BAKI,VOA,Yusif Şərifzadə
ABŞ İranın sanksiyaya məruz qalmış maliyyəçisi Babək Zəncani ilə əlaqəli olduğu bildirilən şirkətlərə və şəxslərə qarşı yeni sanksiyalar elan edib. Vaşinqton bu şəbəkəni ABŞ sanksiyalarından yayınmağa cəhd göstərməkdə ittiham edir.
VOA xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Babək Zəncani ilə əlaqəli doqquz şirkəti və dörd fiziki şəxsi sanksiyalar siyahısına daxil edib. Nazirliyin məlumatına görə, yeni məhdudiyyətlər Zəncaninin İranda fəaliyyət göstərən "Dot One" holdinqinə, həmçinin Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində yerləşən, onun artıq sanksiya tətbiq edilmiş rəqəmsal aktiv platformalarını dəstəklədiyi bildirilən şirkətlərə və onların rəhbərlərinə yönəlib.
ABŞ Maliyyə Nazirliyi iddia edir ki, Babək Zəncani maliyyə xidmətləri, rəqəmsal aktiv ticarəti, qızıl və qiymətli daş istehsalı, eləcə də iri infrastruktur layihələrini əhatə edən geniş biznes şəbəkəsindən istifadə edərək İran üçün maliyyə vəsaitlərinin gizli şəkildə köçürülməsinə və gəlirlərin leqallaşdırılmasına yardım edib.
ABŞ Maliyyə naziri Skott Bessent bəyan edib ki, İranın həyata keçirdiyi siyasət ölkə iqtisadiyyatı üçün ağır nəticələr doğurur. Onun sözlərinə görə, İran rialının məzənnəsi növbəti dəfə tarixi minimuma enib, inflyasiya isə kəskin artıb.
Bessent vurğulayıb ki, ABŞ Maliyyə Nazirliyi İran hakimiyyətinə bağlı korrupsiyada ittiham olunan şəxslərin, onların maliyyə dəstəkçilərinin və vasitəçilərinin beynəlxalq maliyyə sisteminə çıxış imkanlarını məhdudlaşdırmaq siyasətini davam etdirəcək.