BAKI,VOA,Yusif Şərifzadə
Avropa İttifaqı insan hüquqlarının pozulmasında ittiham olunan beş iranlı hakimə, həmçinin İran hökumətinə məlumatların qarşısının alınmasında kömək etdiyi bildirilən kiberqrupun aparıcı üzvünə qarşı sanksiyalar tətbiq edib.
VOA xəbər verir ki, Avropa İttifaqı Şurasının açıqlamasında “Aşiyane” kiberqrupunun iranlı təsisçisi Nima Salehinin sanksiyalar siyahısına daxil edildiyi bildirilib. Şura qeyd edib ki, bu qrup Avropa İttifaqının sanksiya siyahısında olan İran Kiberməkan Polisi və İslam İnqilabı Keşikçiləri Korpusu ilə sıx əməkdaşlıq edir.
Açıqlamada sanksiyaya məruz qalan beş hakimin adları göstərilməyib.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas sosial şəbəkədə yaydığı bəyanatda bildirib ki, Tehran ölkə daxilində təzyiqləri gücləndirdikcə, ittifaq məsul şəxslərin cavabdehliyə cəlb edilməsi istiqamətində tədbirləri davam etdirəcək.
Yeni qərardan sonra Avropa İttifaqının İranla bağlı sanksiya siyahısına daxil etdiyi şəxslərin sayı 269-a, hüquqi şəxslərin və qurumların sayı isə 53-ə çatıb.