BAKI,VOA,Yusif Şərifzadə
İsrail parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsi hökumətin fövqəladə hərbi səfərbərliyin müddətinin uzadılması ilə bağlı müraciətini təsdiqləyib.
VOA xəbər verir ki, komitə hökumətin müraciətini 4 lehinə, 2 əleyhinə səslə qəbul edib.
Qərara əsasən, fövqəladə hərbi səfərbərlik 30 sentyabr tarixinədək uzadılıb.
Bu qərar İsrail ordusuna ehtiyatda olan 240 minədək hərbi qulluqçunu xidmətə çağırmaq səlahiyyəti verir.
İsraildə bu cür səfərbərlik müddətlərinin uzadılması 2023-cü ildə Qəzza zolağında müharibə başlayandan bəri mütəmadi olaraq bir neçə aydan bir təsdiqlənir.