NATO, İrandan atılan və Türkiyənin hava məkanına daxil olan ballistik raketlərin müttəfiq qüvvələr tərəfindən zərərsizləşdirilməsindən sonra rəsmi bəyanat yayaraq, Alyansın tam hazırlıq vəziyyətində olduğunu bildirib. Alyansın mənzil-qərargahından verilən yazılı açıqlamada vurğulanıb ki, NATO hər hansı bir istiqamətdən gələ biləcək hər növ təhdidə qarşı kollektiv müdafiəni təmin etməyə davam edir. Bəyanatda həmçinin ballistik raketdən müdafiə sistemlərinin inkişaf edən təhdidlərə uyğun olaraq daimi şəkildə təkmilləşdiriləcəyi diqqətə çatdırılıb.
Digər Xəbərlər
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossi Moskvada Rusiyanın "Rosatom" Dövlət Nüvə Enerjisi Korporasiyasının baş direktoru Aleksey Lixaçov ilə keçirdiyi birgə mətbuat konfransında Yaxın Şərqdəki gərginliyin nüvə təhlükəsizliyinə təsirləri barədə xəbərdarlıq edib. Qrossi regiondakı nüvə obyektlərinin hazırkı durumunu "son dərəce həssas" kimi qiymətləndirərək, nüvə faktorunun ön plana çıxdığı yeni bir münaqişə dalğasının şahidi olduqlarını bildirib. O, hazırda sülh və müharibə arasında "incə bir xətt" üzərində yeridiklərinə işarə edərək, hərbi əməliyyatların mümkün qədər tez başa çatmasının və danışıqlar masasına qayıtmağın zəruriliyini vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda keçirilən "Qüds günü" yürüşü zamanı verdiyi bəyanatda qlobal enerji bazarlarındakı bahalaşmaya toxunub. Nazir dünya bazarında neft qiymətlərinin yüksəlməyə davam edəcəyini proqnozlaşdıraraq, bu vəziyyətin birbaşa günahkarının ABŞ və İsrail olduğunu bildirib. Əraqçi qeyd edib ki, sözügedən ölkələrin Yaxın Şərqdə apardığı aqressiv siyasət regionu fəlakətə sürükləyir və bunun iqtisadi fəsadlarına görə məhz Vaşinqton və Təl-Əviv hesab verməlidir.
ABŞ Prezidenti Donald Tramp "Fox News" kanalına verdiyi müsahibədə Hörmüz boğazında artan gərginliyə toxunaraq, Vaşinqtonun bölgədəki hərbi mövqeyini daha da sərtləşdirəcəyinə dair mesajlar verib. Prezident bölgədəki ABŞ personalının təhlükəsizliyini təmin etmək üçün bütün hərbi variantların masada olduğunu vurğulayaraq, "Gərəkərsə müdaxilə edərik" deyib. Tramp hadisələrin gedişatı ilə bağlı "Nələr olacağını hamımız birlikdə görəcəyik" ifadəsini işlətməklə yanaşı, gələn həftə üçün planlaşdırılan əməliyyatların miqyasına dair "Onları çox sərt vuracağıq" xəbərdarlığını edib.
Avstraliya hökuməti regionda pisləşən təhlükəsizlik vəziyyətini əsas gətirərək, Livanda fəaliyyət göstərən qeyri-vacib diplomatik heyətinə ölkəni dərhal tərk etmək barədə tapşırıq verib. Avstraliyanın xarici işlər naziri Penni Vonq rəsmi sosial media hesabı vasitəsilə bildiriş yayaraq, bu addımın vətəndaşların və dövlət qulluqçularının təhlükəsizliyini qorumaq məqsədilə atıldığını vurğulayıb. Nazir qeyd edib ki, yalnız məhdud sayda heyət bölgədə qalan Avstraliya vətəndaşlarına konsulluq xidmətləri göstərmək üçün ölkədə fəaliyyətini davam etdirəcək.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) cümə axşamı verdiyi bəyanatda İrana qarşı hərbi əməliyyatlarda iştirak edən Amerika yanacaqdoldurma təyyarəsinin İraq ərazisində qəzaya uğradığını bildirib. Məlumata görə, qəzadan dərhal sonra ərazidə xilasetmə işlərinə başlanılıb. "The Associated Press" agentliyinə anonimlik şərti ilə məlumat verən ABŞ rəsmisi qəzaya uğrayan "KC-135" tipli təyyarənin göyərtəsində ən azı beş heyət üzvünün olduğunu qeyd edib. Hazırda heyət üzvləri arasında tələfatın olub-olmadığı barədə dəqiq məlumat verilmir.
