Digər Xəbərlər

İtaliya Müdafiə Nazirliyinin cümə axşamı yaydığı məlumata görə, İraq Kürdüstanında yerləşən İtaliya hərbi bazası gecə saatlarında raket hücumuna məruz qalıb. Nazirlik rəsmi "X" platformasında verdiyi açıqlamada raketin Ərbildəki bazaya düşdüyünü, lakin İtaliya hərbi heyəti arasında hər hansı tələfat və ya yaralanma halının qeydə alınmadığını bildirib. Heyət üzvlərinin hamısının vəziyyətinin yaxşı olduğu və hadisə ilə bağlı Müdafiə naziri Quido Krosettonun yüksək rütbəli hərbi komandirlərlə daimi təmasda olduğu diqqətə çatdırılıb.

Tehranın bələdiyyə sədri Əlirza Zakani İran dövlət televiziyasına verdiyi açıqlamada ABŞ və İsrailin ölkəyə qarşı həyata keçirdiyi hərbi əməliyyatların görünməmiş miqyasına diqqət çəkib. Zakani bildirib ki, cari müharibənin ilk 10 günü ərzində ölkə ərazisində 9 min nöqtə hücumlara məruz qalıb. Müqayisə üçün o xatırladıb ki, ötən ilin iyun ayında baş verən və 12 gün davam edən silahlı münaqişə zamanı cəmi 1450 nöqtə hədəf alınmışdı. Hazırda paytaxtda və digər şəhərlərdə genişmiqyaslı dağıntıların aradan qaldırılması və dağıntılar altından təmizləmə işlərinin aparıldığı vurğulanıb.

İspaniya hökuməti İsraildəki fövqəladə və səlahiyyətli səfirini vəzifəsindən geri çağırmaq barədə rəsmi qərar qəbul edib. Rəsmi qəzetdə dərc olunan məlumata görə, səfirin geri çəkilməsi barədə qərar çərşənbə günü qüvvəyə minib. Bu addım Avropa ölkələri arasında İsrailin regional hərbi əməliyyatlarına və diplomatik gərginliyə qarşı göstərilən ən kəskin reaksiyalardan biri kimi qiymətləndirilir. İspaniya tərəfi bu qərarla Tel-Əviv ilə diplomatik əlaqələrin xarakterini rəsmən dəyişdirmiş olur.

ABŞ prezidenti Donald Tramp ilə Böyük Britaniyanın baş naziri Kir Starmer arasında münasibətlərin bərpa olunmasının mümkün olduğu bildirilib. O qeyd edib ki, Böyük Britaniyanın ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına verdiyi dəstək “çox az və çox gec” qiymətləndirilsə də, Vaşinqton və London arasında münasibətlər yenidən bərpa oluna bilər.

"New York Times" (NYT) qəzetinin peyk görüntüləri, sosial media videoları və rəsmi mənbələrə istinadən yaydığı xəbərdə ABŞ və İsrailin hücumlarına cavab olaraq İranın həyata keçirdiyi əməliyyatlar nəticəsində Amerikanın 17 hərbi və diplomatik obyektinin vurulduğu iddia edilir. Məlumata görə, bəzi ABŞ müəssisələri bir neçə dəfə hədəf alınıb və bu hücumlar Vaşinqton rəsmilərinin proqnozlaşdırdığından daha genişmiqyaslı xarakter daşıyıb. Xüsusilə vurğulanır ki, İranın döyüşə hazırlıq səviyyəsi gözləniləndən yüksək olub və Tehran münaqişənin başladığı gündən bəri Yaxın Şərqdəki hərbi hədəflərə minlərlə raket və pilotsuz uçuş aparatı (PUA) göndərib.

