Mavritaniyanın Kibercinayətkarlıqla Mübarizə Polisi hakimiyyətə qarşı müxalif mövqeyi ilə tanınan ordu generalı Lebat Vələd Məyufu saxlayaraq Milli Jandarmeriyaya təhvil verib. Hadisənin təfərrüatları və rəsmi səbəbləri açıqlanmayıb. Vələd Məyuf ötən il rəsmi qeydiyyatdan keçmiş, radikal müxalif mövqeyi ilə seçilən və sıralarında əsasən ölkədəki vəziyyətlə razılaşmayan gəncləri birləşdirən "İrəli Mavritaniya" partiyasının İcraiyyə Bürosunun üzvüdür.
Çin Afrikada kiminlə vuruşur?
Partiya bəyanat yayaraq ehtiyatda olan generalın kiberpolis tərəfindən dindirilməsini pisləyib və çağırışın onun bir media yayımındakı çıxışından sonra baş verdiyini bildirib. Partiya saxlanılmanı "söz azadlığına və siyasi fəaliyyətə qarşı yönəlmiş təhlükəli eskalasiya və qəbuledilməz təxribat" adlandırıb, generalın təhlükəsizliyinə görə bütün məsuliyyətin hakimiyyətin üzərində olduğunu vurğulayaraq onun dərhal azadlığa buraxılmasını tələb edib.
Hakimiyyəti devirmək çağırışı
Mənbələrin verdiyi məlumata görə, general barəsində Qərbi Nuakşot Baş Prokurorluğunun təqdim etdiyi şikayət əsasında istintaq aparılır. Şikayətə səbəb onun bu yaxınlarda media platformalarından birinə verdiyi müsahibədə Mavritaniyadakı hakim rejimi devirməyə çağırması olub.
Vələd Məyuf müsahibəsində müxalifəti milli dialoqda iştirakını dayandırmağa çağırdığını bildirərək belə qeyd edib: "Bu dialoq hazırkı vaxtda faydasızdır və sadəcə vaxt öldürmək vasitəsidir. Rejim tərəfdarları prezidentin üçüncü müddətə seçilməsi üçün mitinqlər və təşəbbüslər təşkil edərək konstitusiyanın dəyişdirilməz maddələrini sarsıtmağa çalışırlar; bu isə dialoqun etibarını tamamilə itirib".
"Mən müxalifətdən vahid səslə çıxış edərək rejimi devirməyi xahiş etdim. Müxalifətin hakimiyyəti devirmək üçün bir çox yolu var. Bizi idarə edən sistem hakimiyyətə çevriliş yolu ilə gəlib; o, 2005, 2008 və seçkilər pərdəsi altında həyata keçirilən 2009-cu il çevrilişlərində iştirak edib".-deyə o əlavə edib.
Həssas hərbi karyera və siyasi keçmiş
Mavritaniya Silahlı Qüvvələrinin yüksəkrütbəli zabiti tərəfindən verilən bu bəyanatlar ölkədə geniş rezonans doğurub. Vələd Məyuf Mavritaniya ordusunun qurucularından və 1970-ci illərin Səhra müharibəsi qəhrəmanlarından olan mərhum polkovnik Vəyyah Vələd Məyufun oğludur.
O, hərbi xidməti dövründə keçmiş prezident Məhəmməd Vələd Əbdüləzizin hakimiyyəti illərində Yolların Təhlükəsizliyi Baş İdarəsinin komandanı, Hərbi Kəşfiyyat İdarəsinin rəisi və Prezident Mühafizə Taborunun komandiri kimi ən həssas vəzifələrdə çalışıb, general rütbəsinə yüksəldikdən sonra təqaüdə çıxıb.
Təqaüddən sonra 2019-cu il prezident seçkilərində Sidi Məhəmməd Vələd Bəubəkrin namizədliyini dəstəkləyib, ardınca hakim rejimə qarşı kəskin tənqidi məqalələr dərc etdirib. 2021-ci ildə xaos və dövlət sərvətlərinin talan edilməsi iddiaları ilə Prezident Məhəmməd Vələd Şeyx əl-Qəzvanini istefaya çağırıb. Bu hadisədən sonra Baş Qərargaha çağırılan, daha sonra isə Prezident əl-Qəzvani tərəfindən qəbul edilən general mövqeyini dəyişərək bir müddət hakimiyyəti dəstəkləyib.
Yeni tənqid dalğası və orduya qarşı çıxışlar
Lakin ehtiyatda olan general ötən il yenidən sərt müxalif mövqeyinə qayıdıb. O, 28 noyabr 2025-ci ildə Müstəqillik Günü münasibətilə keçirilən hərbi paraddan sonra ordunun silahlanma, say tərkibi, büdcə, texniki xidmət və logistika çatışmazlığından əziyyət çəkdiyini və "sadəcə bir vitrindən ibarət olduğunu" iddia edib. Paradda nümayiş etdirilən texnikanın heç bir əməliyyat qabiliyyətinə malik olmayan simvolik vasitələr olduğunu və bunun Mavritaniyanın qlobal hərbi güc indekslərindəki aşağı reytinqi ilə təsdiqləndiyini bildirib.
General həmçinin ölkənin ərazi suverenliyi ilə bağlı qalmaqallı fikirlər səsləndirib. Son günlərdə isə hakimiyyətin ilin sonunda təşkil etməyə hazırlaşdığı milli dialoqu tənqid edərək bu prosesin yeganə məqsədinin "hakimiyyətin maraqlarına xidmət edən konstitusiya dəyişikliklərini qəbul etdirmək" olduğunu irəli sürüb.