Fransa Prezidenti Emmanuel Makron cümə günü verdiyi rəsmi bəyanatda İraqda həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində bir fransız əsgərinin həyatını itirdiyini açıqlayıb. Hücum İraqın şimalındakı Kürdüstan bölgəsində yerləşən Ərbil şəhərini hədəf alıb. Prezident "X" sosial platformasında etdiyi paylaşımda həlak olan hərbçinin Varş şəhərində yerləşən 7-ci Alpin Dağ Atıcıları Taborunun baş giziri Arno Frion olduğunu bildirib. Makron əsgərin ailəsinə, yaxınlarına və silahdaşlarına millət adından dərin hüznlə başsağlığı verib.
Əfqanıstan rəhbərliyinin sözçüsü Zabihullah Mücahid Pakistanın paytaxt Kabil başda olmaqla, Qəndəhar, Paktia və Paktika bölgələrinə hava zərbələri endirdiyini açıqlayıb. "Tolo News" kanalının məlumatına görə, Mücahid bu hücumlar zamanı mülki əhalinin yaşadığı evlərin hədəf alındığını, nəticədə qadın və uşaqların həyatını itirdiyini bildirib. Sözçü Pakistanın bu hərəkətlərini ən kəskin şəkildə qınadıqlarını və edilən hücumların "cavabsız qalmayacağını" vurğulayıb. Mənbələr son zərbələr nəticəsində 4 mülki şəxsin öldüyünü, 25 nəfərin yaralandığını və 4 evin tamamilə dağıldığını qeyd edirlər.
İspaniya hökuməti ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində Yaxın Şərq və Körfəz regionunda yaranan qeyri-sabitlik səbəbindən təxliyə edilən İspaniya vətəndaşlarının sayının 7 minə çatdığını açıqlayıb. İspaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda fevralın 28-dən başlayan gərginliklər zamanı heç bir İspaniya vətəndaşının xəsarət almadığı bildirilir. Məlumatda qeyd olunur ki, təxliyə prosesi digər ölkələrdə davam etsə də, təhlükəsizlik mülahizələrinə görə İrandan vətəndaşların çıxarılması əməliyyatları martın 7-də rəsmən başa çatdırılıb.
Yaxın Şərqdə artan hərbi gərginliyə və Hörmüz boğazındakı yüksək təhlükəsizlik risklərinə baxmayaraq, İranın xam neft ixracı kəsilmədən davam edir. Qlobal neft və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı hazırda enerji bazarlarının diqqət mərkəzindədir. "Kpler" və "TankerTrackers" kimi real vaxt məlumat analitika şirkətlərinin məlumatlarına görə, Çin İranın xam neft ixracının 80 faizindən çoxunu qəbul edərək ölkənin ən böyük müştərisi mövqeyini qoruyur. Gərginlik artmazdan əvvəl Çin emal zavodları gündəlik 1,3–1,4 milyon barel İran nefti idxal edirdisə, davam edən münaqişələrə rəğmən fevralın 28-dən bəri ən azı 11–12 milyon barel neftin bu boğaz vasitəsilə daşındığı qeydə alınıb.
İran Xarici İşlər Nazirliyi yeni ali lider Müctəba Xameneinin yaralandığını təsdiqləyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində məlumat verib. Diplomat bildirib ki, Müctəba Xamenei yaralansa da, vəziyyəti stabildir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İranın Körfəz ölkələri və İordaniyaya qarşı hücumlarını kəskin şəkildə pisləyən qətnamə qəbul edib. ABŞ, Fransa, Böyük Britaniya, Danimarka, Yunanıstan, Pakistan, Panama, Somali, Bəhreyn, Kolumbiya, Konqo Respublikası, Latviya və Liberiya sənədi dəstəkləyib. Çin və Rusiya isə səsvermədə bitərəf qalıb.