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin acı nəticələri ağırlaşmaqda davam edir. Tehran Təcili Tibbi Yardım Departamentinin rəis müavini Mehr Soruşun verdiyi məlumata görə, hərbi əməliyyatlar başlayandan bəri təkcə paytaxt Tehranda ən azı 460 nəfər həyatını itirib, 4 min 309 nəfər isə yaralanıb. İctimai yayımçı "IRIB News"a danışan Soruş bildirib ki, 28 fevraldan bu yana həyata keçirilən hücumlar nəticəsində paytaxtdakı 18 təcili yardım avtomobili və 18 təcili yardım stansiyası ciddi zərər görərək istifadəyə yararsız hala düşüb. Bu vəziyyətin yaralılara ilkin tibbi müdaxilə prosesini və ümumi səhiyyə xidmətlərini ciddi şəkildə iflic etdiyi vurğulanır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), İranın ABŞ və İsrailin hücumlarına verdiyi cavab zərbələri zamanı həlak olan amerikalı hərbçilərin sayının 7-yə çatdığını bildirib. Komandanlığın sosial media hesabından verilən açıqlamada, "Ötən gecə İran rejiminin Yaxın Şərqdəki ilkin hücumları zamanı aldığı yaralar səbəbindən daha bir ABŞ əsgəri həyatını itirdi" ifadəsi işlədilib. Bununla da ABŞ-ın İrana qarşı hərbi əməliyyatları fonunda həlak olan əsgərlərin sayının 7-yə yüksəldiyi, sonuncu hərbçinin martın 1-də Səudiyyə Ərəbistanındakı ABŞ bölmələrinə edilən hücumda ağır yaralandığı qeyd olunub. Açıqlamada həmçinin İrana qarşı genişmiqyaslı hərbi müdaxilənin davam etdiyi vurğulanıb.

İsrail Baş naziri Binyamin Netanyahu, İranın müqavimətini qırdıqlarını iddia edərək hərbi əməliyyatların davam edəcəyinə dair siqnal verib. İsrail Baş Nazirliyi Ofisinin yaydığı məlumata görə, Netanyahu Səhiyyə naziri Haim Katz ilə Milli Sağlamlıq Mərkəzinə ziyarəti zamanı etdiyi çıxışda məqsədlərinin İran xalqını "rejimdən xilas etmək" olduğunu irəli sürüb. O, "İndiyədək atdığımız addımlarla onların müqavimətini qırdığımız və hələ də aktiv olduğumuz şübhəsizdir" deyərək hücumların ardının gələcəyi mesajını verib. İsrailin beynəlxalq mövqeyində dəyişikliyə nail olduqlarını iddia edən Netanyahu, müdafiənin İrana qarşı hücumlardan daha önəmli olduğunu, bunun isə hər şeydən əvvəl xalqın iradəsi və yüksək inamı ilə bağlı olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qida Hüququ üzrə xüsusi məruzəçisi Maykl Faxri, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların beynəlxalq hüquq normalarına zidd olduğunu və bu vəziyyətin həm bölgəni, həm də bütün dünyanı qeyri-sabitlik riski ilə üz-üzə qoyduğunu bəyan edib. Altı illik fəaliyyət müddəti başa çatmaqda olan Faxri, Anadolu Agentliyinə verdiyi müsahibədə ABŞ və İsrailin addımlarının açıq şəkildə qanunsuz olduğunu və bu gərginliyin İranda, eləcə də ümumilikdə regionda daha çox aclıq, məcburi köçkünlük və qorxu mühiti yaradacağını vurğulayıb. İsrailin işğalçılıq siyasətinin Suriya və Livana doğru genişləndiyini, Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüdsdə zorakılığın davam etdiyini xatırladan məruzəçi, bu regional müharibədən ən çox uşaqların, qadınların və yaşlıların əziyyət çəkdiyini qeyd edib.

İranın təxminən 10 saatlıq fasilədən sonra həyata keçirdiyi raket cavab tədbirlərindən sonra, başda Təl-Əviv olmaqla İsrailin bir çox bölgəsində həyəcan siqnalları işə düşüb. İsrail ordusundan verilən açıqlamada raketlərin İrandan İsrailə doğru atıldığı və hava hücumundan müdafiə sistemlərinin bu raketləri zərərsizləşdirməyə çalışdığı bildirilib. Təhlükə altında olan bölgələrdə vətəndaşların cib telefonlarına xəbərdarlıq mesajları göndərilib və növbəti elana qədər sığınacaqlarda qalmaları tapşırılıb.

Amerika Birləşmiş Ştatları, Əfqanıstan rəhbərliyini "fidyə tələb etmək və ya siyasi güzəştlər əldə etmək məqsədilə fərdləri qaçıraraq terror taktikalarından istifadə etdiyi" gerekçəsilə rəsmi olaraq "haqsız saxlamaları dəstəkləyən dövlət" siyahısına daxil edib. ABŞ Dövlət Katibi Marko Rubio məsələ ilə bağlı verdiyi bəyanatda Əfqanıstanın hələ də ABŞ və digər xarici ölkə vətəndaşlarını əsassız yerə həbs etməyə davam etdiyini bildirib. Rubio qeyd edib ki, bu cür qanunsuz fəaliyyətlər səbəbindən Amerikalıların Əfqanıstana səyahət etməsi hazırda böyük risk daşıyır.