BAKI,VOA,Yusif Şərifzadə
Küveyt Silahlı Qüvvələri ölkənin hava hücumundan müdafiə sistemlərinin İranın hücumundan sonra "düşmən pilotsuz uçuş aparatlarına" qarşı əməliyyat keçirdiyini və onların qarşısını aldığını bəyan edib.
VOA xəbər verir ki, Küveyt ordusunun yaydığı açıqlamada hava hücumundan müdafiə qüvvələrinin "İranın günahkar hücumundan sonra düşmən pilotsuz uçuş aparatlarının hücumlarını dəf etdiyi" bildirilib.
Ordunun bəyanatında qeyd olunub ki, vətəndaşların eşidə biləcəyi partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin pilotsuz uçuş aparatlarını zərərsizləşdirməsi nəticəsində yaranır.
Küveyt Silahlı Qüvvələri əhalini vəziyyəti diqqətlə izləməyə və rəsmi mənbələr tərəfindən yayılan məlumatlara etibar etməyə çağırıb.
Açıqlamada hücum nəticəsində mümkün itkilər və ya maddi ziyan barədə məlumat verilməyib.
Hadisə İranla region ölkələri arasında artan hərbi gərginlik fonunda baş verib.