BAKI,VOA,Yusif Şərifzadə
ABŞ maliyyə naziri Skott Bessent İranın maliyyə əməliyyatlarına yardım edən qurumlara qarşı sərt tədbirlər görüləcəyini açıqlayıb. Onun sözlərinə görə, İran üçün çirkli pulların yuyulmasına şərait yaradan qurumların ABŞ dolları ilə əməliyyat aparmaq imkanları məhdudlaşdırılacaq.
VOA xəbər verir ki, Bessent İran üçün çirkli pulların yuyulmasına yardım etdiyi müəyyənləşdirilən qurumların ABŞ dolları sistemindən çıxarılacağını bildirib.
“İran üçün çirkli pulların yuyulmasına şərait yaradan qurumlar ABŞ dolları sistemindən çıxarılacaq”, – Bessent deyib.
ABŞ maliyyə nazirinin açıqlaması Vaşinqtonun İrana qarşı elan etdiyi yeni və genişmiqyaslı iqtisadi təzyiq tədbirləri çərçivəsində səsləndirilib.
Yeni siyasət İranın yalnız daxili maliyyə qurumlarını deyil, onun beynəlxalq maliyyə əməliyyatlarında iştirak etdiyi müəyyənləşdirilən xarici şirkətləri, bankları və digər qurumları da hədəfə ala bilər.
Dollarla aparılan beynəlxalq əməliyyatlara çıxışın məhdudlaşdırılması hədəfə alınan maliyyə qurumlarının ABŞ maliyyə sistemi ilə əlaqələrinin ciddi şəkildə zəiflədilməsi deməkdir.
Bessent daha əvvəl ABŞ-nin məqsədinin İranı dəstəkləyən iqtisadi əlaqələri kəsmək və Tehranla iqtisadi əməkdaşlığı davam etdirən tərəflərə qarşı əlavə tədbirlər görmək olduğunu bildirmişdi.
Vaşinqtonun yeni tədbirlərinin hansı bank və maliyyə qurumlarını əhatə edəcəyi barədə isə hələlik tam siyahı açıqlanmayıb.