalar hücumlarını fələstinlilərlə həmrəylik məqsədi daşıdığını bəyan ediblər. Baş nazir Benyamin Netanyahu fevralın 28-də ABŞ Prezidenti Donald Trampla birlikdə İrana qarşı hərbi əməliyyat keçirilməsini dəstəkləyib. Bundan sonra Livanda da gərginlik yenidən artıb və İsrail qüvvələri son 25 ilin ən dərin irəliləyişini həyata keçiriblər.

    Regiondakı bu cəbhələrin heç birində tam sabitlik təmin olunmayıb.

    İsrail hərbçilərinin itkilərinin artması, Livan sərhədində davam edən hücumlar və Qəzzada soyqırımı iddiaları ilə bağlı beynəlxalq ittihamlar ölkədə siyasi mühitə ciddi təsir göstərir. İsrail bu ittihamları qəbul etmir.

    Payızda keçiriləcək seçkilərdə yenidən hakimiyyətdə qalmağa çalışan Benyamin Netanyahu ciddi siyasi müqavimətlə qarşılaşır.

    Ötən ay dərc edilən ictimai rəy sorğusuna əsasən, israillilərin 60 faizindən çoxu Netanyahunun növbəti dəfə baş nazirliyə namizəd olmasını dəstəkləmir. Narazılığın əsas səbəbləri arasında 7 oktyabr hadisələrindən əvvəl təhlükəsizlik sahəsində yol verilən nöqsanlar, həmin hadisələrin araşdırılması üçün dövlət komissiyasının yaradılmaması və hökumətin ultraortodoks tərəfdaşlarına verilən hərbi xidmət güzəştləri göstərilir.

    Humanitar böhran davam edir

    Qəzza sakinləri müharibənin yaratdığı ağır şəraitdə yaşamaq imkanlarının tükəndiyini bildirirlər. İnsanlar ya böyük çadır düşərgələrində, ya da bombardman nəticəsində dağıdılmış binaların qalıqları arasında yaşayırlar. Ərazi üzərində uçan pilotsuz uçuş aparatlarının səsi və hər an baş verə biləcək hava hücumları gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.

    Atəşkəs humanitar yardımın, xüsusilə dərman preparatları və yanacağın bölgəyə daha çox çatdırılmasını nəzərdə tutsa da, yardım təşkilatları bunun reallaşmadığını bildirirlər.

    Qəzzaya açılan bütün sərhəd-keçid məntəqələri ciddi məhdudiyyətlərlə fəaliyyət göstərir, bəzi hallarda isə tamamilə bağlanır. Birləşmiş Millətlər Təşkilatı ötən ay bölgədəki 17 xəstəxananın hələ də fəaliyyət göstərmədiyini açıqlayıb.

    BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletçer İsrailin mürəkkəb icazə və gömrük prosedurlarının həyati əhəmiyyət daşıyan yüklərin çatdırılmasını məhdudlaşdırdığını bildirib. Onun sözlərinə görə, hətta protez ətrafların gətirilməsi belə onların hərbi məqsədlərlə istifadə oluna biləcəyi iddiaları səbəbindən çətinləşib.

    İsrail qüvvələrinin Qəzzada nəzarət zonasını genişləndirməsi, HƏMAS-a qarşı İsraillə əməkdaşlıqda və talançılıqda ittiham olunan bəzi fələstinlilərin edam edilməsi barədə iddialar da bölgədə gərginliyi daha da artırır.

    #İsrail #Fələstin #Qəzza zolağı #atəşkəs razılaşması #Qəzza müharibəsi #Qəzzada humanitar böhran #İsrail-Fələstin münaqişəsi #Qəzzada müharibənin 1000-cü günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

    21 Avqust 2026 19:50

    Britaniya məhkəməsindən “Palestine Action” fəalları ilə bağlı mühüm qərar

    21 Avqust 2026 18:57

    İsrail ordusu Livanın cənubunda güclü partlayışlar törədib

    21 Avqust 2026 18:22

    İsrail Livanın cənubuna gecə və səhər saatlarında hücumları davam etdirib

    21 Avqust 2026 18:11

    Türkiyədən Netanyahu barədə qırmızı bülleten tələbi: Sumud Donanması işi üzrə proses genişlənir

    21 Avqust 2026 16:21

    ABŞ səfiri İsrail və Türkiyə arasında birbaşa toqquşma ehtimalını qiymətləndirdi

    21 Avqust 2026 12:43

    Ben Qvir fələstinli qadın məhbusların kameralarına basqın edib

    21 Avqust 2026 09:52

    Tramp və Netanyahu seçki dilemması ilə üz-üzə - Ziddiyətlər niyə artır?

    21 Avqust 2026 09:00

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    20 Avqust 2026 20:13

    BMT qüvvələri Livanda tərəfləri təxribat xarakterli addımlardan çəkinməyə çağırıb

    20 Avqust 2026 19:40

    Suriyanın suverenliyini pozan hücumlar qəbuledilməzdir - Türkiyə MN

    20 Avqust 2026 13:21
    XƏBƏR LENTİ

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.